Hansısa məmur dövlət büdcəsindən çırpışdırırsa, deməli, şəhidlərin evinə qəsd edir... - Zamin HACI

21-07-2021, 08:52           
Hansısa məmur dövlət büdcəsindən çırpışdırırsa, deməli, şəhidlərin evinə qəsd edir... - Zamin HACI
Rayonlardan birində şəhid ailəsinin evindən oğurluq edənləri polis tutub. Şəhidlərin heç ili çıxmamış onların evinə pis niyyətlə girən bu yaramazlar hansı ağaclarımızın meyvəsidir, bunları nə ilə suvarmış, əkmişik? Belə ləyaqətsizlik bəlkə cinayət məcəlləsinin çərçivəsinə də sığışmayan hərəkətdir.

İnsan üçün canından qiymətli heç nə ola bilməz və o şəhidlər canlarını bizim yolumuzda, bizim azadlığımız, bizim ləyaqətli yaşamağımız uğrunda qurban vermişlər, biz isə gecənin qaranlığında onların ailəsinə, mal-mülkünə qəsd edirik. Bircə adam ona sevinir ki, yiyəsizlik deyil, belələri dərhal cəzalanır. Az öncə şəhid ailəsinən pul alan yaramaz “zurnalistlər”i də tutmuşdular.

Ancaq bu pis əməllər suyun üzünə çıxan qabarcıqlardır, altda daha dərin və çirkli axınlar var. Əgər şəhidlər vətən üçün ölübsə, deməli onlar vətəni evləri, xalqı ailələri sanıblar, bu, dar çərçivəyə sığan anlayış deyil. Bu gün hansısa məmur xalqdan, dövlət büdcəsindən çırpışdırırsa, deməli o, şəhidlərin ailəsinə, evinə qəsd edir. Bizə 2-ci Qarabağ savaşının verdiyi dərslərdən ən önəmlisi həm də bu olmalıdır. Cinayətkarın milliyyəti olmur və dünən ermənilərin işğal elədiyi məkanlarımızı bu gün hansısa pis məmurun işğal etməsinə dözməməliyik. Əks halda o gənclərin ölümü mənasını, dəyərini itirər. Şəhidlərin adını yaşatmaq, xatirəsini əziz tutmaq pafoslu, gəlişigözəl söz yığınlarından ibarət olmalı deyil, real işlər, əməllərdən divar kimi, abidə şəklində hörülməlidir.

Bayaq şəhid ailəsini “sizi yutubda göstərəcəm” adıyla soyan lotulardan yazdım, ancaq bu cür kampaniya quranlar tək onlardımı? Kimsə şəhid ailəsinə haqqı olan evi tikir, sonra reklam edir. Halbuki, dövlətin, məmurun işi elə bu olmalıdır, başqa nə işləri var? Sosial gündəmi tək-tək adamlar həll edə bilməz, ona görə xalq atışır, pul toplayır, adam tutur, maaş verib bu işləri gördürür. Demokratik dövlətin sosial siyasətinin qısa modeli budur. Bizdə isə məmurlar özgə kisəsindən pay verib xeyriyyəçi, mesenat sayılırlar. Nəticədə Hacı Zeynalabdin qəbirdə kəlləmayallaq aşır.

İnternetdə icazəsiz ekrana soxulan reklamlar qismindən bir sırtıq kampaniya gördüm: tum firması şəhidlərin adından yararlanır, hətta bunun üçün YAŞAT Fondunu özünün reklamına şərik edir. Mən YAŞAT-ın saytını incələdim ki, görüm bu reklamın arxasında gerçəkdə nə durur. Sən demə firma haçansa YAŞAT-ın büdcəsinə 20 min manat keçiribdir. Demirəm azdır, demirəm çoxdur, söhbət bundan getmir, ancaq bütün hallarda 20 min manat şəhidlərin adı altında tum satmaq üçün çox ucuz qiymətdir. O pulu bir qonaqlığa xərcləyən lotu məmurlarımız var. Məncə şəhidlərin ailəsindən 200 manat pul alıb “sizi internetdə göstərəcəm” deyən “zurnalistlərlə” 20 min manata şəhid fondunun müqəddəs adıyla kölgələnib alver yapmaq istəyən firmalar eyni köşədəndir.

Yəqin YAŞAT fondu da gələcək fəaliyyətində bu kimi ucuz reklamlara getməməlidir, çünki millət belə şeylərə mənfi yanaşır. Yadınıza gəlirsə, hətta bir ara topçu döyüşçünün siluetiylə araq buraxmaq istəyənləri necə nifrətlə qarşılamışdılar, firma məcbur olub geri durmuşdu.

Belə hərəkətlərin sivil, qanuni həll yolları olmalıdır. Məsələn, sosial fondlara sponsorluq edənlərə vergi güzəştləri şəklində. O zaman heç kəs başqasına minnət də qoymaz, xeyriyyəçilik relsə düşər, üstəlik, əvəzsiz və ucuz, bayağı fəaliyyətə dönməz.

Zamin HACI //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.