Ukraynada alt-üst olan miflər: strateqin dühası “error” verdi

5-03-2022, 08:24           
Ukraynada alt-üst olan miflər: strateqin dühası “error” verdi
Müharibə hələ davam etsə də, artıq bir həqiqət öz isbatını tamamlayıb

Rusiyanın Ukraynaya təcavüzünün bir həftəsi artıq geridə qaldı. Bu qısa müddət ərzində hər iki tərəfdən minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb. Rusiya tərəfi “məqsədinə nail olana qədər” döyüşəcəyini bəyan edib. Məqsəd isə Ukraynada xalq tərəfindən seçilmiş hakimiyyəti devirmək, imkan dairəsində marionet hökumət qurmaqdır.

Ukraynalılar da vətənlərini sona qədər müdafiə edəcəklərini deyirlər. Odur ki, qarşıdurmanın nə qədər davam edəcəyini dəqiq söyləmək çətindir. Amma ortada olan bəzi həqiqətləri etiraf etməyin, hansı miflərin artıq alt-üst olduğunu söyləməyin əsl vaxtıdır.

“Putin dühası” bu dəfə “error” verdi

Heç kimə sirr deyil ki, bütün bu qanlı cinayətin əsas baiskarı Rusiya Prezidenti Vladimir Putindir. Məhz onun 22 illik rəhbərliyi dövründə şimal qonşumuz quduz vəhşi kimi ətrafındakı dövlətlərə ard-arda təcavüz etdi. Ən sarsıdıcı zərbə isə məhz Ukraynaya vuruldu. Krımın, ardından isə Donetsk və Luqanskın ilhaqı ilə kifayətlənməyən Kreml, indi də bütün ölkəni ələ keçirməyə cəhd göstərir.

Qeyd etmək lazımdır ki, son illər ərzində Putinin şəxsiyyəti ətrafında bir mif formalaşdırılmışdı: o nə qədər qəddar və təhlükəli olsa da, nə qədər ona qarşı çıxanları müxtəlif üsullarla aradan götürsə də, eyni zamanda çox müdrik strateq və uzaqgörən siyasətçidir. Əgər bir işi başladısa, deməli mütləq yüz ölçüb, bir biçib və uğurun özü belə, onun vurğunudur. Məhz bu mifdən yola çıxanlar qətiyyətlə əmin etmək istəyirdilər ki, Putinin ordusuna Ukraynanın tam işğalına və ram edilməsinə maksimum 2 sutka kifayət edəcək.

Amma “Moskva strateqi”nin blitskriq planının iflasa uğradığı artıq indidən heç kimə sirr deyil. Ukrayna xalqı işğalçıya elə bir müqavimət göstərir ki, hətta Putin də məəttəl qalıb. Bunu onun davranışından, səsləndirdiyi bəyanatlardan hiss etmək mümkündür. Həqiqətən də, hansı ağlı başında olan normal insan (hələ siyasətçi və dövlət başçısı demirik) dünyanı nüvə silahı ilə təhdid edə bilər? Özü də bu təhdid okeanın o tayına yönəlsəydi, dərd yarı idi. Putinin yaxın qonşularının ərazisinə nüvə zərbəsi endirməsi eyni ilə iqamətgahında bomba partlatması anlamına gəlir.

Bir sözlə, Vladimirin əhvalı son günlər çox pozulub. Səbəbkar isə Ukrayna ordusu və Ukrayna xalqıdır.

Dünya birliyi də Putinin hesablamalarına uyğun davranmadı. Təsəvvür etmək çətindir, amma hətta Çin Kremlə birmənalı dəstək vermədi. Dünya isə demək olar ki, vəhdət şəklində Rusiyaya qarşı ən ağır sanksiyaları tətbiq etməkdədir. Əlbəttə ki, bu sanksiyalar dərhal nəticə verməyəcək. Amma zaman ötdükcə həm Putin, həm də əsasən Rusiya xalqı bu məhdudiyyətlərdən çox təsirlənəcək. Bir sözlə, “Putin dühası” bu dəfə “error” verdi: ya Kremlin ağasının istifadə müddəti bitmək üzrədir, ya da öz “dühasına” həddindən ziyada güvənib.

“Yenilməz rus əsgəri”nin maskası cırıldı

Digər alt-üst olan mif isə Rusiya ordusunun və hərçbçilərinin super-gücü, mətinliyi və məğlubedilməzliyi ilə əlaqədardır. İllər ərzində dünyada rus əsgərinin xofu təlqin olunurdu. Amma Ukraynadakı hadisələr tam əksini nümayiş etdirdi. Sosial şəbəkələrdə izləyə bildiyimiz videogörüntülərə əsasən, tam əminliklə söyləmək olar ki, rus əsgəri və zabiti haqqında dünyanı dolaşan həqiqətdən çox şayiə və əfsanələr imiş.

