Rusiyanın Ukraynaya hücumuyla başlayan müharibə necə bitə bilər? - 5 FƏRQLİ SSENARİ

8-03-2022, 08:03           
Rusiyanın Ukraynaya hücumuyla başlayan müharibə necə bitə bilər? -
Müharibə şəraitinin indiki qeyri-müəyyənliyində gələcəklə bağlı proqnoz vermək çətin ola bilər. Cəbhə xəbərləri, diplomatik bəyanatlar, qaçqın düşmüş insanların iztirabları dərin emosiyalar yarada bilər.

Gəlin, bir anlığa bunları bir kənara qoyub Ukraynadakı münaqişənin necə bitəcəyini düşünək. Teref.az bbc-yə istinadən yazır ki, siyasətçilər və hərbi strateqlər hansı ssenariləri araşdırırlar? Onların əksəriyyəti gələcəyi proqnozlaşdırmağın çətin olduğunu desə də, bəzi təxminlər var.

Amma ssenarilərin əksəriyyəti neqativdir.

Qısamüddətli müharibə

Bu ssenaridə Rusiya hərbi əməliyyatların sayını artırır. Mülki əhali arasında itkilərinn çoxalmasına əhəmiyyət vermədən Ukraynanın hər yerində artilleriya və raket hücumlarını sürətləndirir.

İndiyə qədər prosesə müdaxiləsi xüsusi olaraq müşahidə edilməyən Rusiya Hərbi Hava Qüvvələri dağıdıcı hava zərbələri endirir. Böyük kiberhücumlarla kritik infrastruktur obyektləri hədəf alınır.

Elektrik və kommunikasiya xətləri kəsilir. Minlərlə dinc sakin ölür. Qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Kiyev bir neçə gün ərzində məğlub olur. Hökumət devrilir və Moskvanın nəzarətində olan marionet qüvvələr hakimiyyətə gəlir.

Prezident Zelenski öldürülür və ya qaçmağa məcbur edilir. Putin qələbəsini elan edib Rusiya hərbi qüvvələrinin bir hissəsini geri çəkir, bu ölkədə Ukraynanı nəzarətdə saxlamağa yetəcək qədər qoşun saxlayır. Minlərlə insan Qərbə qaçır. Belarus kimi Ukrayna da Rusiyanın peyk dövlətinə çevrilir.

Bu ssenari tam da mümkünsüz deyil, amma bir neçə faktorun dəyişməsindən - məsələn, Rusiya ordusunun üstünlüyü ələ keçirməsindən və Ukrayna ordusunun müqavimətinin qırılmasından asılıdır. Bu variantda Putin Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın Qərblə inteqrasiyasına son qoymaq kimi hədəflərinə çata bilər.

Amma Rusiya yönümlü hökumət qeyri-legitim hesab oluna və üsyanlarla qarşılaşa bilər. Ona görə də bu, qeyri-sabitlik və iğtişaşlarla nəticələnmə ehtimalı yüksək olan ssenaridir.

Uzun sürən müharibə

Münaqişələrin uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı daha çoxdur. Döyüş ruhunun aşağı, maddi-texniki təminatın və rəhbərliyin zəif olması səbəbindən Rusiya hərbi qüvvələri irəliləməkdə çətinlik çəkə bilər.

Rusiyanın Kiyev kimi şəhərləri küçə-küçə döyüşərək ələ keçirməsi daha çox vaxt ala bilər, uzun sürən mühasirələr yaranar. Bu, 1990-cı illərdəki qanlı müharibə nəticəsində böyük hissəsi dağıdılmış olan Çeçenistanda baş verənlərə - Rusiya qoşunlarının paytaxt Qroznını ələ keçirməsi hadisəsinə bənzəyə bilər.

Rusiya qoşunları Ukraynanın şəhərlərinə daxil olsalar belə, total nəzarət mühiti yaratmaqda çətinlik çəkə bilərlər. Bəlkə də orda Rusiya bu qədər böyük bir ölkəni nəzarət altında saxlamağa yetəcək sayda hərbi qüvvənin olmasını təmin edə bilməz.

Ukraynanın silahlı qüvvələri yerli əhali tərəfindən də dəstəklənən üsyançı gücə çevrilə bilər. Qərb onlara silah-sursat göndərməyə davam edər.

İllər sonra Moskvada hakimiyyət dəyişəndə Rusiya hərbçiləri əlləri qanlı və boyunları bükük bir şəkildə Ukraynanı tərk edə bilərlər. Eynilə 1989-cu ildə Əfqanıstanı tərk etdikləri kimi.

Avropa müharibəsi

Bu döyüşlərin Ukrayna sərhədlərindən kənara çıxması ehtimalı da varmı?

Putin əvvəllər Rusiya imperiyasının tərkibində olmuş Moldova və Gürcüstan kimi NATO üzvü olmayan keçmiş sovet respublikalarına hərbi qüvvə göndərə bilər.

Bəlkə də yanlış hesablamalar gərginliyin artmasına gətirib çıxarar. Putin Qərbin Ukraynaya silah verməsini müdaxilə kimi qiymətləndirib qisas almaq istəyə, NATO üzvü olan Baltik ölkələrinə qoşun yeritməklə təhdid edə bilər.

Bu, NATO ilə böyük bir müharibə riskinin yaranmasına gətirib çıxarar. Alyansın nüzamnaməsinə (5-ci bəndə) görə, bu qurumun üzvü olan hər hansı ölkəyə hücum bütün üzv ölkələrə hücum kimi qiymətləndirilir. Teref.az bbc-yə istinadən yazır ki, amma Putin bunu hakimiyyətdə qalmağın yeganə yolu hesab edərsə, belə bir riskə gedə bilər.

