Rusiyanın Ukrayna AES-lərini hədəf seçməsinin səbəbi: 30 milyardlıq müqavilə
6-03-2022, 12:53

“Avropanın Kiyevin nüvə silahı yaratmasına müsbət yanaşması qeyri-mümkündür”
Ukraynaya hücum edən Rusiya ordusu ölkənin atom elektrik stansiyalarını ələ keçirməyə can atır. Artıq Çernobıl və Zaporojye AES-ləri rusların nəzarətindədir. Sonuncunun ərazisini işğal edərkən Rusiya hərbçiləri stansiyanı atəşə tutmaqdan belə çəkinməyiblər. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Rusiya hərbi qüvvələrini Ukraynanın daha bir AES-nə doğru yönləndirməkdədir. Söhbət Nikolayevsk əyalətinin Voznesenk rayonunda yerləşən Cənub Atom Elektrik Stansiyasından gedir.
Qeyd edək ki, hazırda dünyanın 32 ölkəsində 437 nüvə reaktorunda elektrik enerjisi istehsalı həyata keçirilir, 51 reaktorun tikintisi aparılır, 201-nin fəaliyyəti dayandırılıb. Dünya üzrə fəaliyyətdə olan atom reaktorlarının 27,2 faizi - 119-u Avropa ərazisindədir. 51 stansiyada fəaliyyət göstərən bu reaktorların Avropanın enerji təchizatında payı 26,7 faizə yaxındır. Son 10 ildə qitədə ekoloji baxımdan atom enerjisindən istifadədən imtina ciddi şəkildə stimullaşdırılıb.
Avropanın ən böyük atom elektrik stansiyası Ukraynada yerləşən Zaporoje AES-dir. Ukraynada ilk AES-in tikintisi 1977-ci ildə başa çatdırılıb. Çernobılda yerləşən AES-in istismarına da həmin il başlanıb. Keçmiş SSRİ hökuməti Ukraynada 9 AES tikməyi planlaşdırmışdı. 1977-1989-cu illərdə bunların 5-də 16 enerji blokunun işə salınması nəzərdə tutulurdu: Zaporojye, Rivnensk, Xmelnitsk, Çernobıl və Cənubi Ukrayna. Çernobıl fəlakəti baş verənədək - 1986-cı ilin aprelinədək Ukraynada 10 atom enerji bloku artıq istismara verilmişdi. 1986-1990-cı illərdə ölkədə daha 6 atom enerji bloku istismara verildi. 1990-cı ilin avqustunda Ukrayna Ali Radası ölkə ərazisində yeni atom enerji bloklarının tikintisinə moratorium qoyuldu. Buna görə də Xmelnitsk, Rivnensk və Zaporojye AES-lərdə enerji bloklarının tikintisi yarımçıq saxlandı. Lakin sonradan ölkədəki enerji çatışmazlığı nəzərə alınaraq moratorium qaldırıldı. 1995-ci ildə Zaporojye AES-də 6-cı enerji bloku işə salınmaqla bu stansiya Avropanın ən böyük atom elektrik stansiyasına çevrildi.
Çernobıl AES isə qəzadan sonra istismardan çıxarılmağa başlandı. 2000-ci ildə burada axırıncı enerji bloku istismardan çıxarılıb, stansiyaya ixtisaslaşmış müəssisə statusu verilib.
Hazırda Ukraynadakı AES-lərdə 15 enerji bloku fəaliyyətdədir. Onların Ukraynanın ümumi enerji qoyuluşu gücündəki payı 26,3 faiz təşkil edir.
Ukraynaya hücuma başlayandan Rusiya ordusu mövcud AES-ləri ələ keçirməyə can atır. Hətta rus qoşunları istismarda olmayan Çernobıl AES-i də nəzarətə götürdülər. Rusiyanın Ukrayna AES-lərinə bu marağının arxasında nə dayanır?
Qeyd edək ki, son günlər Rusiya rəsmiləri Ukrayna hökumət rəhbərliyinin müharibədən bir neçə gün əvvəl nüvə silahından imtinanın yanlış olduğuna dair açıqlamalarını xatırladaraq, guya Ukraynanın nüvə dövlətinə çevrilmək üçün fəaliyyətlərə başladığını iddia edirlər. AES-lərə hücumun arxasında Rusiyanın Ukraynada nüvə silahının mümkün istehsalı imkanlarını məhv etmək istəyi dayana bilərmi?
Sualları cavablandıran politoloq Şahin Cəfərlinin sözlərinə görə, AES-lər Ukraynanın elektrik enerjisinə olan tələbatının bir hissəsini ödəyir: “Yəni Ukrayna enerji sisteminin strateji sahəsidir. Bu səbəbdən Rusiya həmin strateji obyektləri nəzarətə götürərək Kiyev üzərində öz təsir imkanlarını artırmaq istəyir. İkincisi, prezident Zelenski Ukraynanın 1994-cü il tarixli Budapeşt Memorandumundan ayrılacağını elan etməsindən sonra Rusiya bunu belə qiymətləndirdi ki, Ukrayna nüvə proqramına başlayır (Budapeşt Memorandumuna əsasən Ukrayna öz nüvə arsenalından imtina etmişdi). Rusiya bu məqamı öz işğal siyasətinə bir növ legitimlik qazandırmaq üçün istifadə edir. Guya Ukrayna nüvə silahı yaradıb, Rusiyanı təhdid edəcəkdi, ona görə biz bu təhlükənin qarşısını almaq üçün bu əməliyyata məcbur olduq. AES-ləri tutmaq da bu təbliğatın tərkib hissəsidir. Aydındır ki, Ukraynanın nüvə enerjisi sahəsində əsas texniki və elmi potensialı AES-lərdədir. Rusiya bu obyektləri nəzarətə götürməklə nümayiş etdirmək istəyir ki, biz bununla Ukraynanın hərbi məqsədli nüvə proqramının qarşısını alırıq. Amma əlbəttə ki, bu, uydurma iddiadır və açıq-aşkar işğaldır”.
