"İctimai nəzarət güclü olmalıdır" - Bunu hamı istəyirmi cənab prezident?!

7-03-2022, 18:34           
"İctimai nəzarət güclü olmalıdır" -
Dövlət idarəçilik aparatında nəzarət mexanizminin olması əsas şərtlərdən biridir. Təcrübələr göstərir ki, nəyinki dövlət idarəçiliyində, eyni zamanda digər sahələrdə də nəzarət olduğu zaman ortaya qoyulan iş daha əhatəli və keyfiyyətli olur.
Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Bəs, ictimai nəzarət özü nədir?

Belə ki, ictimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir.

Azərbaycan qanunverciliyinə görə, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai şuralarda QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilərlər.

Son illər ölkə başçısı İlham Əliyev ciddi kadr islahatları, struktur dəyişikliyi həyata keçirir. Prezidentin apardığı bu islahatlar ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Bu gün Azərbaycan idarəçiliyin yeni mərhələsindədir və bu mərhələdə ictimai nəzarətə də geniş yer verilib.
Ölkə başçısı uzun illərdir ki, davamlı qaydada istər siyasi, istərsə də iqtisadi komandasını xalq qarşısında açıq tənqid edir, onlara məsuliyyətlərini xatırladır və ictimai nəzarəti həyata keçirilməsi üçün cəmiyyətdən dəstək istəyir.

Məsələn, Prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında demişdi ki, önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər: “Öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət. Ölkədə neqativ halların qarşısının alınması üçün ictimai nəzarət olmalıdır. Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”,-deyə prezident hələ o zaman vurğulamışdı.

Ölkə prezidenti digər çıxışlarında da ictimai nəzarət məsələsini dəfələrlə qabardıb və bildirib ki, o, bəzi məsələlərdən elə mətbuat vasitəsilə xəbər tutur. Həmçinin prezident vətəndaşlara müraciətində də bildirib ki, problemləri ilə bağlı ona müraciət etsinlər.

Dövlət başçısının mütamadi qaydada ictimai nəzarətə çağırışda yer alması, dövlət məmurunun başlıca vəzifəsinin məhz vətəndaşlara xidmət etmək olduğunu xatırlatması yüksək dəyərləndirilməlidir. “Mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.
Azərbaycanda ictimai nəzarət dedikdə vətəndaş cəmiyyəti də yada düşür.

Bəs vətəndaş cəmiyyəti necə, ictimai nəzarəti tam olaraq həyata keçirə bilərmi?

Bu suala cavabında ekspert Əliməmməd Nuriyev ötən il "müsavat"-a söyləyib ki, vətəndaş cəmiyyəti strukturları ictimai nəzarət funksiyasının öhdəsindən gələ bilir: “Sadəcə bunun üçün müvafiq şəraitin yaradılması çox vacibdir. Və eyni zamanda qanunvericilik təminatları olmalıdır. Azərbaycan Respublikasının "İctimai iştirakçılıq haqqında" qanunu 2014-cü ilin iyun ayından qüvvədədir. Eyni zamanda buna qədər də Azərbaycan Respublikası konstitusiyasında ictimai nəzarətlə, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı müddəalar yer alıb. Vətəndaş cəmiyyətinin əsas vəzifəsi vətəndaşların könüllü təşkilatı olaraq ictimai problemləri aşkar etmək, üzə çıxarmaq, onlarla bağlı təkliflər vermək, bütünlükdə vətəndaşla dövlət orqanları arasında körpü rolunu oynamaq, eyni zamanda tədqiqatların aparılması, şəffaflıq hesabatlarının verilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsidir. Azərbaycanda vətəndaş cəmiyyətləri bunu həyata keçirir. Amma elə məsələlər var ki, vətəndaş cəmiyyətlərinin bu vəzifəni tam olaraq və müasir çağırışlara uyğun yerinə yetirməsində problemlər yaradır. Bu maneələrdən biri dövlət orqanlarının vətəndaş cəmiyyətlərinə münasibətində hələ də yad mövqeyinin olmasıdır”.

