Bütün icra başçılarının qanunsuz tikililərdən xəbəri var - FAKT BUDUR!

12-03-2022, 09:56           
Bütün icra başçılarının qanunsuz tikililərdən xəbəri var - FAKT BUDUR!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qanunsuz tikililər məsələsinə də toxundu. Prezident qeyd etdi ki, son vaxtlar bu məsələyə ciddi nəzarət var, dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıb: “Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək.

Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək".

Prezidentin növbəti xəbərdarlığından sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirib.

BŞİH-nin Mətbuat Xidmətinin məlumatına görə, müşavirədə çıxış edən Eldar Əzizov Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib. Bildirilib ki, son vaxtlarda rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb. Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə videofilm nümayiş etdirilib. Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-nin qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.
Görəsən, bu, BŞİH başçısının keçirdiyi neçənci müşavirə, neçənci xəbərdarlıqdır? Və bundan sonra belə müşavirələr və xəbərdarlıqlar hələ nə qədər olacaq? Əsaslı nəticə əldə ediləcəyi o qədər də inandırıcı görünmür. Çünki paytaxtdakı qanunsuz, həm də eybəcər, ümumi memarlıq ansamblına zərər verən tikililərin başında məhz icra hakimiyyətləri dayanır. Teref.az-ın məlumatına görə, problemlə bağlı fikirlərini “Şərq”lə bölüşən Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı qeyd etdi ki, icra hakimiyyətləri özünü doğrultmayan struktura çevrilib və onlar barədə mənfi imic formalaşıb:

- Korrupsiya, rüşvət halları, həbslər... bütün bunlar icra hakimiyyəti strukturu haqqında cəmiyyətdə formalaşmış mənfi fikirləri daha da gücləndirir. İcra hakimiyyətləri özünü doğrultmayan bir strukturdur. Hər bir rayon icra hakimiyyəti rəsmiləri – böyükdən kiçiyə, nəinki ərazidə aparılan hansısa tikintidən, hətta adi bir vətəndaşın mənzilində apardığı təmirdən də xəbərdardır. Yəni idarəetmə arealına daxil olan ərazilərə nəzarət bu dərəcədə əhatəlidir. Ona görə də kimsə “mənim bundan xəbərim olmayıb”, deyirsə, konkret yalan danışır. Haqlarını alırlar, tikintiyə icazə verirlər. Açıq deyirlər ki, nə qədər fürsət var, tez olun tikin, hesabat soruşulanda deyəcəyik, əvvəlki illərdə imzalanmış sərəncamlara uyğun tikilir. Əlbəttə, hamısının qanunsuz tikililərdən xəbəri var, özləri icazə verirlər. Bu, aydın məsələdir. Amma məni bir vətəndaş olaraq narahat edən həm də budur ki, niyə hər məsələyə Prezident irad bildirəndən, xəbərdaqlıq edəndən sonra məmurlar “canlanır”? Gərək hər problemi Prezident qaldırsın, irad bildirsin, sonra məmurlar işə başlasın?! Vəzifəyə təyin edilən şəxsin konkret vəzifəsi, daşıdığı məsuliyyət var. Buna əməl etməlidirlər. Bu müşavirələr də gözdən pərdə asmaq üçündür. Sabah hesabata daxil edilsin ki, filan icra hakimiyyəti cəzalanıb, töhmət verilib və sair.

M.Zülfüqarlı problemin əsaslı həlli üçün bələdiyyələrin statusunun artırılmasını vacib sayır:

- Türkiyədəki kimi bizdə də yerlərdə ikili hakimiyyət – həm bələdiyyə, həm də icra hakimiyyəti olsa, problem həllini tapar. Bələdiyyələrin statusunun artırılmasına böyük ehtiyac var. Əgər əhalinin seçdiyi bələdiyyələrin səlahiyyətləri artırılsa, icra hakimiyyətləri istədiklərini edə bilməyəcək, bələdiyyə ilə hesablaşmalı olacaqlar. Bələdiyyələr söz sahibi olacaq. Amma bir şərtlə ki, bələdiyyələrə düzgün, şəffaf seçkilər keçirilsin. Bələdiyyə sədri həqiqətən yerli əhalinin seçdiyi şəxs olarsa, dövlətin və vətəndaşın mövqeyindən çıxış edəcək, qanunsuzluğa yol verməyəcək, əks halda növbəti seçkidə seçilməyəcəyini gözə alacaq. Bununla qanunsuz tikililərin qarşısını da almaq olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.