Ermənilər Amerikada yenidən hərəkətə keçiblər - nə etməli?
13-11-2021, 08:57

Amerika Erməniləri Milli Komitəsi hərəkətə keçib. ABŞ-ın pulla lobbiçilik edən senatorlarını Türkiyə və Azərbaycana qarşı “səlib yürüşü”nə qaldırıb.
Üç tələb irəli sürüblər: 1. ABŞ-ın Azərbaycana göstərdiyi dövlət yardımı dayandırılsın. Yəni bədnam “907-ci düzəliş” yenidən qüvvəyə minsin. 2. Türkiyənin qatil dronlarında istifadə olunan ABŞ-a məxsus texniki hissələrin satışı ilə bağlı istintaq başlasın. 3. ABŞ Dövlət Departamentinə Ermənistan və “Artsax”a qarşı Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilmiş müharibə cinayətlərinin araşdırılması üçün mandat verilsin.
Məlumatı İsveçrədə yaşayan müstəqil jurnalist Elbəyi Həsənli özünün Facebook hesabında paylaşıb. Bəs bu lobbi hücumunun perspektivi varmı? Bayden Ermənistana görə Türkiyə ilə münasibətləri korlayacaqmı? Senatorlar kimlərdir və hansı partiyanın - hakim, yoxsa müxalifətdəki - üzvləridir? Onların təsir imkanları bu cür kritik qərarların qəbuluna təsir edirmi?
Lobbiçilik adıyla rüşvət, bəxşiş ABŞ-da dəbdir. Pul amili olmasa, belə məsələlər yada düşmür. Azərbaycan üçün bu cür diplomatik-siyasi hücumlar arta bilərmi və bunun ölkəmiz üçün fəsadları nə ola bilər?
E.Həsənli fikirlərini “Yeni Müsavat”da bu cür davam etdirdi: “ABŞ-da erməni lobbisi xüsusi nüfuzu ilə seçilən etnik lobbi mərkəzlərindən biridir. Amerikadakı erməni lobbisi erməni diasporunun, Ermənistanın və Qarabağ separatçılarının maraqlarını qorumaqla məşğuldur. Heç də təsadüfi deyil ki, ABŞ-ın ən nüfuzlu siyasətçilərindən olan Zbiqnev Bjezinski erməni lobbisini ABŞ-da ən effektiv etnik lobbilərdən biri kimi dəyərləndirib. ABŞ-da erməni təşkilatları çoxdur. Onlardan ən güclüsü isə şübhəsiz ki, Amerika Erməniləri Milli Komitəsidir. Amerikada erməni lobbisi niyə güclüdür? Hər şeyin səbəbi var. Vaxt var idi, Amerika gəmilərini dəniz quldurlarından qorunmaq üçün Aralıq dənizində Osmanlı bayrağı altında üzürdü. Ancaq zamanla ABŞ gücləndi, Osmanlı imperiyası isə süquta uğradı. XIX əsrin 50-ci illərindən etibarən Amerikanın dini təşkilatları Osmanlıya ayaq açdı. Missionerlərin ən çox diqqət etdiyi etnik qrup ermənilər idi.
Elbəyi Həsənli: “Azərbaycan “kürü siyasətini” rəsmiləşdirməlidir, çünki...”
Amerikalılar Qriqorian erməniləri protestan inancına keçirmək üçün xeyli təbliğat apardılar. O vaxt digər Qərb ölkələrindən gələn missionerlər də bu kimi işlərlə məşğul olurdular və yerli xristianları Osmanlı dövlətinə qarşı radikal addımlara təhrik edirdilər. ABŞ-ın 28-ci prezidenti Tomas Vilsonun (1913-1921) düşüncəsinə görə, Qərb ”Böyük Ermənistanı" və erməniləri türklərdən xilas etməliydi. Düşünə bilirsizmi, Qərbin cızdığı Sevr müqaviləsinə əsasən Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Lakin Atatürk və müzəffər türk ordusu bir-birinin ardınca həmin əraziləri güclü hamisi olan ermənilərin tapdağından azad etdi. Vilsonun qərarı ilə yaradılmalı olan süni “Müstəqil Ermənistan” iki həftəyə süquta uğradı.
