Nəcəf Nəcəfovun 67-ci doğum günüdür

24-06-2021, 18:23           
Nəcəf Nəcəfovun 67-ci doğum günüdür
Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Xalq hərəkatının öncüllərindən biri, Azərbaycan demokratik mətbuatının banilərindən olan Nəcəf Nəcəfovun doğum günüdür.
Teref.az-ın məlumatına görə, Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olub.
O 1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra SSRİ Dövlət Bankı Azərbaycan Kontorunun mətbəəsində çapçı işləyib.
1978-ci ilin iyununda o, öz ərizəsinə və SSRİ Dövlət Bankı İdarə Heyətinin yazılı razılığına əasən həmin işdən çıxmış və jurnalist fəaliyyətinə başlayıb.
Belə ki, o 1978-ci ilin iyunundan 1979-cu ilin fevralınadək Azərbaycan Dövlət Teleradio Komitəsində ştatdankənar müxbir işləmiş, radionun rus və türk redaksiyaları, televiziyanın rus redaksiyası üçün materiallar hazırlayıb.
Nəcəf Nəcəfov 1979-cu ilin fevralında "İnşaatçı-Stroitel" qəzetinə tərcüməçi götürülmüş, həmin qəzetdə 1981-ci ilin martından baş müxbir, 1982-ci ilin aprelindən isə redaktor müavini əvəzi işləməyə başlayıb.
"Molodej Azerbaydjana" ("Azərbaycan Gəncliyi") qəzetində - LKGI MK-nin (Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsi) orqanında işləyib. Nəcəf 1986-cı ilin aprelindən 1989-cu ilin noyabrına qədər bu qəzetin redaktoru olub.
1989-cu ilin 16 iyununda Azərabycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü seçilən Nəcəf Nəcəfov həmin ilin 5 dekabrında "AXC bülleteni" və "Azadlıq" qəzetinin redaktoru təyin edilib və bu qəzet tezliklə ümummilli mətbuat orqanına çevrilib. N.Nəcəfov həmçinin "Turan" informasiya agentliyinin də təsisçilərindəndir.
Nəcəf sonradan dissidentlik ənənələrini "Azadlıq"da - 89-cu ilin sonunda təsis etdiyi qəzetdə və daha sonra ortaya çıxan "Svoboda"da davam etdirdi. Nəcəfin dövründə "Azadlıq" ölkədə ən uğurlu qəzetə çevrildi və baxmayaraq ki, həmin vaxt o, Xalq Cəbhəsinin partiya orqanı idi, onun redaktoru ədalət uğrunda mübariz olaraq qalırdı və heç vaxt onun dar partiya maraqlarının ifadəçisinə çevrilməsinə imkan vermirdi.

Nəcəf bu keyfiyyətləri heç vaxt itirməyib və sonradan həmkarlarını İsgəndər Həmidov və onun kimilərdən qoruyarkən, 1993-cü ildə AXCP hökumətinin həyata keçirdiyi daxili və xarici siyasətlə razılaşmayaraq, ölkə prezidentinin müşaviri vəzifəsindən istefa verərkən də dəfələrlə nümayiş etdirib.

O, həmişə bu Prinsipləri və Ənənələri hər şeydən üstün tutub. Onun üçün bu prinsip və ənənələr konkret şəxslərdən, siyasi qüvvələrdən və digər konyunkturadan üstün olub. Və Nəcəf heç vaxt prinsipial məsələlərdə güzəştə getməyib.

Nəcəfin onlarla jurnalist yetişdirərək qoyub getdiyi böyük jurnalist məktəbi də onun şübhəsiz xidmətidir. Həmin jurnalistlər bu gün məşhur KİV-lərə rəhbərlik edir və ya məşjur jurnalistdirlər (Azərbaycanın hüdudlarından kənarda da).

Azərbaycanda müasir Azərbaycan jurnalistikasına bu qədər faydalı təsir göstərmiş və onda belə dərin iz buraxmış başqa bir ad çəkmək çətindir.
Nəcəf Nəcəfov müstəqil Azərbaycan dövlətinin qurulması və dövlətçiliyimizin möhkəmləndirilməsində də sanballı xidmətlər göstərib.
1998-ci ildə Nəcəf bəy ağır xəstəliyə tutuldu. O, Almaniyada 2 dəfə müalicə olunsa da amansız xəstəlikdən qurtula bilmədi və 1999-cu ilin 17 dekabrında haqq dünyasına qovuşdu.
İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərancamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi munasibətilə Azərbaycan jurnalistikasının inkişafindaki xidmətlərinə görə Nəcəfov Nəcəf Adil oglu (ölümündən sonra) "Şöhrət" ordeni ilə təltif olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.