Ermənistanda azərbaycanlı yoxdur: “İrəvan heç də asan olmayacaq”
11-12-2021, 07:08

“Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair müəyyən müddətdən sonra yekun qərar verəcək”.
Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında belə deyib. Tanınmış vəkil bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin dekabrın 8-də qəbul etdiyi qərarı yekun qərardan fərləndirmək lazımdır.
BMT məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı bu dövlətin təcili tədbirlər görməsinə dair qərar qəbul edib. Hakimlər bildirib ki, Ermənistan BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla, azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası"nı təmin etməyib. Həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.
Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb. Ancaq Ermənistanın görməli olduğu zəruri tədbirlərin və beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyin nədən ibarət olduğu dəqiq göstərilmir.
Əsabəli Mustafayevin sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı müvəqqəti tədbirləri nəzərdə tutur. Yəni bu, yekun qərar deyil:
“Həm Azərbaycan, həm də Ermənistan BMT Məhkəməsinə şikayətlə müraciət edib. Həmin məhkəmədə qayda belədir ki, hər iki ölkə qarşı tərəfin şikayətinə baxılmasına razılıq verməlidir. Yəni Azərbaycan şikayət edirsə, Ermənistan, Ermənistan şikayət edirsə, Azərbaycan bu iddiaya baxılmasına razı olmalıdır. Bu baxımdan müvəqqəti qərarlar qəbul edilib. Yekun qərarın nə vaxt qəbul olunacağı məlum deyil. Bu, yarım il də çəkə bilər, bir il də. Ancaq indi müəyyən tədbirlərin görülməsi üçün məhkəmə həm Azərbaycana, həm də Ermənistana müraciət edib. Qərarın məzmunu budur ki, hər iki ölkə etnik ayrıseçkiliklə bağlı siyasət yürütməsinlər. Yəni etnik ayrı-seçkiliyə gətirib çıxara biləcək tədbirlər görməsinlər. Belə hallar dövlət məmurları, ictimaiyyət tərəfindən olmamalıdır. Hökumət bunun qarşısını almalıdır. Ermənistanın məhkəmədə təmin olunmayan bir neçə tələbi var. Bunlardan biri müharibədən sonra saxlanılmış silahlıların dərhal azad olunmasıdır. Məhkəmə bu iddianı təmin etməyib və yalnız Azərbaycan tərəfinə çağırış edib ki, həmin erməni hərbçilərə konvensiya daxilində münasibət göstərsin, humanitar qayğı bəsləsin. Məhkəmə hesab edib ki, hal-hazırda vəziyyət çox gərgindir. Hər iki tərəfdən etnik ayrı-seçkiliyə səbəb olan çağırışlar edilir. Ona görə də məhkəmə hər iki tərəfə bu hərəkətləri dayandırmaq üçün müraciət edib”.
Əsabəli Mustafayev bildirdi ki, Beynəlxalq Konvensiya bütün etnik qruplara, millətlərə eyni yanaşma nümayiş etdirilməsini milli mənsubiyyətinə görə zorakılığa, ayrı-seçkiliyə məruz qalmamasını nəzərdə tutur. Lakin bu qərarın icrası Ermənistan üçün asan olmayacaq. Çünki Ermənistan ərazisində etnik ayrıseçkilik zəminində azərbaycanlı qalmayıb və onlar ölkə ərazisindən qovulub. Məhkəmə isə yekun qərar çıxarılana qədər araşdırma aparacaq. Azərbaycan və Ermənistan hökumətləri ilə Beynəlxalq Ədalət Məhkəməsi arasında yazışmalar davam edəcək. Sonradan təqdim olunmuş sübutlar və dəlillər əsasında məhkəmə qərar çıxaracaq. Nəticədə, hansı tərəfin etnik ayrı-seçkilik siyasəti yürütdüyünə dair qərar qəbul edəcək.
“Azərbaycan tərəfi Ermənistandakı digər etnik qruplardan fərqli olaraq, azərbaycanlıların hamısının qovulduğuna dair faktları məhkəməyə təqdim edə bilər. Məhkəmə də bunu cavab vermək üçün Ermənistana yönəldəcək. Ermənistan da cavab verməlidir ki, ölkədə nə qədər azərbaycanlı var, digər millətlərin sayı nə qədərdir. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə, Qarabağa göndərilməsi hansı məqsəd daşıyırdı? Bunlar çətin suallardır və Ermənistan buna cavab verməli olacaq. Ancaq bunlar uzun proses olduğuna görə görünür, məhkəmə yekun qərar çıxartmaqda çətinlik çəkir. Hələ araşdırma davam edəcək”.
Müşfiq Abdulla
Cebhe.info