Azərbaycanda ABŞ-ın gizli laboratoriyası? - Rusiya nəyə işarə edir...

12-03-2022, 10:00           
Azərbaycanda ABŞ-ın gizli laboratoriyası? -
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskva öz təbliğatını həm də bu ölkə ərazisindəki ABŞ-ın bioloji laboratoriyaları üzərində qurur. Rusiya Müdafiə Nazirliyi Ukraynada ABŞ-a məxsus 30 bioloji laboratoriyanın olduğunu iddia edib.

Bildirilir ki, Rusiya Hərbi Qüvvələrinə tabe olan Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov ABŞ-ın Ukraynadakı hərbi bioloji proqramı ilə bağlı açıqlamalar verib. ABŞ Müdafiə Nazirliyinin keçmiş Sovet İttifaqı coğrafiyasında hərbi bioloji proqramlar həyata keçirdiyini söyləyən Kirillov ardınca deyib: “Ukraynada 30 bioloji laboratoriya yaradılıb. Onlar elmi tədqiqat və sanitar-epidemioloji olmaqla iki növdən ibarətdir. ”Black and Veatch" şirkəti bu layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyət aparır’’.

Sözügedən laboratoriyanın Ukraynanın Lvov, Xarkov və Poltava şəhərlərində yerləşdiyi və məhv edildiyi barədə məlumat verən Kirillov “burada vəba, qarayara, brusellyoz, difteriya, salmonellyoz, dizenteriya patogenlərinin izlərinə rast gəlindiyini” iddia edib.

Kirillov əlavə edib ki, Ukraynadakı bu növ proqramlar təcili olaraq məhv edilir.

Maraqlıdır ki, Rusiya televiziyaları bu mövzunu geniş şərh edəndə yenə israr edirlər ki, bu laboratoriyalardan biri də Azərbaycan ərazisindədir.

Yada salaq ki, yanvar ayında da “Rossiya-24" telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun ”Andromeda ştammı" adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Həmin filmdə də müəllif Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib.

Rusiya niyə bu mövzuda israrından əl çəkmir? Azərbaycan niyə rəsmi şəkildə bu məsələyə reaksiya vermir?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov ittihamları əsassız sayır: “Rusiyanın bu iddiaları əslində müharibəni əsaslandırmaq üçün ola bilər. Ukraynada Amerika laboratoriyalarının olmasını da istisna etmək olmaz. Amma Azərbaycana gəldikdə bu o qədər də inandırıcı deyil. Çünki Azərbaycan balanslı siyasət aparır və Türkiyə vurğusunu artırır. Ona görə ittihamları əsaslı hesab etmirəm”.

Hərbi ekspert Ruslan İmamquliyev burada müəyyən təhlükələr görür: “Əslində bu cür məsələlər bir az bəhanəyə bənzəyir. Bunun müxtəlif nümunələri də var. Amerikanın İraqda apardığı əməliyyatlar bu cür bəhanələrlə başladıldı və Səddam Hüseynin asılması ilə yekunlaşdı. Rusiya da eyni dəst-xətlə müəyyən addımlar atmaq istəyirsə, tədbirli olmaq lazımdır. O mənada deyirəm ki, burada Azərbaycanın adının çəkilməsi bizim üçün bir təhlükədir. Düşünmürəm ki, Azərbaycan ərazisində bu cür laboratoriyalar olsun, xüsusilə, Amerika ilə əməkdaşlıq çərçivəsində. Bunun təsdiq edilməmiş şəkildə məlumat olaraq bəyan edilməsi, media vasitəsilə məlumat qismində təqdimatı həm düşündürücü, həm də bir o qədər təhlükəlidir. Amma buna qarşı rəsmi olaraq cavab verilməlidirmi? Təbii ki, cavab verilməsi mütləqdir. Hər rəsmi bəyanatı mediada görəcəyik kimi də bir şey yoxdur”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.