Ukraynalıların ciddi müqavimətinə rast gələn işğalçılar dəyəri milyonlarla olan ağır texnikanı belə, ataraq qaçmağa üstünlük verirlər. Qaça bilməyənlər isə yad torpaqda adsız kül topasına çevrilmək istəməyərək təslim olmağı seçirlər. Maraqlıdır ki, bu əsirlərdə illərdir rus kinofilmlərində izlədiyimiz nə mətanət, nə qürur, nə də yenilməzlik görürük. Əksinə, yalvaran kim, ağlayan kim, diz çöküb səhvini etiraf edən kim...

Sözsüz, bəlkə də, nə zamansa rus əsgəri mətin və güclü olub, ölümdən qorxmayıb. Amma belə olmaq üçün gərək öz torpağından güc alasan, işğalçıya qarşı döyüşəsən. Göründüyü kimi, işğalçı qismində rus əsgəri də digər işğalçılardan heç nə ilə fərqlənmir - eyni qorxu, eyni səksəkə. Artıq Ukrayna kampaniyasının necə bitəcəyindən asılı olmayaraq, dünyada “yenilməz rus əsgəri” obrazını xortdan kimi təqdim edə bilməyəcəklər. Dünya gördüyünü gördü...

İmzamız var imzalar içində

Rus silahının ideallığı və gücü haqqında düz-qoş edilən mif də postamentdən salındı. ABŞ-ın tank əleyhinə “Javelin” raket kompleksləri işğalçıların zirehli texnikasını, daşınan “Stinger” zenit-raket kompleksləri isə təyyarə və helikopterlərini bir yığın lazımsız metal tullantısına uğurla çevirməkdədir. Ciddi itkilərlə irəliləyən rusların hərbi texnikasını hətta mülki vətəndaşlar “Molotov kokteyli” ilə sıradan çıxarmağa müvəffəq olurlar.

Burada kiçik bir haşiyəyə ehtiyac duyulur

Səmimi olaraq etiraf etməliyik ki, rus silahı haqqında mifin darmadağınına əslində 44-günlük müharibə zamanı start verilmişdi. Türkiyənin “Bayraktar” və İsrailin “Harop” PUA-ları Ermənistan ordusunun istifadə etdiyi rus tanklarını, zirehli transportyorlarını, hava hücumundan müdafiə qurğularını böyük faydalı iş əmsalı ilə yararsız hala gətirirdi.

Artıq onda aydın idi ki, bir zamanlar rus silahları dünyanın ən aparıcı və müasir silahları olsa da, artıq zəmanə dəyişib. Və məhz daha müasir silahlara malik ordumuz qeyd etdiyimiz mifin ilğıma çevrilməsinə əhəmiyyətli töhfəsini verdi.

Bu gün isə bu mifin tamamilə aradan qalxması üçün Ukrayna ordusu və xalqı əlindən gələni edir. Sözsüz ki, sanksiyalar Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə endirəcək. Amma Kreml üçün bir problemi də mütləq qeyd etmək lazımdır: Ukrayna müharibəsindən sonra rusların beynəlxalq aləmdəki silah satışlarının həcmi əhəmiyyətli dərəcədə azalacaq.

Rus türklə bacarmadı

Sonda isə bir daha İkinci Qarabağ müharibəsi günlərinə qayıtmaq istərdik. Xatırlayırsınızsa, həm müharibənin gedişatında, həm də 10 noyabr sazişindən sonra ermənilər rusları onlara Türkiyə “Bayraktar”ı ilə mübarizə üçün müasir və təsirli silah verməməkdə ittiham edirdilər. Bu silahın konkret adı da hallanırdı – radioelektron mübarizə sinfinə aid “Krasuxa” kompleksləri. İddia olunurdu ki, məhz “Krasuxa” “Bayraktar”ın qənimi olacaq.

Lakin 44 günlük müharibədə Azərbaycan Müdafiə Nazirliyinin təqdimatında izləməyə adət etdiyimiz videogörüntülərin çox oxşarları bu gün Ukraynada çəkilir. “Bayraktar” öz işini görməkdədir, yenə də haqqın müdafiəsindədir. Qarşısını nə “Krasuxa” ala bilir, nə də Rusiyanın sərəncamında olan digər vasitələr. Bir sözlə, qardaş Türkiyənin hərbi sənayesi ruslar ətrafında yaradılan bu mifi də beləcə uğurla tarixin zibilliyinə gömməkdədir...

Müəllif: Polad Xudayarlı
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.