Putinin nüvə təhdidindən Bakıda 7 manatlıq qorunma - REPORTAJ
3-03-2022, 17:23

Dünyada gedən proseslərin ölkəmizə təsiri qaçılmazdır.
Eləcə də müharibələrin. Hazırda Rusiya və Ukrayna arasında gedən müharibənin 8-ci günüdür. Müharibə özüylə insan itkiləri, mənəvi ağrılarla bərabər iqtisadi çətinliklər, sağlamlıq problemləri də gətirir. Silahların havaya buraxdığı zərərli maddələrdən qorunmaq üçün müəyyən dərman preparatları istehsal olunub. Bu dərmanlar bütün ağrıları, müharibənin fəsadlarını tamamilə aradan qaldırmasa da, müəyyən kömək göstərir. Yod həbləri də insanı radioaktiv yoddan qorumağa kömək edir.
Radioaktiv yod nədir?
Putinin nüvə təhdidindən Bakıda 7 manatlıq qorunma
Nüvə qəzası, sızma və ya partlayış zamanı radioaktiv yodun havaya buraxılması ilə hava çirklənir, bu hava qida və içki vasitəsilə udulduğunda, radioaktiv yod qalxanabənzər vəzidə yerləşir. Ona qarşı istifadə edilən yod həbləri insanı radioaktiv maddədən qoruya bilər. Yod tabletləri radioaktiv yodun qalxanabənzər vəzə keçməsinə maneə törədir. Beləliklə həm də tiroid xərçəngi riskini azaldır. Yod tabletləri insanı yalnız radioaktiv yoddan qoruyur, digər radioaktiv maddələrdən qoruyuculuğu yoxdur. Nəzərə alsaq ki, nüvə sızması zamanı insanlar qapalı məkanlardan çıxmırlar, o zaman evdə yod tabletləri saxlamaq məsləhət görülür. Bu həbləri kimlər qəbul etməlidir? Yod həbləri yalnız səlahiyyətlilərin tövsiyəsi ilə qəbul edilməlidir. Onu 18 yaşdan kiçiklər, hamilə və laktasiya dövründə olanların qəbul etməsi xüsusilə vacibdir. Xüsusi hallarda 18 yaşdan böyüklər də bu həbləri qəbul etməlidirlər. Ancaq bu yaş həddi əsasən 40-a qədərdir. Çünki 40 yaşdan yuxarı insanların tiroid xərçənginə tutulma riski çox azdır. Qalxanabənzər vəzi çıxarılanların isə həb qəbul etməsinə ehtiyac yoxdur. Nüvə qəzaları üçün yod tabletləri yod əlavəli bioloji aktivlərlə qarışdırılmamalıdır.
Putinin nüvə təhdidindən Bakıda 7 manatlıq qorunma
Tarixdə müharibələr zamanı bu cür təhlükələrdən qorunmaq üçün yod həblərinin istifadəsinə rast gəlinib. Tərkibi kalium yodiddən ibarət olan yod həblərinin radiasiyadan qorunması ilk dəfə 1954-cü ildə Sakit Okeanda nüvə silahı sınaqlarından sonra aşkar edilib. Yaranmış təhlükəli vəziyyətdən adalılar təxliyə olunsalar da, 20 il ərzində adanın böyüklərindən və uşaqlarından çoxunda tiroid xəstəliyi və ya xərçəngin müxtəlif formaları inkişaf edib. Problemi araşdıran həkimlər, radioaktiv yodun adalardakı qida və suya girdiyini anlayıblar.
Radioaktiv yod qalxanvari vəzi tərəfindən udulub və sakinlər tərəfindən yeyinti ilə qəbul edilib. Zaman-zaman Almaniya, İsrail kimi ölkələrdə bu həblər paylanılıb. Məsələn, Almaniyada Belçika ilə sərhəddə nüvə sızıntısı təhlükəsi narahatlığına səbəb olmuşdu. Almaniya hökuməti Achen bölgəsi sakinlərinə nüvə qazına qarşı yod həbi paylamışdı. 2004-cü ildə İsraildə əsgərlərə Dimonadakı müəssisədə radioaktiv sızıntı ehtimalına qarşı yod həbləri verməyə başlamışdılar. 2019-cu ildə Litva 1 milyon dollarlıq yod həbləri almışdı. Rusiya və Ukrayna arasında gedən müharibə və Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirmək cəhdləri də insanların narahatlığına səbəb olub.
