Rusiyanın Ukraynaya hücumu: "Ən təhlükəli anlar hələ qarşıdadır" - təhlil

4-03-2022, 00:02           
Rusiyanın Ukraynaya hücumu:
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bir həftədir ki, davam edir. Rus qoşunları ilk dəfədir ki, Ukraynada bir şəhərə - Xersona nəzarəti təmin edib. Təhlilçilər bu şəhəri müharibənin gedişatı baxımından önəmli hesab edirlər. BBC-nin Lvov şəhərində olan əməkdaşı Fergal Keane təhlilində döyüşlərin gedişindən və Rusiyanın müharibədəki məqsədindən yazır:

Münaqişənin ən təhlükəli anları hələ qarşıdadır. Rusiya qoşunu daha zəif templə irəliləyir və bu yolda onlar Prezident Putinin gözlədiyindən daha böyük müqavimətlə qarşılaşıblar. Hədəflərə çatmaqla bağlı rus ordusunun bir sıra problemləri var. Bura logistik, döyüş hazırlığı ilə yanaşı, mənəvi məsələlər də daxildir. Lakin ruslar davam edəcəklər. Onlar irəlilədikcə, bombalanan ərazilərdə mülki əhali arasında itkilərin sayı da artacaq.

Qərb ölkələri tam birlik göstərə bilmədikləri üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və boykot çağırışlarının təsirli olması müəyyən vaxt aparacaq. Onlar bu müharibəni dayandırmayacaqlar. Bu tədbirlər Vladimir Putinin mübarizə subyektinə çevriləcək. Əgər məğlub olsa, Kreml rəhbəri özü də bilir ki, bu onun hakimiyyətinin sonu deməkdir. Burada söhbət onun yalnız hakimiyyətdən uzaqlaşdırılmasından getmir, o, həm də beynəlxalq cinayət tribunalına çıxarılacaq.

Putinin məqsədi Kiyevdə hökuməti dəyişmək və Moskvaya sadiq olan kukla hakimiyyət yaratmaqdır. Ukraynada onun planına qarşı bitməyən mübarizə isə Putini ciddi narahat edir. Ukraynanı yaxşı bilən və bu ölkənin son 8 ildə necə dəyişdiyini anlayan hər kəs bilir ki, Putin təzyiq dili ilə danışması nəticəsiz başa çatacaq. Hətta əgər o, qısa müddətli hərbi uğurlar əldə etsə belə, əsas məqsədinə nail ola bilməyəcək.

Mövcud vəziyyətdə o, insanların həyatı bahasına başa gəlsə də, hər vəhclə öz müharibə qərarını müdafə etməyə çalışır.

Ukraynalılar informasiya müharibəsində bacardıqlarından daha çoxunu etməyə qadir olduqlarını göstərdilər. Onlar həm də hərbi qarşıdurmalarda çevik uyğunlaşma və innovativ keyfiyyətlərə malik olduqlarını sübut etdilər. Onlar xarici işğalçıya qarşı öz torpaqlarını itirməkdən qorxan şəxslər kimi döyüşürlər. Hazırda onlar daha güclü ordu ilə üz-üzədirlər. Ukraynalıların ən böyük arzusu rusları elə bir müharibəyə cəlb etməkdir ki, Rusiyanın hərbi gücü tamamilə tükənsin.

Şəhərlər bombalandıqca və Rusiya mülki əhaliyə zərər vurduqca, müharibə cinayətlərinin detalları da daha aydın görünür. Bəs müttəfiq ölkələrin tətbiq etdiyi sanksiyalar Rusiyanın artilleriya atəşlərini susdura bilmədiyi halda, onlar Ukraynaya necə kömək edəcəklər? Hərbi müdaxilənin ortaya atılması, Avropada müharibənin daha da genişlənməsi qorxusu yaradır. Belə olan halda qərb ölkələri Rusiya bombarmanı altında olan şəhərlərin necə mühasirədən çıxarılması barədə düşünəcək.

Bu suala dəqiq cavab vermək mümkün deyil. Biz həqiqətən də bilinməyən coğrafiyada yaşayırıq.
BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru