Ukraynada nə qədər rus əsgəri öldürülüb – CIA tək, Kiyev iki rəqəmlə başlayır

12-03-2022, 08:03           
Ukraynada nə qədər rus əsgəri öldürülüb –
Bir-biri ilə uyğunsuzluq təşkil edən hesabatların izi ilə

Rusiya Silahlı Qüvvələri Ukraynada 2000-4000 nəfər arasında itki verib. Bunu ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri Skott Berrier deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin iclasında çıxış edən Berrier “Bizim hesablamalarımıza görə, Rusiya Ukrayna müharibəsində artıq iki ilə dörd min arasında adam itirib”, - deyə bildirib. Qeyd edib ki, Rusiya Ukraynada gözləniləndən çox əsgər itirib.

Eyni iclasda çıxış edən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Rusiyanın Ukraynada istədiyi nəticəni əldə edə bilmədiyini vurğulayıb: “Rusiya Prezidenti Vladimir Putin qəzəblidir və vəziyyətdən razı deyil və məyusdur. O, çox güman ki, öz səylərini (Ukraynada) ikiqat artıracaq və mülki itkilərdən asılı olmayaraq Ukrayna ordusunu alt-üst etməyə çalışacaq, lakin Putin üçün bu kampaniyanın siyasi baxımdan məqsədəuyğun sonu yoxdur”.

CIA rəhbəri Rusiyanın hücumların intensivliyini artıracağı və "gələcək bir neçə həftənin çox çətin olacağı" barədə xəbərdarlıq edib.

Maraqlıdır ki, Ukrayna tərəfi bu müharibədə artıq 12 min rus hərbçisinin öldüyünü iddia edir, amerikalılar isə bu rəqəmi ən azı 3 dəfə aşağı adlandırırlar. Bunu necə izah etmək olar?

Bundan əlavə, CIA-nn Ukraynada müharibənin daha bir neçə həftə davam edəcəyi ilə bağlı proqnozu heç də ürəkaçan deyil. Axı bir çox ekspertlər Rusiya hərbi maşınının dözümlülüyünün və resurslarının ən çox bu həftənin sonuna qədər davam edəcəyini proqnozlaşdırırdılar. Bu uyğunsuzluqları necə izah etmək olar? Kimin təxminləri daha doğrudur?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ukraynalı politoloq, “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin rəhbəri, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar:

“Əvvəla, qeyd etmək istərdim ki, biz hansısa “Ukraynada müharibə”dən deyil, Rusiya Federasiyasının Ukraynaya təcavüzündən danışmalıyıq. Başlama tarixi 20 fevral 2014-cü ildir. Və 24 fevral 2022-ci ildə Rusiya silahlı qüvvələrinin Ukraynaya birbaşa müdaxiləsinin yeni açıq mərhələsi başladı ki, bu da Kreml Füreri tərəfindən “xüsusi əməliyyat” adlandırıldı.

Silahlı Qüvvələrin Baş Qərargahının hesabatlarına “düşmənin ümumi döyüş itkiləri” və ya ingiliscə “total combat losses of the enemy” daxildir. Şəxsi itkilərin sayına gəlincə, bura təkcə döyüş meydanında həlak olanlar deyil, həm də ağır yaralanmış, əsir düşmüş, itkin düşmüş hərbi qulluqçular, yəni artıq hərbi vahid üçün geri qaytarılmaz şəkildə funksional vəzifələri yerinə yetirə bilməyən və itkin düşmüş şəxsi heyət də daxildir. Əlbəttə ki, bunu dəqiq hesablamaq mümkün deyil, buna görə də döyüşlərdən sonra səhra məlumatlarının - ölülərin toplanmış əlamətləri, itirilmiş avadanlıqların sayı və müvafiq olaraq ekipaj üzvləri və s. qiymətləndirilməsi əsasında ümumiləşdirilmiş rəqəm verilir.

Bununla belə, qeyd etmək lazımdır ki, kadr itkisinə gəlincə, rəsmiyə yaxın mənbələr 12 min rəqəminin hələ də bərpa olunmaz sanitar itkilər, yəni “iki yüzlüklər” - ölənlər olduğunu qeyd edir. Sanitar itkilərin ümumi rəqəminə (38 minə) bütün digər itkilər - yaralılar, xəstələr də daxildir.

Amerikalılar isə, çox güman ki, öz metodologiyaları əsasında - ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatlarının təcrübəsinə əsaslanaraq və Rusiya ordusunun Amerika ordusu kimi hərəkət etdiyinə inanaraq, ölənlərin sayını göstərirlər. Bu yanaşma olduqca şübhəlidir və buna görə də 2000-4000 nəfər arasında ölü rəqəmlərinin, eləcə də geniş diapazonlu təxminlərin etibarlılığı şübhəlidir. Elə onların bir sıra digər qiymətləndirmələri və proqnozları kimi. Putinin “xüsusi əməliyyatı” başlayandan bir-iki gün sonra Kiyevin tutulmasını necə “proqnozlaşdırdıqlarını” xatırlamaq kifayətdir.

Amma Rusiya ordusunun böyük itkilər verməsi aviasiya itkisi ilə sübut olunur. Martın 9-da - “xüsusi əməliyyatın” 14-cü günü səhər saatlarına ruslar 49 döyüş təyyarəsi və 81 helikopter itirib. Bu cür “xüsusi əməliyyat” üçün belə itkilər kifayət qədər yüksəkdir. Onların arasında tərifli “Su-30”, “Su-34”, “Ka-52” var. Daha əvvəl Suriya şəhərlərini bombalayan Putinin “mahirləri” öldürülüb və ya əsir götürülüb.