Yəni ABŞ-ın ermənipərəst olması təzə söhbət deyil. Çünki ABŞ-a, bütövlükdə Qərbə güclü Türkiyə lazım deyil. Türk dünyasında birliyə doğru atılan addımları da Qərbə təhlükə hesab edən nüfuzlu çevrələr var. Sirr deyil ki, Los-Ancelesdə yarım milyondan çox erməni yaşayır. Bu ştatı “Balaca Ermənistan” da adlandırırlar. Hazırda vəziyyət belədir ki, ABŞ və Fransa Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlardan kənarda qalıb. Rusiya və Türkiyə, elə İran da Qərbin Cənubi Qafqazda mövcud olmasına müqavimət göstərir. Azərbaycan da bu sırada yer alır. Ermənistan isə var gücü ilə ATƏT-ın Minsk Qrupunun yenidən canlanmasına çalışır. Niyə? Çünki Ermənistan əmindir ki, ABŞ və Fransa olan yerdə o, güclü himayəyə arxayın ola bilər. Elə bu səbəbdən də 30 il davam edən danışıqlar heç bir nəticə vermədi.
O da təbiidir ki, Ermənistana xeyir olan şey də Azərbaycanın ziyanınadır. Amerikadakı erməni lobbisi nə qədər güclüdür? 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş edildi. Bu düzəlişə əsasən Azərbaycana Amerikanın birbaşa dövlət yardımı qanunla qadağan edildi. Düşünə bilərsizmi, ermənilər Azərbaycan torpaqlarını işğal edir, demokratiyadan dəm vuran ABŞ isə separatizmi ruhlandırmaq üçün Azərbaycana qarşı belə bir xəyanətkar addım atır. Yeri gəlmişkən, 907-ci düzəlişin əsas müəlliflərindən biri “sleepy” (“yuxulu”) ləqəbli Co Baydendir. O, iqtidara gələn kimi, qondarma erməni soyqırımını tanıdı. Yəni Amerika erməni lobbisinin ABŞ prezidentinin şəxsində ciddi himayəsi var. Ermənilərə lobbiçilik edən senator və konqresmenləri də bu siyahıya əlavə etsək görərik ki, vəziyyət o qədər də yaxşı deyil. Erməni lobbisinin ən parlaq nümayəndəsi senator Robert Menendezdir. Onun ikinci həyat yoldaşı amerikalı erməni Nadine Arslanyandır. Onlar 2020-ci ildə rəsmən evləniblər. Robert Menendez ABŞ-ın ən çox korrupsiyaya bulaşmış siyasətçilərindən biridir. Bu barədə ABŞ mətbuatında xeyli materiallar var. Məsələn, ona ən çox maliyyə dəstəyi verən Salomon Melgendir. Dominikan respublikasından olan bu fırıldaqçı biznesmen Robert Menendezin hesabına rəsmi şəkildə 750 min dollar keçirib. Bu məsələ ilə bağlı 6 il ərzində istintaq gedib. Ən sonda ABŞ Senatının Etika komitəsi uzun bir bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Komitə müəyyən edib ki, altı il ərzində siz Komitənin razılığını almadan Dr. Melgendən bahalı dəyərə malik hədiyyələri bilərəkdən və dəfələrlə qəbul etmisiniz və Senatın Qaydaları və federal qanunun tələb etdiyi kimi bəzi hədiyyələrlə bağlı ictimaiyyətə açıqlama verməmisiz. Bundan əlavə, siz bu hədiyyələri qəbul edərkən Senatın üzvü kimi vəzifənizdən Dr. Melgenin şəxsi və biznes maraqlarını inkişaf etdirmək üçün istifadə etmisiniz. Komitə bu hərəkətin Senat Qaydalarını, federal qanunları və tətbiq olunan davranış standartlarını pozduğunu müəyyən edib”.