Politoloq qeyd edir ki, Rusiyanın bu iddialarına dünyada heç bir ciddi qurum və ya şəxs inanmır: “Nüvə silahı yaratmaq ən əvvəl çox böyük maddi vəsait tələb edən işdir. Ukraynanın belə bir imkanı yoxdur. İkincisi, bunun üçün Ukraynanın yetərli elmi-texnoloji imkanlara malik olması da ciddi şübhə doğurur. Bəlkə sovet dövründən müəyyən elmi potensial qalıb, amma texnoloji imkanlarının olmadığı məlumdur. Başqa bir tərəfdən, Ukrayna hətta nüvə silahı yaratmaq niyyətinə düşsə belə, Qərb onu bu məsələdə dəstəkləməz”.
Onu da bildirək ki, Zaporojye AES ələ keçiriləndən sonra Rusiya mətbuatında Ukrayna AES-lərinə marağın əsl səbəbini açkarlayan materiallar dərc olunmağa başlayıb. Həmin matreriallardan aydın olur ki, Rusiya son illərdə Ukraynanın AES-lərdə ABŞ-ın “Westinghouse Electric” şirkətinin istehsalı olan yanacaqdan istifadə etməyə başlamasından ciddi narahatlıq keçirib. Məlumdur ki, sovet dövründə qurulan Ukrayna AES-ləri Rusiya yanacağı ilə işləyirdi. Son illərdə Ukrayna bu asılılıqdan qurtarmaq üçün başqa yanacaq istehsalçıları ilə əlaqələr quraraq, mövcud reaktorları onların məhsullarına uyğunlaşdırmaq prosesinə start verib.
2017-ci ildə Ukrayna hökuməti ölkə AES-lərinin eyni mənbədən yanacaq alışının 2020-ci ildə 70 faizə, 2025-ci ildə isə 60 faizə endirilməsinə dair qərar qəbul edib. “Westinghouse Electric” şirkəti ilə bağlanmış müqavilələr əsasında Ukrayna AES-lərində olan 15 enerji blokundan 7-si artıq bu şirkətin yanacağı ilə işləyir. Bu bloklardan 4-ü Zaporoje AES-də, 2-si Cənubi Ukrayna AES-də, 1-i isə Rivnensk AES-dədir.
2019-cu ildə Ukrayna Rusiyanın “Rosatom” şirkətindən 240,9 milyon dollarlıq, “Westinghouse Electric” şirkətindən isə 155,98 milyon dollarlıq nüvə yanacağı alıb. Beləliklə, Ukrayna AES-lərinin yanacaq təchizatında Rusiya şirkətinin payı 60,7 faiz, ABŞ şirkətinin payı isə 39,3 faiz təşkil edib. Bu isə Ukraynanın Rusiyadan nüvə yanacağı asılılığından sürətlə çıxması deməkdir.
Bundan əlavə, ABŞ şirkəti Xmelnitsk AES-də yeni enerji blokunun tikintisinə başlayıb. Bununla bağlı 2021-ci ilin sentyabrında Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı məlumat verib. Onun dediyindən aydın olur ki, pilot xarakterli olan bu layihə başa çatdıqdan sonra “Westinghouse Electric” Ukraynada daha 4 enerji bloku quracaqdı. Ukrayna AES-lərini idarə edən “Enerqoatom” Dövlət Müəssisəsi tərəfindən şirkətlə bağlanmış müqavilənin dəyəri 30 milyard dollar həcmindədir. Ukrayna bununla həm sovet dövründən qalan və istismar müddətinin 2030-cu ildən artıq uzadılması mümkün olmayan enerji bloklarını istismardan çıxartmağı, həm də bu sahədə Rusiyadan asılılığı minimuma endirməyi hədəfləyir.
Beləliklə, göründüyu kimi, Rusiya rəsmilərinin Ukraynanın atom silahı əldə etmək niyyətində olmasına dair iddialarının arxasında sırf özlərinin maliyyə və strateji maraqlarının müdafiəsi istəyi dayanır. Rusiyanın məhz ABŞ yanacağı ilə işləyən reaktorların olduğu AES-ləri ələ keçirməkdə əsas məqsədi böyük ehtimalla, həmin enerji bloklarını sıradan çıxartmaq, bunu bacarmasalar belə, Ukraynadan yenidən Rusiya yanacağına qayıdışla bağlı təminat almaqdır. Aydındır ki, Rusiya qoşunları Ukrayna ərazisində uzun müddətə qala bilməyəcəklər. Bu baxımdan, onların blokları istismardan çıxarması, yaxud yenidən Rusiya yanacağına qaytarması mümkün deyil. Bu baxımdan, əsas hədəfin Ukraynanı “Westinghouse Electric” şirkəti ilə yeni enerji bloklarının yaradılması planlarından uzaqlaşdırmaq olduğu açıq hiss olunur.
moderator.az