İndi isə döyüş əməliyyatlarının müddətinin proqnozuna gələk. Putinin blitskriegi uğursuzluğa düçar oldu, döyüşlər uzanır. Ukrayna Silahlı Qüvvələri işğalçıların tədricən tədarük xətlərini kəsir. Təbii ki, itkilərimiz də olur. Ancaq biz öz torpağımızdayıq və bu gün bütün Ukraynanın anım gününü qeyd edən Taras Şevçenkonun yazdığı kimi: “Sənin daxmanda sənin öz həqiqətin, gücün və iradən var!”. Ona görə də həm Rusiyanın, həm də Amerikanın proqnozları yanlışdır. Məqsədimiz dəyişməz olaraq qalır – “raşist” işğalçıları Ukraynadan qovmaq və misantrop Putin rejimini məhv etmək”.

Çexiyada fəaliyyət göstərən rusiyalı hərbi-siyasi ekspert Yuri Fedorov:

“Rusiya ordusunun şəxsi heyətinin itkiləri ilə bağlı hesablamalardakı fərqlər bir neçə amillə izah olunur. Birincisi, hesablamaların hansı dövrə aid olduğu tam aydın deyil. Çünki 12 min və daha çox rəqəmini Ukrayna hakimiyyəti müharibənin 13-cü günündə verib. Mərkəzi Kəşfiyyat İdarəsinin təxminlərinə gəlincə, onların hansı tarixə verildiyi hələlik bəlli deyil.

Bundan əlavə, hər gün hər toqquşmadan sonra düşmənə verdirdikləri itkilər barədə öz komandanlığına hesabat yazan bölmə komandirlərinin hesabatları əsasında alınan təxmini hesablamalarda fərq var. Bu məlumatlar çox vaxt həddindən artıq qiymətləndirilir.

Qiymətləndirmələrin qeyri-müəyyənliyi ilə bağlı başqa məqamlar da var. Çünki faktiki olaraq düşmənin meyitlərindən toplanan jetonların yalnız kiçik bir hissəsi müvafiq bölmənin komandanlığına gedir. Yəni, Ukrayna hakimiyyəti həmin jetonları toplaya və CIA-yə təqdim edə bilər. Bu isə real itkilərin əsl təsdiqidir.

Müstəqil Qərb ekspertlərinin verdiyi digər hesablamalara gəlincə, Britaniya Silahlı Qüvvələr Kral İnstitutunun keçmiş direktoru Maykl Klark “Sky News”-a verdiyi yeni müsahibəsində rus qoşunlarının itkisini təxminən 10 min nəfər kimi qiymətləndirib. Bu təxmin Ukrayna hakimiyyətinin verdiyi rəqəmlərə daha yaxındır.

Beləliklə, ortada sadəcə olaraq dəqiq, təsdiqlənmiş məlumatların müxtəlif qiymətləndirilməsi var. Və bu, yalnız düşmən cəsədlərinin fotoşəkilləri ilə əlaqəli məlumatlar və ya məsələn, bu və ya digər bölmənin itkiləri adlandırıla bilən düşmən radio rabitəsinin tutulması ilə əlaqəli təxminlər ola bilər. Bu məqamları mən belə izah edirəm.

Rusiya hərbi maşınının resurslarına gəlincə, bu həftənin sonuna kimi onun nəfəsinin tükənəcəyini ciddi proqnozlaşdıran ekspertləri tanımıram. Bu, qətiyyən doğru deyil. Söhbət ondan gedir ki, Rusiya bu əməliyyat üçün nəzərdə tutulan, demək olar ki, bütün qrupu Ukraynadakı döyüşlərə cəlb edib. Bu, Rusiya Federasiyasının Quru Qoşunlarının mövcud tərkibinin təxminən 75%-ni təşkil edir. Digər strateji teatrlarda belə aksiyalar nəticəsində yaranan boşluqları ört-basdır etmək üçün guya hərbi təlimlərə çağırılmış ehtiyatda olan hərbçilərdən istifadə olunur.

Müvafiq sərəncamı fevralın 18-də Putin imzalayıb. Təəssüf ki, Rusiya hərbi maşını kifayət qədər resursa malikdir. Digər məsələ ondan ibarətdir ki, o, Ukraynada qələbə qazana bilmir. Bu gün artıq aydındır ki, Rusiya komandanlığı bir neçə şəhəri - Kiyev, Xarkov, Nikolayev, Mariupolu uzunmüddətli mühasirəyə almaq taktikasına keçib. Bu şəhərlər əsas zərbələr altındadır.

Bu, Rusiya strateji komandanlığının fantastik uğursuzluğudur, çünki onların 200 min əsgər və zabiti ən azı 4 istiqamətə səpələnib. Hərbi nəzəriyyə və praktikaya dair bütün dərsliklərdə yazılan elementar həqiqətdə deyilir ki, qoşunlar bir yumruq kimi yığılmalıdır. Hər halda, Ukraynanı hələ də uzun, bəlkə də bir neçə ay və ya həftələr çəkəcək ağır müharibə gözləyir və bu müharibədən Kiyev qalib çıxacaq”.

Müəllif: Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.