Neft qıtlığı yaranarsa, bazar yenə qarışacaq? - “Qısa müddətdə əncam çəkilməlidir...”

14-07-2021, 18:16           
Neft qıtlığı yaranarsa, bazar yenə qarışacaq? -
Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun ayına dair neft bazarı hesabatına görə, qlobal iqtisadiyyatdakı güclü inkişaf, yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı peyvəndləmənin sürətlənməsi və məhdudiyyətlərin yüngülləşdirilməsi neft tələbinin daha da artmasına səbəb olacaq.

Qlobal iqtisadiyyatda müsbət görünüşün bu ilin geri qalanında və 2022-də davam edəcəyi gözlənilərkən, xüsusilə Avropa bölgəsindəki pandemiya ilə əlaqədar məhdudiyyətlərin yüngülləşdirilməsinin təsirilə qlobal neft tələbində ilin ikinci yarısında ilk yarısı ilə müqayisədə günlük 4,6 milyon barel artım nəzərdə tutulur.

Ancaq bəzi ölkələrdə COVID-19-a yoluxanların artması qlobal neft tələbində aşağı istiqamətli risk yaratmağa davam edəcək. Bu əhatədə qlobal neft tələbinin gələn il bu illə müqayisədə təxminən 3 milyon barel (3,1%) artımla gündəlik 99 milyon 500 min barel səviyyəsinə çatacağı nəzərdə tutulur.

Qeyd edək ki, OPEC+ formatının bu yaxınlarda keçirilmiş yüksək səviyyəli görüşləri zamanı Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ortaya çıxan, hasilatın artmasına dair razılaşmanı əngəlləyən ziddiyyətlər isə hələ də həll olunmamış qalır.

Neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, bu, OPEC və müttəfiq dövlətlərin avqustdan başlayaraq hasilat siyasətlərini müəyyən etmək üçün razılığa gələ bilməyəcəyi demək deyil:

“Çünki təklif var idi ki, aprel ayına kimi gündəlik hasilat kvotasında 400 min barel artımDa razılığa gəlinsin. Bu məsələdə bir fikir ayrılığı yaşandı. Çünki verilən təklifə Birləşmiş Ərəb Əmirliyi istisna olmaqla OPEC və müttəfiq dövlətlər razılıq vermişdi. Arqument də ondan ibarət idi ki, avqustdan başlayaraq qlobal neft tələbatında artım müşahidə olunacaq və bu, həqiqətən də belədir. Belə olacağı təqdirdə, bazarda yaranan hər hansı qıtlığın qarşısını almaq üçün mütləq hasilat artımlarına getmək lazımdır. Ötən ilin may ayından başlayaraq OPEC və müttəfiq dövlətlər 3 mərhələli hasilat və kəsintiləri ilə bağlı bir anlaşmaya imza atmışdılar.

Birinci mərhələdə 9,7 milyon barel, ikinci mərhələdə 7,2 milyon barel, üçüncü mərhələdə 5,8 milyon barel kəsinti idi. Üçüncü mərhələdəki 5,8 milyon barel 2022-ci ilin aprel ayı da daxil olmaqla qüvvədə idi. Sadəcə olaraq indi OPEC və müttəfiq dövlətlərin son toplantısında hasilat kəsintilərilə bağlı qərarın aprel ayına kimi deyil, 2022-ci ilin sonuna kimi uzatmağı qərar aldılar. Burada da tutarlı arqumentlər var idi. Çünki bütün proqnozlar göstərir ki, bu il də neftə olan tələbat 2019-cu il səviyyəsinə çatmayacaq. İndi müəyyən proqnozlar da var ki, 3-cü rübdən 4-cü rübə keçid ərəfəsində neftə olan tələbat 2019-cu il səviyyəsinə çata bilər. Yəni gündəlik tələbat 99 milyon bareli keçə bilər. Ancaq bu da hələ proqnozdur. Qarşıdakı aylarda nə olacaq bilinmir. Bütün hallarda bu il neftə olan tələbatda keçən illə müqayisədə artım olacaq”.

Ekspert hesab edir ki, bazarda hələ indiyə kimi ciddi qıtlıq müşahidə olunmayıb:

“Yəni dünyanın istənilən nöqtəsinə istənilən bir müddətdə neft həcmlərini çatdırmaq mümkündür. Əgər qarşıdakı aylarda bazarda kəskin qıtlıq yaranarsa, OPEC və müttəfiq dövlətlər bunu aradan qaldıracaq. Çünki bazarın tənzimlənməsi ilə bağlı indiki format ən uyğunudur. Sadəcə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyi arasındakı fikir ayrılığı avqust ayından başlayaraq hasilat siyasətini hansı yöndə aparacaqları ilə bağlı ümumi razılıq əldə edilmir. Düşünmürəm ki, bazarda çox ciddi defisit yaranar. Çünki neft istehlak edən dövlətlərin aktivində kifayət qədər neft həcmləri mövcuddur.

Məsələn, iyun və iyul aylarında Çinin neft idxalında elə bir artım müşahidə olunmayacaq. Çünki Çindəki müstəqil neft emalı zavodları öz idxal həcmlərində azalmalara yol verəcək. İyul-avqust-sentyabr aylarında Çindəki müstəqil neft emalı zavodları onlara verilən kvotadan 30 faiz az neft həcmləri idxal edəcək. Çində müstəqil neft emalı zavodlarına 2021-ci ildə illik kvota 131 milyon tondur ki, bunu ilin sonuna kimi idxal etməlidir. Bazarda çox ciddi qıtlıq müşahidə olunarsa, düşünmürəm ki, bu, təsirsiz ötüşər. OPEC və müttəfiq dövlətlər çox qısa müddətdə buna əncam çəkməlidirlər və problemi də aradan qaldıra bilərlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.