Ancaq cənab Robert Menendez hələ də öz yerindədir. Erməni diasporu ilə də bu kimi natəmiz əlaqələrə malikdir. Erməni lobbisinin Türkiyə və Azərbaycana qarşı təşkil etdiyi bu kimi hücumların perspektivi haqqında konkret nəsə demək çətindir. Çünki hazırda ABŞ-ın təsir dairəsi getdikcə zəifləyir. Və bu proses Çinin güclənməsi fonunda baş verir. Hazırda ABŞ ilə Türkiyə arasındakı münasibətləri dostluq münasibəti hesab etmək sadəlövhlük olardı. Ümumiyyətlə, Qərb ilə Türkiyə arasında vəziyyət arzuolunan səviyyədə deyil. Bir tərəfdən Qərb başa düşür ki, Türkiyə onun yanında olduqda o, daha güclü olur, digər tərəfdən də Türkiyənin güclənməsini istəmir və Türkiyənin inkişafının qarşını almaq üçün bütün pisliklərə əl atır. Məsələn, 2016-cı ilin 15 iyulunda ABŞ Avropa Birliyi ilə əl-ələ verib Türkiyədə dövlət çevrilişi həyata keçirməyə cəhd göstərdi. Bizim bəzi başabəla demokratlar and-aman edir ki, Azərbaycanın yeritdiyi “kürü siyasəti” pis bir şeydir və bizim ölkəmizi bütün dünyada biabır edir. Son dərəcə əsassız fikirdir. “Kürü siyasəti” ilə lobbi siyasətinin fərqi nədir? Yeganə fərq ondadır ki, lobbi siyasətinə ABŞ dövlət səviyyəsində icazə verib. Yəni korrupsiya və rüşvətxorluğa qanuni don geyindirib. Ancaq mahiyyətdə bunlar eyni şeydir: söhbət pul müqabilində bu və ya digər siyasətçinin rəyini satın almaq, onu öz maraqlarının təbliğatçısına çevirməkdən gedir. Mən əminəm ki, Azərbaycanda da “kürü siyasətini” rəsmiləşdirmək lazımdır. Çünki bu və ya digər ölkələrdə, xüsusən Qərb ölkələrində siyasətçiləri satın almaq üçün bu, son dərəcə vacibdir.
Hər kəs başa düşməlidir ki, böyük siyasət və böyük pul kütləsi həmişə bir yerdə olub. Böyük kapital siyasətə, siyasət isə kapitala təsir edib. Bu oyun qaydasını Azərbaycan müəyyən etməyib. Özü də lobbi fəaliyyəti təkcə etnik maraqlarla bağlı deyil. Məsələn, ABŞ siyasi arenasında Yaponiya, Cənubi Koreya, Almaniya kimi inkişaf etmiş ölkələrin güclü lobbiləri var. Onlar adıçəkilən ölkələrin Amerikadakı iqtisadi maraqlarını müdafiə edirlər. Elə təsəvvür yaranmasın ki, bütün ölkələr Amerikada lobbi yaratmaqla məşğuldur. Elə ABŞ-da başqa ölkələrdə öz maraqlarını həyata keçirmək üçün bu üsuldan istifadə edir. Məsələn, Azərbaycanda ABŞ-a bağlı nə qədər təşkilat var. Onlar Amerikadan alınan qrantlar əsasında Azərbaycanda ABŞ-ın maraqlarını ifadə edirlər. Hətta müxalifət partiyaları arasında Amerikanın təsiri aydın şəkildə görünür. Təbii ki, bu təsirin arxasında kapital dayanır. Amerika siyasətçilərini ələ almaq üçün Azərbaycan milyonlarla dollar xərcləyir, Amerika isə Azərbaycanda cüzi pul kütləsinin hesabına özünə lobbi yaradıb".
