Rusiya-Ukrayna savaşının mənası nədir?

5-03-2022, 12:35           
Rusiya-Ukrayna savaşının mənası nədir?
İndi, olan-ötənə kənardan baxıb düşünürsən. Bu, Rusiya-Ukrayna savaşının mənası nədir?
Ümumiyyətlə, nəticə etibarı ilə, bu münaqişə, ondan doğan müharibə heç kimə deyil, iki dil, din milli qardaşı xalqa və onların dövlətlərinə böyük, fəlakətli ziyan gətirir. Lazım idimi, bu?
Teref.az yazır ki, bu savaşda xeyli Ukrayna əhalisi qırılır, binalar, infrastrukturlar dağılır, külli maddi ziyan vurulur. Rusiya tərəfi də bir o qədər xeyli əsgər-zabitini itirir, külli miqdar texnikası, təyyarələr və raket komplekslər, resurs itirib, maddi ziyana düşür. Üstəlik, Qərbə fürsət verilir iqtisadi zərbə üçün.
Nəticədə hər iki qonşu dövlət zəifləyir, xalqları da sarsıntıya, zülm-əziyyətə düşür. Rusiya bu gedişlə, ağır itkilərlə Ukraynanı tam götürərsə, nə qazanacaq? Krımı, Donbası 8 ildir götürüb nə qazanıb, milyardlarla külli xərcdən başqa?
Ukrayna xalqı və dövləti də gedişatın istənilən variantında, sonda öz dövlət suverenliyini tam bərpa edəcək, milli varlığını saxlayacaq, amma böyük milli sarsıntı, ağır itkilər, gerilik hesabına.
Bu fəlakətdə təbii, Rusiya və onun rəhbərliyinin əsas və böyük günahı var. Haqsızdır, işğalçıdır. Onu illərlə, güclü potensialı ilə sıxan, müxtəlif forma-vasitəli davamlı təqib edən rəqibi Qərb, NATO-nun sıxıntı emosiyasının, psixoloji qıcıq xofunun acığını öz qardaşı Ukraynanın üzərinə tökdü. Əsil rəqibini, hədəfini qoyub, bərk çaşdı, ultimatumu Qərbə verib savaşı Ukraynaya açdı.
Ukraynanın da, bəzi taktiki gediş səhvləri yox deyil, bu günkü fəlakətli nəticədə. Suverenliyə, müstəqilliyə, milli mənafeyə doğru addımların vacibliyi, əhəmiyyəti misilsiz dərəcə böyükdür. Amma bu keçidin zaman və şəraitə uyğun, öz qaydası və tempi seçilməlidir. Kəskin keçidsə, dünya qanunlarına görə hər zaman agrılı olur, bəzən də təhlükə, faciəli. Nəzərə almalı idi ki, qonşusu Rus İmperiyasını, SSRİ ambisiyasını üzərinə götürüb, Qərbin də hədəfinə gəlməklə. Və bu dövr güclü rəqiblə üz-üzə qalmaqla, hər an, hər yerdən, təhlükə gözləyərək xofludur və hər kəsdən də şübhəlidir. Bu halda, onsuz da Qərbə inteqrasiya, daxil olmaq zaman aparır, tədrici prosesdir və yolunu, işini də tədrici tut.
Nə tələsirsən, daxili və xarici siyasətdə səliqə, ardıcıllığı pozub, radikal dönüş etməklə, Şərqi də boşuna şübhəyə salıb, qıcıqlandırıb, özünü də "təhlükə mənbəyi" kimi hədəfə gətirməklə?
İki qatı düşmən Qütb arasında havayı hədəfə!
Mən istənilən halda, öz suverenliyi, torpağı və milli mənliyi uğrunda mübarizə aparan, başqa kiməsə qarşı ziyankar, təcavüz yolu tutmayan Ukrayna xalqının, haqqın tərəfindəyəm. Ancaq düşünürəm ki, Rusiya və Ukrayna arasındakı bu günkü faciə, fəlakətli nəticədən ötüşmək olardı. Hər iki qardaş xalq üçün bu, havayı sarsıntıdır, havayı itki, mənasız zərərdir. Tarix göstərəcək.
Günah, təbii, Rusiya rəhbərliyindədir, onun da təcavüzdən geri çəkilmə addımları ilə, barışıq anlaşmasına doğru əməli addımlar atılmalıdır. Əsil neytral, nüfuzlu dövlətlərin vasitəçiliyində ədalətli şərtlərlə sülh olmalıdır. Gec olmadan! Davamın Ukraynaya 1, Rusiyaya 11 ziyanı var.
İlqar Altay
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.