BU NƏDİ BELƏ: Ukraynadakı separatçılara sanksiya, erməni separatçılarına maliyyə - ABŞ-ın daha bir “ikili standartı”

22-01-2022, 11:14           
BU NƏDİ BELƏ: Ukraynadakı separatçılara sanksiya, erməni separatçılarına maliyyə -
ABŞ Ukraynada dörd separatçıya qarşı sanksiya tətbiq etmək niyyətindədir. Bu barədə “Wall Street Journal” nəşri yazıb. Separatçıların adları bank hesablarının dondurulması siyahısına əlavə ediləcək.

Dünyanın istənilən yerində separatizmə, separatçılara qarşı sanksiyaların tətbiqi zəruridir və bu istiqamətdə atılan addımlar təqdir edilməlidir. Ancaq ABŞ əfsus ki, bu məsələdə də ayrı-seçkiliyə, “ikili standartlar”a yol verir.

Məsələn, Qarabağdakı erməni separatçılara qarşı ABŞ niyə sanksiya tətbiq etmirdi və ya indi də etmir? Tam əksinə, onlara hər il maliyyə yardımı ayırır, hətta gəlib Konqresdə “bayraq” adlandırdıqları əski parçasının yanında Azərbaycan dövləti əleyhinə təxribatçı görüşlər keçirməsi və bəyanatlar vermələrinə şərait yaradır.

Teref.az-ın məlumatına görə, deputat-politoloq Elman Nəsirov bu barədə “Yeni Müsavat”a şərhində öncə bildirdi ki, ABŞ-ın Ukraynadakı separatçılara sanksiyalar tətbiq etməsi anlaşılandır, beynəlxalq hüquqa tamamilə uyğundur: “Separatizm dəstəklənməməlidir, şirnikləndirilməməlidir, əksinə, separatimzə qarşı mübarizə aparılmalıdır, ona qarşı hüquqi təzyiq mexanizmləri işə salınmalıdır, separatçılara sanksiyalar tətbiq edilməlidir, onların yaratdıqları qondarma qurumlara qarşı embarqo həyata keçirilməlidir. Beynəlxalq hüquq belə tələb edir. Ancaq bu yerdə başqa bir reallıq ortaya çıxır ki, beynəlxalq hüquq istənilən yerdə, istənilən zaman deformasiyaya uğramamalı, elastik olmamalı, onun bir üzü olmalıdır və dünyanın istənilən nöqtəsində separatizmə qarşı eyni mövqedə olmalıdır. Burada ayrı-seçkilikdən, ikili standartdan söhbət gedə bilməz.

Amma biz bu gün təəssüf hissi ilə qeyd edirik ki, ABŞ-ın siyasətində “ikili standartlar”, selektiv yanaşma tüğyan edir. Biz bunu erməni separatçılarına münasibətdə uzun illərdir görürük. Sual yaranır ki, ABŞ Ukraynadakı separatçılara qarşı göstərdiyi davranışı niyə Azərbaycan ərazisi olan Qarabağdakı separatçılara qarşı nümayiş etdirmir? Belə çıxır ki, ABŞ-ın nəzərində Ukraynadakı separatçılar pis separatçılardır, Qarabağdakı erməni separataçılar yaxşı separatçılardır. Bu yanaşma “Əl-Qaida”, İŞİD pis terror təşkilatıdır, amma ASALA, “Daşnaksütyun” yaxşıdır" yanaşmasına bənzəyir. Təəssüf ki, belə ayrı-seçkilik mövcuddur. Bu, beynəlxalq hüququn çox ağır vəziyyətdə olduğunun göstəricisidir. Beynəlxalq hüquq demək olar ki, işləmir, ondan kimlərinsə işinə yarayanda istifadə olunur, işlərinə yaramayanda kənara qoyulur. Odur ki, bu gün beynəlxalq hüquq böhran keçirir".

Deputat onu da vurğuladı ki, beynəlxalq hüququn keşiyində dayanmalı olan dövlətlər, xüsusilə Birləşmiş Ştatlar bu məsələdə çox pis nümunə ortaya qoyur: “Ukraynadakı separatçılarla, Azərbaycan ərazisi olan Qarabağdakı separatçılara münasibətdə olan fərq bunun əyani sübutudur. Qarabağdakı separatçılara 30 il ərazində ABŞ qucaq açıb, oradakı separatçı rejimə ABŞ Konqresi hər il maliyyə yardımı ayırırdı. Beləliklə, separatçı rejim ruhlanırdı, daha da azğınlaşırdı. Deməli, ABŞ separatizmə şərait yaradırdı. Hətta Qarabağdakı qondarma separatçı rejimin ABŞ-ın ayrı-ayrı şəhərində nümayəndəlikləri qurulmuşdu. Separatçı rejimin nümayəndələri ABŞ-a səfərlər edirdilər. ABŞ-ın bu cür ”ikili standartları" ilə, ayrı-seçkilik aparması ilə nə dünyada separatizmə qalib gəlmək mümkün olacaq, nə də terrorizmə qalib gəlmək. Ölkələr özləri daxillərindəki separatizmlə haqq-hesabı özləri çəkməli olacaqlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.