İrəvanın mina terroru siyasəti - Ermənistanda xəritə qaldımı?
11-12-2021, 08:55

Ekspertlərdən “Ermənilərin verdiyi xəritələrə inanmaq olmaz” çağırışı; “diversantların təhvil verilməsini sülh sazişi tələbiylə əvəz etməliyik...”
Qarabağda basdırılan minalar can almağa davam edir. Bu dəfə Şuşada (Daşaltı kəndi yaxınlığında) 2 mülki şəxs minaya düşərək həlak olub. Ermənilər piyada əleyhinə minanın altına tank əleyhinə mina (sürpriz-mina) qoyub basdırıbmışlar ki, insanın sağ qalma şansı olmasın.
Mütəxəssislərə görə, sürpriz-minaları döşəmək üçün xüsusi hazırlıq lazımdır və çox təhlükəlidir. Hər hərbçi bunu bacarmaz. Əks halda, onu qoyanın özünü mina partlada bilər. Belə ehtimallar da var ki, işğalçılar mina sahələrini əsasən 1994-97-ci illərdə və hətta 2000-ci ilədək peşəkar rus hərbçilərinin köməyi ilə yaradıblar və gerçək xəritələr Moskvada da var. Elə isə niyə də Moskva ilə danışıq aparmayaq? Başqa yandan, işğal dövründə bir separatçı da minaya düşməyib və 27 sentyabr 2020-ci ilədək oralarda sərbəst şəkildə hərəkət ediblər. Demək, dəqiq xəritələr mövcud olub.
Bu arada ANAMA rəhbəri Vüqar Süleymanov Ermənistanın verdiyi mina xəritələrinin yararsız olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina səhələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış eləsə də, təqdim edilən formulyarların işğaldan azad edilən bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlıq mövcuddur. “ANAMA və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq. Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir. Təqdim olunan formulyarlar hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcək”, - o vurğulayıb.
Hərbi ekspert Emin Həsənli bildirdi ki, Ermənistan öz cinayətkar mahiyyətini ortaya qoymaqda davam edir: “Azərbaycana təqdim olunan mina xəritələrinin yarıdan çoxunun düzgün olmadığı təsdiqlənirsə, bu, Ermənistanın beynəlxalq konvensiyaları pozması və insanlıq əleyhinə cinayətini davam etdirməsidir. Daşaltıda 2 nəfərin ölümü ilə nəticələnmiş mina partalayışı hadisəsi ”erməni mina terroru"nun nəticəsidir. Mina bilərəkdən elə quraşdırılıb ki - altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina - hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Bu, insanlıq əleyhinə cinayətdir.
Bu tip “sürpriz-minalar”dan adətən diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
Ümumilikdə, bu günədək Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələri qeyri-dəqiqdir. Bu o deməkdir ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə cəhd göstərir. Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir, bu günlərdə təqdim edilmiş digər ərazilərdəki mina sahələrinin formulyarları da etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratı yaradır. Bu artıq rəsmi şəkildə açıqlanıb.
Ermənilərin əsas məqsədlərindən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.
Ermənistanın milli ideologiyası Türkiyəyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulub. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə - məsələn, meşələrdə - tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir".
Hərbi ekspert qeyd etdi ki, bundan öncəki xəritələrin cəmi 25 faizi düzgündürsə, heç kim təminat verə bilməz ki, son təqdim edilən xəritələrlə də bağlı da eyni vəziyyət ortaya çıxmayacaq: “Ona görə də Azərbaycan mina təmizləmə işində Ermənistanın təqdim etdiyi xəritələrə güvənməməlidir. Ermənistan bundan sonra da mina xəritələri təqdim edə bilər. Onların əlində hər halda saxta xəritələr də var. Ermənistandan təqdim olunan xəritələrə arxayınlaşmaq olmaz. Bir neçə gün öncə təqdim olunan xəritələrin də böyük hissəsi saxta çıxacaqsa Azərbaycan tərəfi xəritələr əvəzində əsirlərin verilməsi təcrübəsinə yenidən baxmalıdır”.
Ekspert hesab edir ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq biz torpaqlarımızı minalardan təmizləyəcəyik və onu təhlükəsiz edəcəyik: “Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, xüsusilə də BMT-dən daha fəal dəstək gözləyir. BMT və digər təşkilatlara Ermənistanın qeyri-dəqiq xəritələr təqdim etdiyi və insanların Ermənistanın minaterroru nətəcisəsində həlak olduğu barədə faktlara əsaslanan məlumatlar verilməlidir. Eyni zamanda, BMT-dən mina təmizləmə işində dəstək istəməlidir”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, diversantların təhvil verilməsini sülh sazişi tələbiylə əvəz etməliyik: “Azərbaycan vətəndaşları minaların partlaması nəticəsində həlak olurlar. Dövlət başçısı İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin böyük hissəsi saxtadır. İşin içində olan prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov də bildirib ki, təqdim edilən xəritələrin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir. Belədirsə, Ermənistanın bizə verdiyi xəritələrin nə əhəmiyyəti var? Tam əksinə, Ermənistan bizə saxta xəritələr təqdim etməklə beynəlxalq təşkilatların bu məsələdə təzyiqindən qurtulmağa və özünü ”sülhpərvər" göstərməyə çalışır. Ermənistanın əlini niyə gücləndirməliyik ki? Minaları özümüz təmizləyirik, xarici şirkətlər işə cəlb olunub. İş ləng gedir, bu da ərazinin miqyası ilə bağlıdır.
Fikrimcə, “diversantların azad olunması əvəzinə mina xəritələri” prinsipindən əl çəkməliyik. Onlar hərbçilərini geri alırlar, biz isə hər dəfə deyinirik ki, “bizə verdikləri növbəti xəritə də saxtadır”. Diversantların təhvil verilməsini sülh sazişi tələbiylə əvəz etməliyik. Başqa sözlə, İrəvana mesajımız bu olmalıdır: “Diversantlarının tamamını istəyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişinə imza at”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”