Əliməmməd Nuriyev bildirib ki, hələ də bəziləri vətəndaş cəmiyyətlərini bu ölkənin inkişafında mühüm bir təsisat kimi qəbul etmək fikri yoxdur: “Bəziləri vətəndaş cəmiyyətlərini dövlətə qarşı qurum kimi baxırlar. Bəziləri bunu bilərəkdən, bəziləri bilməyərəkdən edir. Bəziləri vətəndaş cəmiyyətləri fəlsəfəsindən xəbərsizdir. Bəziləri ümumiyyətlə öz fəaliyyətlərini qapalı surətdə qurmağa çalışırlar. İstəmirlər ki, onların fəaliyyəti haqqında kənar müzakirələr olsun. Bəzilərinin şəffaflıq hesabatları ilə bağlı problemləri var. Bu baxımdan dövlət orqanları vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq etməkdən uzaqdırlar. Bir çox hallarda onların fəaliyyətinə mane olurlar. Azərbaycan Respublikasının Konstitusiyasında 2007-ci ildə qəbul edilən "İctimai birliklər haqqında" qanunda, eyni zamanda vətəndaş cəmiyyətlərinin inkişafı ilə bağlı dövlət konsepsiyasında, Azərbaycan Respublikası prezidentinin çoxsaylı çıxışlarında ictimai nəzarətin gücləndirilməsinin vacibliyi qeyd olunur. Bu prosesin də həyata keçirilməsi vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə olmalıdır. Çünki onlar ümumi maraqları olan, fərdi maraqları olmayan bir təchizatlardır. Digər tərəfdən vətəndaş cəmiyyətinin özündə resurslara çıxışla bağlı problemlər var. Yəni resurslar yetərincə deyil. İstənilən fəaliyyətin həyata keçirilməsi müəyyən resurslar tələb edir. Bu resurslar bir tərəfdən insani resurslar olmalıdır. İnsani resurslarla bağlı, yəni kadrlarla bağlı həm təlimlərin keçirilməsi, həm peşəkar tədqiqatların aparılması vacibdir”.
QULU MƏHƏRRƏMLİnin dediklərindən SİTAT: “Müasir dünya təcrübəsi, sosiologiya elmi təsdiq edir ki, dünyada ictimai nəzarətin ən mükəmməl sistemi mediadır. Yəni media xalqın adından hakimiyyət, məmurlar üzərində ictimai nəzarəti həyata keçirir. Azərbaycanda media bunu edə bilirmi? Bu sual uzun illərdir ki, aktual qalır. Düşünürəm ki, hazırda təəssüf ki, media bu funksiyanı yerinə yetirə bilmir. Çünki media bir çox hallarda azad deyil. Belə bir medianın hakimiyyət üzərində ictimai nəzarətçi olması isə mümkün görünmür. Əlbəttə ki, ayrı-ayrı bizim araşdırma aparan jurnalistlərimiz var. Onlar problemləri araşdırıb, cəmiyyətə çatdıra bilirlər”./MƏNBƏ - musavat.com/

Demokratik.Az hesab edir ki, həm jurnalistlərin, eləcə də vətəndaşcəmiyyətinin ictimai nəzarətə aktiv cəlb edilməsi üçün hökumətin özü maraqlı olmalı, məmur özbaşınalığına qarşı çağırışlara dərhal cavab verilməli, mövcud eybəcərliklərin, korrupsiya və özbaşınalıqların kökü dövlətin ən ali şəxsləri tərəfindən birdəfəlik kəsilməlidir. Yoxsa, sadalanan hər şey yerində sayacaq, ictimai nəzarətçilik isə sayılmayacaq. Təəssüf ki, son bəndi elə biz özümüz öz canımızda və fəaliyyətimizdə hiss edirik. Yazmaq və tənqid etmək jurnalistə sadəcə düşmən qazandırır, havada uçuşan həqiqətlər isə yerli prokurorların, icra başçılarının, ədəbaz məmurların maddi maraqları qarşısında əzik-büzük düşür.

Cənab prezident, biz sizi dəstəkləyirik ki, "İctimail nəzarət güclü olmalıdır". Amma sizcə bu xoş məramnaməni kürsüdə əyləşən hamı istəyirmi?!
(mövzuya qayıdacağıq!)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru