“Rusiya haqda daha ağır qətnamələrin qəbulu gözlənilir” - Ekspert danışır

5-03-2022, 08:58           
“Rusiya haqda daha ağır qətnamələrin qəbulu gözlənilir” - Ekspert danışır
BMT Baş Assambleyasında Ukraynaya hərbi təcavüzlə bağlı Rusiya əleyhinə qəbul edilən qətnamə şimal qonşumuzun faktiki təklənmiş vəziyyətə düşdüyünü ortaya çıxarıb. Belə demək mümkünsə, Kreml ətrafında halqa daralır və bu çənbərdən Putin istebleşmentinin necə çıxacağı haqda proqnozlar vermək belə getdikcə çətinləşir.

Çünki BMT-dəki səsvermədə sənədin əleyhinə yalnız Rusiya özü, onun nökərinə və vassalına çevrilmiş Belarus, Əsəd rejimini qoruduğuna görə Suriya, həmçinin təxminən eyni zehniyyətə malik Şimali Koreya və Afrikada geridə qalmış bir dövlət olan Eritreya səs verib.

Yəni nüfuzlu və beynəlxalq hüquqa hörmət qoyan heç bir ölkə qətnamənin əleyhinə olmayıb. Hətta Rusiya ilə müttəfiq Ermənistan belə bitərəf qalıb, Azərbaycan isə sadəcə, səsvermədə iştirak etməyib. Bu məsələdə rəsmi Bakını anlamaq da olar, bizim Rusiya ilə münasibətlər kifayət qədər həssas, nazik pərdə kimidir. Nəzərə alsaq ki, hətta rus işğalına məruz qalmış Gürcüstan belə indi ehtiyatlı siyasət aparır, sanksiyalara qoşulmur, Sorosçu Paşinyan hakimiyyəti Rusiyanın Avropa Şurasından çıxarılması əleyhinə səs verib, kəsəsi, Cənubi Qafqaz ölkələri zopanın onlara dəyməməsi üçün korrekt addımlar atır, bununla belə Ukraynaya dəstəyi də ifadə edirlər.

BMT-dəki səsvermənin nəticələrinə gəlincə, bu, faktiki izolyasiyadır və Rusiya təcrid olunur. Bundan əlavə, ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qətnamədə Ukraynaya hər cür yardım ediləcəyi ilə yanaşı, Rusiyanın bu ölkədə quracağı qeyri-legitim hakimiyyətin heç vaxt tanınmayacağı da xüsusi vurğulanır. Rusiya bu təzyiqlərdən, sel kimi gələn qərarlardan dərs götürəcəkmi?

Onu da demək lazımdır ki, qətnamə əleyhinə 5, lehinə 141 səslə qəbul olunub. 35 ölkə isə səsvermədə bitərəf qalıb. Ukrayna Prezidenti Volodimir Zelenski səsvermənin nəticələri barədə açıqlama yayıb: “Mən Rusiyadan Ukraynaya xain hücumu dərhal dayandırmağı tələb edən qətnamənin BMT Baş Assambleyasının misli görünməmiş səs çoxluğu ilə təsdiqini alqışlayıram. Mən lehinə səs verən hər kəsə və hər bir dövlətə minnətdaram. Siz tarixin düzgün tərəfini seçmisiniz. Ukraynada təcavüzkar üçün səsvermənin dağıdıcı nəticələri inandırıcı şəkildə göstərir ki, qlobal anti-Putin koalisiyası formalaşıb və fəaliyyət göstərir. Dünya bizimlədir. Həqiqət bizim tərəfimizdədir. Qələbə bizim olacaq!” Teref.az-ın məlumatına görə, professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, həm sanksiyalar, həm qəbul olunan qətnamələr mütləq şəkildə Rusiyaya təsir edəcək. Politoloqun fikrincə, Rusiya rəhbərliyi indi bəzi addımları qulaqardı edə bilər, amma BMT sənədi bu ölkənin mühakiməsi üçün mühüm hüquqi sənəddir: “Üstəlik tarix üçün ittihamedici bir qətnamədir. Ancaq zənnimcə, BMT daha ağır qərarlar qəbul edə bilər. Misal üçün, Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması məsələsini qaldırıb. Amma BMT hələ ki bunun müzakirəsinə baş vurmur”.

Q.Hüseynli hesab edir ki, bununla belə indi qəbul edilmiş qətnamə Rusiyanı kifayət qədər ifşa edən, beynəlxalq hüququ saymayaraq Ukraynada təcavüz siyasətini ortaya qoyan bir sənəddir: “Məncə, bu, BMT-nin son sənədi deyil və Rusiya haqda daha ağır qətnamələr qəbul olunacağını gözləyirəm. Bütün bunlar müharibədən sonrakı dövrdə Rusiyanı ittiham divarına söykəmək üçün əsas sənədlər rolunu oynayacaq”.

Politoloq Murad Sadəddinov da o qənaətdədir ki, belə qərarlar Rusiyaya ciddi surətdə təsir edəcək: “BMT-də qəbul olunan sənəd təkcə bu qurumun addımları ilə məhdudlaşmır. Düzdür, deyə bilərik ki, əvvəllər də belə qətnamələr qəbul edilib, amma icra olunmayıb. Lakin indi bu qətnamələr ayrı-ayrı təsisatları, Avropa Birliyini, maliyyə təşkilatlarını fəallaşdırır, kompleks şəkildə Rusiyaya qarşı tədbirlər həyata keçirilir. Ona görə hamı bir nöqtəyə vurduğu üçün qərarlar Rusiyaya birmənalı təsir edəcək. Bu da sözsüz ki, Rusiyanın siyasi və hərbi qərarlarına baxmasına gətirib çıxara bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.