Uğursuz Lavrov-Kuleba görüşü! – ŞƏRH: “İndi müharibə şiddətlənəcək”

10-03-2022, 19:09           
Uğursuz Lavrov-Kuleba görüşü! – ŞƏRH: “İndi müharibə şiddətlənəcək”
“Rusiya Ukraynanı kapitulyasiya aktına imza atmağa məcbur edir, Ukrayna isə suveren hüquqları uğrunda mübarizə apararaq müdafiə olunur”

“NATO ölkələrinin Ukraynaya silah yardımı isə Rusiyanın daşan səbrini daha da körükləyir”

"Kiyevin də istədiyi kimi Ukrayna səmasını Rusiya üçün bağlamalıdır. NATO bu addıma getmək məsuliyyətindən yaxasını kənara çəkir. Çünki istəmir ki, Rusiya ilə açıq qarşıdurmaya girsin”

Martın 10-da Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən Antalya Diplomatiya Forumu keçirilib. Görüş “Diplomatiyanın yenidən qurulması” mövzusunda baş tutub. Azərbaycan forumda rəsmi heyətlə təmsil olunub. Forum çərçivəsində Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü baş tutub.

Müzakirələr bir saat davam edib. Görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsi müzakirə olunub. Qeyd edək ki, bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi.

Ukrayna-Rusiya XİN başçılarının görüşü ilə bağlı "sherg.az"a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, bu görüş formal xarakter daşıdı:

“Əvvəldən də bu görüşdən müsbət nəticə hasil olunacağı gözlənilmirdi. Amma Türkiyə vasitəçilik missiyası üçün səylərini bundan sonra da davam etdirəcək. Yeganə müsbət məqam görüşün formatı idi. Yəni Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə idi ki, tərəflər XİN başçıları səviyyəsində bir araya gəldi. Görüşdən sonra Sergey Lavrov və Dmitri Kuleba ənənəvi tezislərini dilə gətirdilər.

Rusiya Ukraynanı kapitulyasiya aktına imza atmağa məcbur edir, Ukrayna isə suveren hüquqları uğrunda mübarizə apararaq müdafiə olunur. Bundan sonra Rusiya ilə Ukrayna arasındakı müharibə daha da şiddətlənəcək. NATO ölkələrinin Ukraynaya silah yardımı isə Rusiyanın daşan səbrini daha da körükləyir”.

A.Kərimovun fikrincə, Rusiya tərəfi uğursuzluğunu gizlətməyə çalışır:

“Rəsmi Moskva israrla deyir ki, Ukraynaya təcavüz (onlar “xüsusi hərbi əməliyyat" deyirlər) plan üzrə gedir. Ancaq əməliyyat planında uğursuzluqlar olduğu göz önündədir. Ən azından indiki mərhələ üçün bu arqument keçərlidir”.

Ekspert hesab edir ki, Lavrov-Kuleba görüşü həlledici olmadı:

“Rusiyanın istədiyini qoparmaq niyyətindən vaz keçəcəyini söyləmək çətindir. Buna görə də, Ukrayna şəhərlərinə ağır artilleriya-raket zərbələri davam edəcək. Ukraynanın müdafiəsi də getdikcə zəifləyir. Bu zəifliyi kompensasiya etmək üçün NATO yeni silah tədarükünü həyata keçirməlidir və Kiyevin də istədiyi kimi Ukrayna səmasını Rusiya üçün bağlamalıdır. NATO bu addıma getmək məsuliyyətindən yaxasını kənara çəkir. Çünki istəmir ki, Rusiya ilə açıq qarşıdurmaya girsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.