“Xoşun gəlsə də, gəlməsə də, döz, mənim gözəlim” ibarəsi indi daha çox kimə yaraşır?

12-03-2022, 00:06           
“Xoşun gəlsə də, gəlməsə də, döz, mənim gözəlim” ibarəsi indi daha çox kimə yaraşır?
PUTİNİN “DAHİLİYİ” VƏ RUSİYANIN GETDİYİ SON MƏNZİL – Hamı başa düşür ki, bunlar hələ başlanğıcdır!...
Hələ Ukraynaya qarşı “xüsusi əməliyyat”ın ilk günlərində Putinin çiyinlərini çəkərək, Qərbin ona başqa yol saxlamadığını söyləməsi Kreml sahibinin çaşqınlıq içində olduğunu və bu bəhanəsindən heç özünün də xoşu gəlmədiyini göstərirdi. Ancaq bundan artığını da nə özü, nə də ətrafı düşünə bilməmişdi...

Əslində isə 20 ildən artıq müddətdə dünyanın ən böyük ölkəsini idarə edən və son vaxtlara qədər dünyanın ən təcrübəli, bacarıqlı, hiyləgər və s. siyasətçilərindən biri sayılan bir şəxsin “çıxılmaz vəziyyət”də qaldığını etiraf etməsi tam bir siyasi fiasko göstəricisidir. Necə olur ki, bu “super lider” əlində olan nəhəng ərazisi, əhalisi, eləcə də hərbi, iqtisadi, siyasi, elmi və s. imkanları ilə 22 “möhtəşəm” idarəçilik ilindən sonra rusların “dılğır” hesab etdikləri Qərbin qarşısında “çıxılmaz vəziyyət”ə düşür və özü də bunu etiraf edir? Bu, həm də acizliyin etirafı deyilmi?

Özünü bir supergüc hesab edən ölkə düzgün idarə edilsəydi, normal daxili və xarici siyasət yürütsəydi, bu gün “çıxılmaz vəziyyətdə qalıb” qanı bir olan qardaş xalqa hücum etməyə, şəhərlərini viran qoymağa, insanların qanını tökməyə “məcbur ola” bilərdimi? Bu gün ən yaxın müttəfiqləri belə ona arxa çevirərdimi, bütün qonşu xalqlar ondan uzaq durmağa, hətta öz vətəndaşları belə, imkan tapan kimi Qərbə qaçmağa çalışardımı? Putin son çıxışında Qərbin sanksiyalarından danışıb və onların Rusiyaya ciddi problemlər yaratdığını etiraf edib. Hətta Putin etiraf etməsəydi belə, rus rublunun, fond bazarının, digər maliyyə-iqtisadi indikatorlarının dibə düşməsi də bunu göstərir və proqnozlara görə vəziyyət daha da pisləşəcək. Qərbin sanksiyalarınınsa ucu-bucağı görünmür və onlar Kiyevin kandarında dayanan rus tanklarının kolonundan qat-qat uzun və təsirlidir.


Rusiya başçısı deyir ki, Ukraynaya girsələr də, girməsələr də, sanksiyalar zatən tətbiq olunacaqdı. Buna yəqin ki, zombiləşmiş rus cəmiyyətindən və ətraf ölkələrdəki “rusbaşlar”dan başqa heç bir sivil düşüncəli, normal məntiqli insan inanmaz.

Birincisi, heç kimə sadəcə, “göy gözlərinə” görə sanksiya tətbiq etmirlər, bunun üçün dünya düzəninə, insanlığa qarşı elə addımlar atılmalıdır ki, Qərb hətta öz iqtisadi maraqlarının belə ziddinə gedərək, ağır sanksiyalara əl atsın. Rusiya bunun üçün Ukraynada “əlindən gələni” etdi və etməkdədir.

İkincisi, əgər müharibəyə qədər Qərb Rusiyaya şiddətli sanksiyalar tətbiq etsəydi və onun belə bir fikri olsaydı, Rusiyanın az qala 700 milyard dollara yaxın valyuta ehtiyatı toplamasına, iri beynəlxalq layihələr həyata keçirməsinə, şirkətlərinin dünyanın dörd bir yanına səpələnməsinə və s. imkan verməzdi (Haşiyə çıxaraq qeyd edək ki, Krımın ilhaqı ərəfəsində Rusiyanın valyuta ehtiyatları 400 milyarddan çox idi. Belə görünür ki, Moskva gəlirləri, ehtiyatları artdıqca, haranısa işğal etmək iştahası da çoxalır). Gör dünyanın nə yeri idi ki, Allahın Solovyovu İtaliyada milyonlarla dollarlıq villalar alırdı, hələ Putinin ətrafındakı oğru milyarderlərin Qərbdə malik olduqları varidatları, bütün Rusiya elitasının öz ailələrini və bizneslərini Qərbə daşımasını demirik. Hətta Putinin öz ikinci ailəsini belə İsveçrədə yerləşdirdiyi deyilir.

