Vasitəçilik missiyası... NƏTİCƏ?

8-03-2022, 11:38           
Vasitəçilik missiyası... NƏTİCƏ?
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Moskva ilə Kiyev arasında Fransa və Almaniya vasitəçi olmağa çalışırdı. Fransa prezident Emmaunel Makron gah Moskva, gah da Kiyevə gedir, müharibənin qarşısını almağa çalışırdı. Ancaq Rusiya prezidenti nə fransalı həmkarını, nə də Almaniyanın kanslerini eşidirdi. Müharibə başladıqdan sonra Makron savaşı dayandırmaq üçün yenə bir neçə dəfə cəhd etdi. Ancaq onun vasitəçiliyi yenə nəticə vermədi. Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu dəfələrlə bildirsə də, Kreml sahibi hər dəfəsində imtina edirdi. Putin Makronla son telefon söhbətində görüş üçün elə ağır şərtlər irəli sürdü ki, Fransa prezidenti anladı ki, onun vasitəçiliyindən nəticə hasil olmayacaq.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu yazıb!
Daha sonra politoloq yazır ki, növbə Türkiyəyə çatıb. Antalyada xarici işlər nazirlərinin iştirakı ilə ənənəvi beynəlxalq konfrans keçiriləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva və Kiyevlə günlərdir telefon diplomtiyası həyata keçirir. Nəticə var. Ukraynanın və Rusiyanın xarici işlər nazirləri Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada görüşəcəklər. Buna baxmayaraq, Antalyadakı danışıqlardan müsbət nəticə gözləmək çətindir. Hər halda Ankara üzərinə düşəni edir, müharibəni dayandırmağa çalışır və beynəlxalq aləm Türkiyənin necə fəal olduğunu müşahidə edir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan İstanbulda Rusiya və Ukrayna prezidentlərini də görüşdürmək istəyir. Volodimir Zelenskinin Ərdoğana böyük rəğbəti var, onu qərbli həmkarlarından üstün tutur. Vladimir Putin də Ərdoğanla dialoqu davam etdirir. Çünki Kreml sahibi anlayır ki, dünyada onunla dialoqu davam etdirmək istəyən az lider qalıb. Bunlardan biri Ərdoğandır. Ona görə də Putinin Ərdoğana “yox” deməsi çətindir. Mümkündür ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada görüşündən sonra bu iki dövlətin lideri İstanbulda bir araya gəlsinlər. Ancaq nə qədər ki, Putin Ukraynaya qarşı ultimatumlar irəli sürür, onun Zelenski ilə görüşündən nəticə çıxacağını proqnozlaşdırmaq çətindir.
Bu arada, Çin də vasitəçi olmaq istəyir. Çinin xarici işlər naziri Van İ martın 7-də Pekində keçirdiyi mətbuat konfransında Moskva ilə Kiyev arasında vasitəçiliyə hazır olduğunu bildirib. Çin Rusiyanın strateji tərəfdaşıdır və Ukraynaya hərbi müdaxiləni psiləməyib, əksinə baş verənlərə görə Qərbi ittiham edir. Belə olan halda Kiyev Pekinin vasitəçiliyini necə qəbul edə bilər? Pekin sadəcə “vasitəçi ola bilərəm” təklifi ilə beynəlxalq aləmdə çəkisini artırmağa çalışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.