Azərbaycana əlavə gəlir qapısı açılır

10-03-2022, 18:53           
Azərbaycana əlavə gəlir qapısı açılır
Qazaxıstan Azərbaycana Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib.

“Samruk-Kazyna” ASC-yə istinadən xəbər verir ki, bunu Bakıda Qazaxıstan nümayəndə heyətinə rəhbərlik edən “Samruk-Kazyna” ASC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev bildirib. Tərəflər mövcud marşrutlara alternativ ola biləcək Azərbaycan ərazisindən neft nəqli sahəsində mühüm əməkdaşlıq potensialını qeyd ediblər. Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub. Yeni birgə müəssisə tariflərin müəyyən edilməsi və yük bəyannaməsi ilə bağlı məsələləri həll etməyə, vahid İT həlləri tətbiq etməyə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək.

Qeyd edək ki, son günlər Rusiyanın Ukraynaya təcavüzü neft-qaz məsələləri ilə bağlı təminatı da gündəmə gətirib. Artıq bir neçə ölkə Rusiya neftindən imtina edərək alternativ yollar axtarır. Belə bir vaxtda Qazaxıstan da Azərbaycana yeni təkliflə çıxış edir.

Alternativ neft marşrutunun yaradılması Azərbaycan üçün nə vəd edir?

Neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirdi ki, Qazaxıstanın əsas ixrac gücləri əsasən şimala, yəni Rusiyaya doğru hədəflənib:

“Məsələn, Rusiya istiqamətində iki magistral neft kəməri fəaliyyət göstərir. Birincisi, Xəzər Boru Kəməri Konsorsiumuna aid olan boru kəməridir ki, Novorossiysk limanına yönəlib. Onun illik layihə gücü təxminən 67 milyon tondur. İkincisi, Atrau-Samara xəttidir ki, bu da Rusiya-Novorosssiysk limanına kimi uzanır. Üçüncü isə Atasu-Dostluq-Alışankou neft kəməridir ki, onun da maksimum ötürücülük qabiliyyəti 20 milyon tondur. Bu kəmərin layihə gücündən mübadilə müqaviləsi əsasında Rusiyanın enerji şirkətləri istifadə edir. Digər bir alternativ yol Akrau limanından Azərbaycanın Səngəçal və yaxud Dübəndi limanına Qazaxıstan neftinin tankerlərlə daşınmasıdır. Həm mürəkkəb logistik problem, həm də gəmi saylarının az olması səbəbi ilə Qazaxıstanın illik ixrac həcmlərini Azərbaycan üzərinə yönəltmək texniki cəhətdən mümkün deyil. 2021-ci ildə Qazaxıstan dünya bazarına 65 milyon tona yaxın xam neft ixrac edib. Bunun 53 milyon tonu Xəzər Boru Kəmərləri Konsorsimunun payına düşür. Belə böyük neft həcmlərinin Azərbaycanın neft təsisatlarının üzərinə yönəldilməsi texniki cəhətdən problemli olacaq”.

Ekspertin fikrincə, Türkmənistan Mahacqala istiqamətində neft tədarükünü kəskin şəkildə azaldıb:

“Türkmənsitan özünün neft həcmlərinin böyük hissəsini Azərbaycanın neft təsisatları, yəni Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarına çıxarıb. Ötən il bu rəqəm 1 milyon tondan yuxarı idi. Novorossysk istiqamətinə Tükmənistan 1milyon 300 min ton xam ixrac etmişdi. İndi o neft həcmlərinin böyük bir hissəsi Azərbaycanın neft təsisatlarının üzərinə qayıdacaq. Qazaxıstan neftinin müəyyən həcmləri də Azərbaycanın neft təsisatlarına dönəcək. Çünki Novorosssiyk aktiv müharibə zolağına daxil olan ərazidə yerləşir. Novorossiyk limanı ilə Ukraynanın Mariopol şəhəri arasındakı məsafə cəmi 2-3 kilometrdir. Digər tərəfdən, Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq dünyanın bir çox ölkələrinin limanları artıq Rusiyanın neft daşıyan tankerlərini qəbul etmir. Yaxud Rusiya limanlarına beynəlxalq nəqliyyat şirkətləri aktivlərində olan gəmiləri göndərmilər. Eləcə də beynəlxalq sığorta şirkətləri Rusiya limanlarında tankerlərə yüklənən neft həcmlərini sığortalamaqdan imtina edirlər. Həmçinin Rusiya neftinin alqı-satqısı ilə bağlı Avropa bankları və digər dünya bankları maliyyələşdirməkdən imtina edirlər. Bu ilin sonunadək Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının müəyyən bir hissəsi Azərbaycan neft təsisatlarının üzərinə qayıdacaq. Bu isə əlavə gəlir deməkdir”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.