Putin danışdı, qorxu artdı
Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı verdiyi tapşırıq da dünyanı təşvişə salıb. Ötən həftə Ukraynada münaqişənin Çernobıl Atom Elektrik Stansiyasının ətrafına çatmasından sonra yod həblərinə tələbat yenidən artıb. Xatırladaq ki, artıq Belçikada apteklərdə 32 483 yod tableti əhaliyə pulsuz paylanıb. Bu barədə Belçika KİV yazır. Çox adam apteklərə getdikdən sonra Federal Nüvə Nəzarəti Agentliyi açıqlama yayıb. Bildirilib ki, Ukraynada vəziyyət yod həblərinin qəbulunu tələb edəcək səviyyədə deyil. Qurumun açıqlamasında xəbərdarlıq edilib ki, yod həblərini apteklərdən pulsuz əldə etmək olar, lakin hazırki mərhələdə buna ehtiyac yoxdur. Yod həbləri yalnız səlahiyyətli qurumların tövsiyəsi ilə qəbul edilməlidir.
Təhlükədən 7 manatlıq qorunma
Putinin nüvə təhdidindən Bakıda 7 manatlıq qorunma
Bəs ölkəmizdə vəziyyət necədir? Apteklərdə bu həblər varmı və neçəyə təklif olunur? İnsanlar əsasən hansı halda bu həbləri alırlar?
Cebhe.info-nun əməkdaşı paytaxtda yerləşən bir neçə aptekdə olub, yaranan suallara cavab axtarıb. Olduğumuz ilk aptekdə əczaçı yod tabletləri kimi bilinən “Yodomarin” adlı tabletlərin iki dozada satıldığını bildirdi. Apteklərimizdə bu dərmanın 100 mg-ı 3,68 AZN, 200 mg-ı isə 6.76 AZN-ə təklif olunur. Almaniya istehsalı olan bu dərmandan əsasən yod çatışmazlığını aradan qaldırmaq üçün itifadə edirlər. Qalxanabənzər vəzi (zob), digər hormonal xəstəliklərdə və metobolik pozulmalar zamanı istifadə olunan vasitəsidir. Tərkibi ,əsasən, kalium yodiddən ibarətdir.
Müharibə yod satışını artırıb
Yaxınlaşdığımız digər apteklərdə də sözügedən dərman eyni qiymətə satılırdı. Əczaçılar son günlərdə dərmana marağın artmadığını, həmişəki qaydada satıldığını bildirdilər. Tərkibində yod olan xüsusi dərmanların isə həkim reseptilə satılır. Yod çatışmazlığı zamanı hamilə qadınların istifadəsi üçün müxtəlif tərkibdə, fərqli qiymətə dərman preparatları var. Bu dərmanlar yod çatışmazlığı zamanı istifadə olunur. Girdiyimiz apteklərdə son günlər, yəni Rusiya-Ukrayna müharibəsi başlayandan sonra əhalinin daha çox yod məhlulu aldığını öyrəndik. Əvvəllər bir ədəd yod məhlulu alan vətəndaşların eyni anda bir neçə şüşə yod aldığını deyən həmsöhbətimiz alınan yodların Ukraynaya yardım məqsədilə göndərildiyi vurğulayıb.
Yod tabletini tanımayan əczaçı da var
Bəzi aptek işçiləri yod həblərinin radioaktiv yoddan qorunması haqqında məlumatlarının olmadıqlarını deyiblər. Olduğumuz 7 aptekdən ikisində isə ümumiyyətlə bu dərmanlar yox idi.
Putinin nüvə təhdidindən Bakıda 7 manatlıq qorunma
Cebhe.info