Erməni təxribatları səngimir: “Dəmir yumruq” yenə işə düşəcək?

11-03-2022, 21:11           
Erməni təxribatları səngimir: “Dəmir yumruq” yenə işə düşəcək?
Erməni silahlı birləşmələri Qarabağda Azərbaycan Ordusunun mövqelərini mütəmadi atəşə tutur.

Silahlı təxribatların daha çox Xocalı və Ağdam istiqamətlərində baş verdiyi bildirilir. Son günlər erməni yaraqlıları Xocalı rayonunun Pirlər və Xanabad kəndləri istiqamətində xüsusilə fəallaşıb. Təxribatlar dayanmasa, Azərbaycan Ordusu gərginliyi aradan qaldırmaq üçün antiterror əməliyyatı aparmaq hüququndan istifadə edə bilər.

Yaranmış vəziyyətlə bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, erməni silahlı birləşmələrini zərərsizləşdirmək üçün tədbirlər görülməlidir:

“Bölgədəki Rusiya sülhməramlıları isə Azərbaycanın bu addımının qarşısını ala bilməz. Erməni silahlıları Ukraynada baş verən hadisələrdən cəsarətləniblər. Həm də ötən il noyabrın 16-da Ermənistan ordusunun başın yumruq zərbəsinin endirilməsindən müəyyən qədər vaxt keçib.

Hesab edirəm ki, atəşkəsin pozulduğu əraziyə dərhal zərbə endirib, həmin mövqeləri nəzarətə götürsək ermənilər gələcəkdə belə səhvlərə yol verməyəcək. Artıq o ərazilərin sülhməramlıların nəzarətində, yoxsa Azərbaycan-Ermənistan sərhəddində olmasına fərq qoymaq lazım deyil. Atəş açılan ərazinin külünü havaya sovurmaq və orada Azərbaycan əsgərini və bayrağını yerləşdirmək lazımdır. Ondan sonra belə faktlara daha az rast gələcəyik”.

Qeyd edək ki, bəzi ekspertlər hesab edir ki, indiki şəraitdə ermənilərin təxribatlarına cavab vermək Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan tərəfi təmkin nümayiş etdirməlidir. Çünki bölgədə münaqişənin alovlanması ermənilərin maraqlarına cavab verir.

Lakin Ədalət Verdiyev bu fikirlə razılaşmır. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində erməni silahlı birləşmələrinin hərbi cinayətlər törətməsinə göz yuma bilməz:

“Biz öz ərazimizdə törədilən təxribatların alt sətirlərini oxumağa, oradan məntiqi nəticələr çıxartmağa çalışmamalıyıq. Ona görə də çox düşünmək lazım deyil”.

“Rusiya sülhməramlı qüvvələri Azərbaycan Ordusunun hərbi əməliyyatlar aparmasına mane ola bilərmi” sualına eksert belə cavab verdi:

“Bu siyasi səviyyədə həll olunmalı məsələdir. Ordunun vəzifəsi dövlətimizin təhlükəsizliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir”.

Ermənilərin nə üçün məhz Xocalı istiqamətində təxribatlarınıan artmasına gəlincə, Ədalət Verdiyev qeyd etdi ki, bu Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun şəxsi biznes maraqları ilə bağlı ola bilər:

“General Volkovun həmin ərazidə üzüm bağları, şəxsi təsərrüfatı var. Görünür, ermənilər belə zənn edir ki, Volkov biznes maraqlarına görə onları müdafiə edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.