Məktəbdə repetitorluq fəaliyyətinə icazə varmı? - EKSPERTDƏN AÇIQLAMA

5-03-2022, 00:07           
Məktəbdə repetitorluq fəaliyyətinə icazə varmı? -
Son dövrlərdə müəllimlərin aşağı sinif şagirdlərini repetitorluğa cəlb etməsi cəmiyyətdə haqlı narazılığa və etiraza səbəb olur. Hətta bəzi hallarda müəllimlər repetitor hazırlığına gəlməyən şagirdlərə qarşı psixoloji təzyiq və bullinq tətbiq edir. Məsələ burasındadır ki, müəllimlər bu hazırlığı elə məktəbdə keçir və təhsil ocağının resurslarından istifadə edir.

Bəs görəsən bu nə dərəcədə düzgündür? Qanun buna icazə verirmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Ümeyir Əhmədov cavablandırıb. O bildirib ki, məktəbdə özbaşınalıq etmək olmaz: “Bütün şagirdlər məktəbdə dərs planı əsasında dərs keçməlidir. Müəllimlər də dərsi müasir tələblər səviyyəsində şagirdlərə izah etməlidir. Bəzən məktəblərdə fakültətiv və ya dərsdən kənar məşğələlər olur. Bu icbari xarakter daşımır. Məktəb dövlətin tədris müəssisəsidir. Orada hər hansı özbaşınalığa yol vermək olmaz. Məktəbin öz qayda-qanunları var. Əgər müəllim geri qalan şagirdlərlə əlavə məşğələ və ya saatı artırılmış qruplar təşkil edirsə burada problem yoxdur. Lakin təəssüf ki, dərs vaxtından səmərəli istifadə etməyən müəllimlər də var. Onlar şagirdləri dərsdən sonra ödənişli olaraq repetitor hazırlığına cəlb edir. Buna görə də valideyn müəllimə əlavə pul ödəməli olur. Sual olunur, niyə? Bu qanunsuz bir haldır”.

Ekspertin fikrincə, əgər qanunsuzluq varsa ona müvafiq qaydada etiraz etmək lazımdır: “Şagirdlər məktəbə gedir ki, bilik və bacarıq əldə etsin. Əgər şagird məktəbdə dərs öyrənə bilmirsə və buna görə əlavə pul ödəyirsə bu yolverilməz haldır. Əslində repetitor hazırlığı həm də bir növ dəb və ya yeni yayılan xəstəlikdir. Təəssüflər olsun ki, belə hallara rast gəlinir. Bütün məktəblərdə olmasa da bəzi təhsil müəssisələrində belə problemlər aktualdır. Valideynlər və ayrı-ayrı ictimai şəxslər zaman-zaman sözügedən məsələ ilə bağlı narazılıqlarını dilə gətirib. Lakin belə hallarla mübarizə aparmaq lazımdır. Məktəb rəhbərliyi bu işdə aktiv olmalıdır. Məktəbdə valideyn şurası və digər valideyn-müəllim birgə təşkilatları var. İctimai təşkilatların köməyi ilə bu kimi xoşagəlməz halları aradan qaldırmaq olar. Təhsil şöbələrində xüsusi xidmətlər və daxili nəzarət var. Valideynlər onlara müraciət edə bilər. Əgər qanunsuzluq varsa ona müvafiq olaraq etiraz və lazımi yerlərə müraciət etmək lazımdır. Lakin təəssüf ki, valideynlər belə problemləri sadəcə öz aralarında danışır. Nəticədə isə məsələ öz həllini tapmır. Ona görə valideynlər bu məsələdə aktiv olmalıdır”.

Şəbnəm Mehdizad,












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.