Rusiya səfiri Qarabağdakı separatçı qurumun tanınmasının ssenarisini açıqladı...

5-03-2022, 10:33           
Rusiya səfiri Qarabağdakı separatçı qurumun tanınmasının ssenarisini açıqladı...
Sergey Kopırkin: "Əvvəllər Rusiya Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıyırdı..."

Rusiyanın Ermənistandakı səfiri Rusiya Federasiyasının Qarabağdakı qondarma separatçı-terrorçu qurumun "müstəqilliyi"ni niyə tanımaması sualına cavab verib.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Ermənistanın "Birinci kanalı"na müsahibəsində Moskvanın nə üçün "LXR" və "DXR", "Abxaziya" və "Cənubi Osetiya"nın müstəqilliyini tanıdığı, lakin "Artsax"ın "müstəqilliyi"ni tanımadığı sualına cavab verib.

“Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bunun yeganə səbəb olduğunu düşünmürəm. Biz bilirik ki, Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə, uzun illərdir ki, üzərində iş aparılıb və davam etdirilməkdə olan mövzudur. Bu məsələdə bizim mövqeyimiz çox yaxşı məlumdur”, - deyə Kopirkin bildirib.

Onun sözlərinə görə, bu məsələ bütün tərəflərin maraqları nəzərə alınmaqla həll edilməlidir.

“Biz hər şeyi etmişik və edirik ki, bu həll yolu məhz belə şəraitdə tapılsın. Cənubi Osetiya və Abxaziyaya gəlincə, əvvəllər Rusiya Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıyırdı. Tbilisinin Cənubi Osetiyaya təcavüzü baş verəndən, Rusiya sülhməramlılarına hücum edildikdən sonra müvafiq addımlar atılıb”, - deyə Kopirkin vurğulayıb.

"4 ildən sonra Qarabağdakı rus sülhməramlılarının taleyi necə olacaq" sualına isə səfir belə cavab verib:

“İndi mənim üçün 4 ildən sonra nə olacağı barədə danışmaq çətindir. Razılaşmalar var. Amma mən tam əminəm ki, sülhməramlıların qalma müddətini uzatmaq imkanları var. Düşünürəm ki, sülhməramlıların taleyi vəziyyətin necə inkişaf edəcəyindən, bütün tərəflərin mövqeyindən asılıdır”.

Diplomatın fikrincə, digər məsələlərlə yanaşı, "sülhməramlıların Qarabağda olmasını şərtləndirən vacib amili - erməni əhalisinin özünü təhlükəsizlik hiss etməsini də nəzərə almaq lazımdır".

Zəruri şərh:

Göründüyü kimi, keçmiş Dağlıq Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi olması haqda Rusiya prezidenti V.Putinin də vurğuladığı məqamı qətiyyən xatırlatmayan Rusiyanın Ermənistandakı səfiri açıq-açığına Kreml tərəfindən Qarabağdakı separatçı-terrorçu qurumun tanınmasının ssenarisini açıqlayıb: Gürcüstandakına bənzər gedişlə... Bunun üçün də Qarabağda gələcək 4 ilə yaxın müddətdə kifayət qədər sayda Rusiya vətəndaşı peyda olmalı və qanunsuz erməni silahlıları oradan çıxarılmamalı, əksinə, onların Azərbaycan ordusu ilə toqquşmaları çoxalmalıdır ki, Azərbaycanın Qarabağa "təcavüzü"nə və "sülhməramlı"larla toqquşmasına şərait yaransın...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.