Rusiya Qarabağa dair öhdəliklərini yerinə yetirmirsə... - ÖZÜMÜZ QOLLARIMIZI ÇIRMALAMALIYIQ...
14-05-2021, 16:55

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan 20-nə qədər Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlərdə qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Bundan başqa təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.
Cebhe.info-ya keçiriləcək təlimlər barədə danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan Ordusu artıq ikinci dəfədir belə təlimlər keçirir.
"Ümumiyyətlə, hərbi təlimlərin əsas məqsədi ordunun, silahlı birləşmələrin imkanlarını səfərbər etmək və onun döyüş hazırlığını artırmaq üçündür. Məhz Azərbaycan Qarabağda və digər ərazilərdə yarana biləcək problemlərin qarşısını almaq məqsədi ilə bu təlimləri keçirir. Diqqət etsək görərik ki, təlimlərin əsas istiqaməti xüsusi təyinatlı qüvvələrin digər qoşun birləşmələri arasında döyüş uzlaşmasının artırılmasına yönəlib. Bu artıq ordumuzun yeni formata keçməsinə, təkminləşdirilməsindən xəbər verir. Hesab edirəm ki, silahlı qüvvələr həyata keçirdiyi bu təlimlər gələcəkdə baş verə biləcək terror hallarının qarşısını almağa yönəldilib".
Ekspertin sözlərinə görə, Azərbaycan Qarabağda qalan qanunsuz hərbi birləşmələrə qarşı istənilən vaxt antiterror əməliyyatlarına başlaya bilər:
"Ermənistan 10 noyabr sazişinin şərtlərinin yerinə yetirmir. Hazırda Qarabağda erməni silahlı birləşmələri mövcuddur. Bunun bütün məsuliyyətini Rusiya tərəfi daşıyır. Rusiya vasitəçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bu ondan xəbər verir ki, keçirilən təlimlər Qarabağ bölgəsində hazırda mövcud olan erməni birləşmələrindən gələcək təhlükələrin qarşısını almağa hesablanıb. Bu proseslər də Azərbaycan tərəfinin yenidən hərbi əməliyyatlara başlamasına gətirib çıxara bilər. Azərbaycan antiterror əməliyyatları keçirərək, bölgədə qalan qanunsuz hərbi birləşmələri zərərsizləşdirə bilər. Başqa variant qalmır".