Məsələn, Ukraynanın artıq uduzmaqda olduğunu görərsə, gərginliyi daha da artırmaq istəyə bilər. Rusiya prezidentinin beynəlxalq normaları pozmaqdan çəkinmədiyini bilirik.

Bu, nüvə silahlarından istifadə məsələsinə də aid ola bilər. Bir neçə gün əvvəl Putin həmin silahları xüsusi hərbi hazırlıq vəziyyətinə gətirməyi əmr edib.

Ekspertlərin çoxu nüvə silahlarının işə salınmayacağını düşünsə də, Rusiyanın hərbi doktrinası buna icazə verir.

Diplomatik həll

Bütün baş verənlərə rəğmən müharibəni diplomatik yolla durdurmaq mümkün olarmı?

"Bu gün silahlar danışsa da, dialoq yolu həmişə açıq olmalıdır", - BMT-nin Baş katibi Antonio Gutteres belə deyib.

Əlbəttə, dialoq davam edir. Fransa prezidenti Emmanuel Macron Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb. Diplomatlar Moskvanın ovqatını öyrənməyə davam edirlər.

Rusiya və Ukrayna rəsmiləri Belarus sərhəddində görüşürlər. Ciddi nəticələr əldə olunmasa da, Putinin bu prosesi davam etdirməsi atəşkəs ehtimalını mümkün saydığını göstərir.

Burda əsas məsələ Qərb diplomatlarının Rusiya üçün məqbul olan təkliflər verib-verməyəcəyidir. Onlar deyirlər ki, Rusiya lideri sanksiyaların götürülməsi üçün ondan nələr gözləndiyini bilməlidir.

Bir də bu ssenarini təsəvvür edin.

Müharibədə Rusiyanın mövqeyi zəifləyər. Sanksiyalar Moskvanı çox narahat edər. Əsgər cənazələrinin sayı artdıqca, ölkədə müxalifətçilərin də sayı artar. Putin boyundan böyük bir işə girişməsiylə bağlı şübhəyə düşər.

Anlayar ki, özünün hakimiyyətdə qalmaq planına müharibəni davam etdirmək siyasəti daha çox ziyan vurur, nəniki zəiflik göstərib onu bitirmək qərarı.

Çin Moskvaya siyasi razılaşmayla bağlı təzyiq edər, gərginlik azalmayacağı təqdirdə Rusiyadan neft və qaz almayacağını bildirər.

Bundan sonra Putin çıxış yolu axtarmağa başlayar. Ukrayna rəsmiləri ölkənin dağılmasını və insan tələfatını nəzərə alaraq müharibənin bitməsi üçün siyasi razılaşmaya üstünlük verərlər.

Məsələn, Donbasın bir hissəsinin müstəqilliyini və Krımın Rusiya tərəfindən ilhaqını qəbul edərlər. Buna cavab olaraq Putin Ukraynanın Qərbə inteqrasiyasına etiraz etməkdan vaz keçər.

İndi bütün bunlar inandırıcı görünməyə bilər. Amma qanlı döyüşləri durdura biləcək mümkün ssenarilərdən biri də budur.

Putinin devrilməsi

Ukraynaya hücuma başlayanda Vladimir Putin "Hər cür nəticəyə hazırıq" demişdi.

Bəs nəticə hakimiyyətini itirməsi olarsa? Təsəvvür emək çətin ola bilər, amma son günlərdə dünya dəyişdi və bu, artıq imkansız görünmür.

"Artıq Moskvada hakimiyyət dəyişikliyi Kiyevdəki hakimiyyət dəyişikliyi qədər realdır", - bir neçə gün əvvəl "Kings College"-nin müharibə tədqiqatları üzrə professoru Sir Lawrence Freedman belə yazmışdı.

Freedman niyə belə düşünür? Bəlkə də Putinin müharibəsi Rusiyada fəlakətə səbəb olar. Ölkənin minlərlə əsgəri ölər. İqtisadi sanksiyalar ciddi problemlərə gətirib çıxarar.

Putin xalqın dəstəyindən məhrum olar. Bəlkə də xalq üsyanı təhlükəsi yaranar. Putin zor tətbiq edərək müxalifəti məğlub etməyə çalışar.

Amma işlər istədiyi kimi getməz; ordunun, iqtisadi və siyasi elitanın önəmli bir hissəsi ona qarşı çıxmağa başlayar.

Qərb Putinin yerinə daha mötədil biri gələcəyi təqdirdə bəzi sanksiyaların aradan qaldıracağını, diplomatik münasibətləri yaxşılaşdıra biləcəyini açıqlayar. Qanlı bir saray çevrilişi nəticəsində Putin hakimiyyətdən uzaqlaşdırılar.

İndi bu ssenari də real görünməyə bilər. Amma Putinin prezidentliyindən faydalanan adamlar artıq Putinin onların maraqlarına xidmət etmədiyini düşünsələr, bu ssenarini həyata keçirə bilərlər.

Nəticə

Bunlar bir-birinə zidd ssenarilər deyil, müxtəlif elementlərin bir araya gəlməsi fərqli nəticələr verə bilər. Amma bu müharibə necə bitir-bitsin, bir nəticəsi artıq ortadadır - dünya artıq köhnə dünya deyil.

Köhnə status-kvoya qayıtmaq mümkün olmayacaq. Rusiyanın digər ölkələrlə münasibəti fərqli şəkil alacaq. Avropanın təhlükəsizlik siyasəti dəyişəcək.

Beynəlxalq qaydalara uyğun, liberal nizamın qurulmasını vacib edən səbəb unudulmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.