Putinin müharibəsinin hansı nəticəsini tarix bizə diqtə edir? - TƏHLİL

9-03-2022, 00:10           
Putinin müharibəsinin hansı nəticəsini tarix bizə diqtə edir? - TƏHLİL
Şübhəsiz ki, Putin Rusiyanın keçmiş imperiya şöhrətini bərpa edə bilməyəcək. Tarix onu Böyük Pyotrun reinkarnasiyası kimi yox, İvan Qroznə kimi mühakimə edəcək.

Rusiya qoşunları bir neçə gündür ki, Ukraynada hədəfə doğru irəliləyir. Onlar artıq bədnam, istismardan çıxarılan Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər. Ukrayna əsgərləri və milislərinin hələ də müqavimət göstərdiyi Xerson şəhərini praktiki olaraq ələ keçiriblər. Ötən gün onlar Avropada ən böyük olan Zaporijye atom elektrik stansiyasını ələ keçirdilər. Ukraynanın 1,4 milyon əhalisi olan ikinci böyük şəhəri Xarkovun vəhşicəsinə bombalanması nəticəsində yaşayış binaları, məktəblər və şəhərətrafı qəsəbələr dağılıb. Nəticədə yüzlərlə dinc sakin həlak olub.

Qərb ölkələri yaşayış məntəqələrinin ayrı-seçkilik olmadan atəşə tutulmasını müharibə cinayəti kimi pisləyir. Xarkova dağıdıcı müharibə və qan tökülmələri yad deyil: 1917-ci ildə bolşevik qoşunları tərəfindən işğal edilib. İki il sonra Ağ Qvardiya tərəfindən geri alınıb, 1941-ci ildə nasistlər tərəfindən ələ keçirilib, 1943-cü ildə Qırmızı Ordu tərəfindən geri alınıb.

Bu arada, şimalda Kiyevə gedən 40 kilometrlik rus koloniyası dayanıb və hamını təlaş içində qoyub. Rus əsgərlərinin öz maşınlarını təxribat etdiyi barədə məlumatlar var. Plan Putinin nasistlər tərəfindən idarə edildiyini iddia etdiyi Ukrayna paytaxtını ələ keçirməkdir. 81 il əvvəl alman faşistlər şəhəri mühasirəyə aldılar, ələ keçirdilər və Kiyev döyüşü nəticəsində 700 min insan həlak oldu. Ukrayna hərbçiləri və mülki şəxsləri hələki cəsarətli və effektiv müqavimət göstərirlər. Əliyalın insanlar “Molotov kokteyli”ndən istifadə edirlər.

Bir vaxtlar sadə insalar Molotov kokteylləri ilə Qış Müharibəsi (1939) zamanı Finlandiyaya qarşı istifadə etmişdilər. O vaxtkı Xarici işlər naziri Vyaçeslav Molotov bununla bağlı feyk xəbərlər yaydırırdı. Finlər bu psevdohədiyyələri məsxərəyə qoyub, onları “Molotov çörək səbətləri” adlandırıb və Molotov kokteyli ilə cavab verirdilər. Bu kokteyllərin qiyməti cəmi bir neçə sentdir. Hazırlanması asandır və hər birinin qiyməti 80.000 dollar olan ABŞ-ın “Javelin” tank əleyhinə raketlərinin zəif versiyalarıdır.

Kiyev hələ də dözür, lakin bunun nə qədər davam edəcəyi bəlli deyil. Bundan əvvəl prezident Vladimir Zelenski dünyanın bütün demokratik dövlətlərinə apokaliptik mesaj göndərmişdi: “Biz yıxılsaq, siz də yıxılacaqsınız”.