Yaxşı, əgər deyildiyi kimi, onsuz da sanksiyalar tətbiq olunacaqdısa və bunu Rusiya rəhbərliyi öncədən bilirdisə, niyə elə Putinin özü və ətrafı, bütünlükdə Rusiya elitası öz leqal və qeyri-leqal vəsaitlərini, varidatını, hətta ailələrini Qərbdə yerləşdiridi? Niyə Rusiyanın dövlət vəsaitləri Qərb dövlətlərinin qiymətli kağızlarına və Qərb banklarına qoyulurdu ki, indi də bütün bunları Kremlin təpəsinə vurub, əlindən alırlar? Harda idi Putinin dahiliyi, müdrikliyi və uzaqgörənliyi? Yaxud sanksiyalar onsuz da olacaqdısa, niyə “Şimal axını-2”-yə külli miqdarda vəsait qoyulurdu və Rusiya ümidini bu xəttə bağlamışdı?


sualları xeyli çoxaltmaq da olar. Sadəcə, ruslar və bizdəki “rus sevadalıları” Putinin “dahiliyindən” danışarkən, bu cür suallar üzərində də “baş sındırsalar”, pis olmaz. Kor da görə bilər ki, Putinin “onsuz da sanksiyalar olacaqdı” “müharibədən başqa yol yox idi” kimi bəhanələri solovyov, skabayeva, simonyan, zatulin səviyyəli primitiv və heç bir tənqidə dözümü olmayan puç iddialardır. Hadisələrin gedişi göstərir ki, nə Ukraynanın, nə də NATO-nun Rusiyaya hücum etmək fikri olmayıb. Xüsusuilə də dünyanın pandemiyanın, iqtisadi böhranın caynağı altında olduğu və Qərb dövlətlərinin hər cəhətdən heç də ideal daxili və xarici sabitliyə malik olmadığı indiki dönəmdə. NATO-nun və Qərbin Ukraynaya həlledici gücə malik hərbi dəstək, hərbi təyyarələr və s. verməməsİ, dəfələrlə onu NATO-ya qəbul etməyəcəyinə dair açıq eyhamlar vurması, Ukrayna hava məkanını bağlamaması, Rusiyayla açıq savaşa gedərək, ona ağır hərbi zərbə endirməməsi də bunu təsdiqləyir. Hansı ki, hazırda Rusiyanın işğalı səbəbindən bütün bunlar üçün tam hüquqi əsaslar yetişib və Rusiya ordusunun indiki durumu göstərir ki, onu nəinki bütünlükdə NATO, hətta bu alyansın ilk üçlüyünə daxil olan istənilən bir dövlətin ordusu təklikdə əzib keçə bilər. Əksinə, müharibədən öncə Rusiyanın iqtisadi və daxili siyasi vəziyyəti daha yaxşı və stabil, ordusu daha nüfuzlu və dünya üçün qorxunc idi. Elə məhz bu amil də görünür Putini işğala həvəsləndirən və bu avantüraya çəkən əsas məqamlardan olub...

Digər yandan Rusiya Putinin “dahiliyinə” rəğmən Ukraynadakı davranışı üçün normal geosiyasi zəmin, bəhanə də yarada bilmədi. Ukraynanın gələcəkdə törədə biləcəyi təhlükə, NATO-ya qoşulmaq istəyi və s. kimi bəhanələr heç bir tənqidə dözmür.

Azərbaycandakı “rusbaşlar”ın və “rus sevdalıları”nın nəzərinə - belə çıxır ki, məsələn, Azərbaycan İsraillə dost münasibətlərə malikdirsə, ondan müasir silahlar alırsa, bunun sayəsində ordusunu gücləndirirsə, ölkələrimiz bütün beynəlxalq meydançalarda bir-birinə dəstək durursa və bu, İsraillə düşmən münasibətdə olan İranın xoşuna gəlmirsə, deməli, İran Azərbaycana hücum və onu işğal etmək hüququ qazanır? Bu, nə məntiq, nə baxış, nə yanaşmadır belə?

Nəhayət, Putin son çıxışında deyir ki, Qərbin qarşısında əyilməkdənsə, belə ağır vəziyyətdə yaşamaq və buna öyrəşmək daha yaxşıdır. Yaxşı, elə idisə, bu “müdrik lider” niyə hakimiyyətdə olduğu 22 ildən artıq müddətdə bunu etmirdi, niyə Rusiya iqtisadiyyatını beynəlxalq iqtisadi və maliyyə sistemlərindən ayırmırdı, niyə Qərbin “nazı ilə oynayırdı”? Deməli, indiyədək Rusiya Qərbin qarşısında əyilmiş vəziyyətdə yaşayıb? Xeyr. Sadəcə, özündənrazı Kreml və onun manqurtlaşdırdığı cəmiyyət Ukraynadan və sivil dünyadan belə ağır zərbə alacağını ən qorxulu yuxusunda belə görməmişdi və hesablamamışdı. Əslində, Putindən Lavrova, Şoyqudan Medvedevə qədər bütün Rusiya rəhbərliyinin, elitasının məyus və məğlub durumda olduqları hazırda onların sifətlərindən və nitqlərindən də açıq sezilir. Artıq Rusiya iqtisadiyyatının, cəmiyyətinin, elitasının inilti səsləri eşidilir və heç kim təminat verə bilməz ki, bu inilti yaxın gələcəkdə hayqırışa çevrilməyəcək...

Ortada Rusiyanın bütün dünyada olan-qalan etibarı, nüfuzu, diplomatiyası, iqtisadiyyatı, “şanlı ordusu”, ən əsası, dövlət olaraq sözü, vədi, reputasiyası bir qara qəpiklik olub. Hamı da yaxşı başa düşür ki, bütün bunlar hələ başlanğıcdır və Rusiya rəhbərliyinə, əhalisinə, dövlət olaraq Rusiyaya yaxşı heç nə vəd etmir və yaxın qonşumuz olan bu ölkə hələ uzun müddət Ukraynanın, eləcə də özünün başına gətirdiyi bu bəlanın əziyyətini çəkəcək.

Eləcə də bu gedişlə Putinin qətiyyən siyasi tərbiyə, ümumiyyətlə tərbiyə göstəricisi olmayan və Ukraynanı nəzərdə tutaraq söylədiyi “xoşun gəlsə də, gəlməsə də döz, mənim gözəlim” ibarəsi elə Putin başda olmaqla, artıq Rusiyanın özünə şamil olunur və hələ xeyli vaxt da olunacaq...
Cəlal Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.