Əhəd Məmmədli: “Biz də onları dövlətimizin mənafeyi naminə pulla satın almağı bacarmalıyıq”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycanın da bu istiqamətə hərəkətə keçməsini vacib sayır: “Nə Bayden, nə də Amerikanın hər hansı digər prezidenti Ermənistana görə Türkiyə ilə münasibətləri korlayan deyillər. Amma Ermənistan adlı ölkə dünyanın siyasi xəritəsində durduqca xristian dünyası erməni məsələsini Türkiyə və ümumiyyətlə, biz türklərə qarşı təzyiq rıçaqı kimi istifadə edəcəklər. Bu təzyiq rıçaqı dönəm-dönəm artacaq ya azalacaq, amma həmişə qalacaq. Son dönəmlər Azərbaycanın Qarabağ ərazisində Azərbaycana qarşı rus-erməni provakasiyaları artıb. Buna sübut olaraq Rusiyanın, keçmiş Dağlıq Qarabağ ərazisində heykəl şousu, Ermənistandan yüksək çinli nümayəndələr, terrorçular qəbul etməsi Azərbaycana qarşı açıq təcavüz aktıdır. Artıq hər şeyi öz adı ilə adlandırmaq lazımdır - 20% erməni işğalından qurtulub, 5% rus işğalı ilə üz-üzəyik. Rəsmi Bakı, Ankara və İslamabadı yanına alıb, Moskvaya qısa-konkret söyləməlidir: bir daha Ermənistandan, Azərbaycanın icazəsi olmadan keçmiş Dağlıq Qarabağa bir pişik belə keçsə, dərhal 10 noyabr razılaşmasından çıxılacaq və antiterror əməliyyatı başlanılacaq. Rusiya ya söylənilməlidir, Qarabağdakı 20-30 min erməniyə görə Azərbaycan-Türkiyə-Pakistan üçlüyünü qarşısına almaq istəyirsə seçimini etsin. Paralel olaraq rus XİN sözçüsü Zaxarovanın ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək təşəbbüsləri, okeanın o tayı Vaşinqtondan erməni milli konqresinin fəaliyyətə keçməsi Azərbaycan və Türkiyənin Qarabağ uğrunda yeni səlib yürüşü ilə üz-üzə qalmasının göstəricisidir. Biz türklərə düşmənlərimiz yenidən çətin anlar yaşatmaq istəyirlər.
Rəsmi Bakı qətiyyən geri çəkilməməlidir və əksinə həm siyasi, həm də hərbi müstəvidə hücuma keçib ilin sonuna qədər Xankəndi və ətrafı və Laçın dəhlizində suverenitetini bərpa etməlidir. Amerikalı və avropalı konqresmen, senator, deputatların pulla alınmasında isə təəccüblü heç nə yoxdur. Qərb demokratlarının öz qiyməti var və bundan Azərbaycanda istifadə edib qərb siyasətçiləri, diplomatlarını öz tərəfinə çəkməyə bacarmalıdır. Amerikalı senator və ya konqresmen üçün fərq etməz pulun mənbəyi əsas miqdardır və biz də onları dövlətimizin mənafeyi naminə pulla satın almağı bacarmalıyıq".
Məhəmməd Əsədullazadə: “Vaşinqton çalışır ki...”
Politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “ABŞ-ın xarici siyasətinin formalaşdırılmasında lobbi qrupların rolu daima olub. Xüsusilə Azərbaycana qarşı erməni lobbisi, təəssüf ki, Vaşinqtonun xarici siyasətinə təsir edib. Erməni lobbisinin maliyyə dəstəyi ilə Konqresdə demokratlardan ibarət bir qrup senator daima ölkəmiz və Türkiyəyə qarşı bədnam qərarların formalaşmasına xidmət edib. Bu birbaşa ABŞ xarici siyasətinə mənfi təsir edir. Azərbaycan və Türkiyənin regionda geosiyasi rolunun artması, ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsi Vaşinqtonun regional maraqlarına uyğundur. Amma, ABŞ bunu erməni lobbisinin maraqlarına qurban verir. ABŞ burada sülh prosesinə mane olur. Əgər Konqres erməni lobbisinin istəyinə görə qərar qəbul edəcəksə təbii ki, bunun mənfi fəsadı ABŞ üçün olacaq. Münaqişə bitib, Azərbaycan xarici yardımlardan asılı deyil. Pentaqon və Dövlət Departamenti və Ağ Ev Konqresin ermənipərəst siyasətinin qarşısını ala bilər. Belə bir siyasət ABŞ-da var. Ona görə də ABŞ-dan verilən bu qərarlar Azərbaycan üçün prinsipial xarakterli olmayacaq. Ümumiyyətlə, ABŞ çalışır ki, Minsk qrupu vasitəsilə regionda aktivləşsin. Erməni lobbisi də burada maraqlıdır. Amma bunu erməni lobbisinin əli ilə edəcəksə, bu müsbət effektli olmayacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”