Rusiyanın Ukraynaya təcavüzü ilə İkinci Dünya Müharibəsi arasında aydın paralellər var. Psixoloji sarsıntı yaratmaq və sürətli qələbələr əldə etmək üçün nəzərdə tutulmuş sürətli tank və hava hücumları strategiyası olan nasist Almaniyasının “barbarossa”nın gurultulu sədalarını eşidirik. Nasistlər bu taktikanı ilk dəfə 1939-cu ildə Polşaya qarşı tətbiq etdilər. Sonra onlar bu strategiyanı Hollandiya və Fransada təkrarladılar. Nasist Almaniyasının dinc insanlara qarşı ayrıseçkilik etmədən hücumlarını xatırladan görüntülərə də rast gəlirik. Ukraynalı kişilər, qadınlar və uşaqlar London döyüşü zamanı londonluların etdiyi kimi yeraltı sığınacaqlarda toplaşırlar. Dünyanın demokratik dövlətləri də bu məqamda avtoritar hakimiyyətin yayılmasının qarşısını almaq üçün yenidən bir araya gəliblər. İkinci Dünya Müharibəsində olduğu kimi biz bir tərəfdən bunkerdə kilidlənmiş çılğın bir ekspansionist görürük. Digər tərəfdən müharibənin ötən dövrü ərzində Çörçillə müqayisəyə gələn cəsarətli prezident Zelenskini görürük.

Fevralın 21-də, Ukraynaya hücumdan iki gün əvvəl Putin həmvətənlərini və bütün dünyanı Rusiya və Ukraynanın saxta tarix haqqında mühazirə ilə əyləndirdi. Digər yalanlarla yanaşı o, Ukraynanın rus bolşevikləri tərəfindən səxavətlə qurulmuş süni dövlət olduğunu söylədi. Bu yerdə Rusiyanın keçmişinə bir daha nəzər salmaq lazım gəlir. Putin Sovet imperiyasını deyil, Böyük Pyotrun (1672-1725) qurduğu və Böyük Yekaterina (1729-1796) tərəfindən genişləndirilmiş Rusiya İmperiyasını yenidən yaratmaqla məşğuldur. Yekatrinanın dövründə bu gün Ukrayna olan ərazilər Rusiyanın tərkibinə daxil edildi. 1784-cü ildə o, Sevastopolda nəhəng bir qala tikməyi əmr etdi. Bundan 230 ildən sonra Putinin qoşunları Sevastopolu geri aldı. Şübhə etmirəm ki, Putin Rusiyanın imperiya şöhrətini bərpa edə bilməyəcək. Tarix onu Böyük Pyotrun reinkarnasiyası kimi yox, İvan Qroznı (1530-1584) kimi mühakimə edəcək.

Paranoyyadan əziyyət çəkən İvan vaxtilə Sibirdə ekspansionist siyasət yeridirdi. Ölkə daxilində müxalifətlə sərt davranırdı və sonda onu məhv etdi. Döyüş zamanı 53 yaşında öldü. Ən bariz paralelləri Krım müharibəsi (1853-1856) ilə aparmaq və mümkün nəticələri və dərsləri görmək olar. Çar Rusiyası Osmanlı İmperiyasının nəzarətində olan əraziləri, o cümlədən Ukraynanın müasir Qara dəniz sahillərinin böyük hissəsinin daxil olduğu Moldava və Valaxiya knyazlıqlarını ələ keçirmək məqsədi ilə Krım müharibəsinə başladı. Rus qoşunları Ukrayna kazakları və Krım tatarlarının şiddətli müqaviməti ilə üzləşdilər.

İngiltərə və Fransa 1854-cü ilin martında Rusiya İmperiyasına müharibə elan edərək Osmanlı İmperiyasına dəstək üçün səfərbər oldular. Sovet kommunizminin gələcək atası Karl Marksdan başqa heç kim müharibəni Avropa demokratiyası ilə rus mütləqiyyəti arasında münaqişə kimi görmürdü. Bəlkə də Putin həmin birinci Krım müharibəsi haqqında oxumaq istəyir. Ona görə də Putinin yadına salaq ki, Rusiya bu müharibədə uduzdu, qüvvələrini geri çəkilməyə və rüsvayçılıqla tərksilah olmağa məcbur oldu. Qara dəniz donanması və Sevastopol qalası dağıdıldı, imperiyanın iqtisadiyyatı tənəzzülə uğradı… Ona görə də tarixi bilmək önəmlidir!

Luis Martinez-Fernandez, yazıçı, Mərkəzi Florida Universitetinin professoru.

Tərcümə etdi: Lətif.A,

KONKRET.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.