Dneprin al qana boyanmış “şən” sahilləri və rus bloggerləri
13-03-2022, 00:09

ən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna...
Taras Şevçenkonun bu şeirini orta məktəbdə oxumuşdum. (Təbii ki, tərcümədə və səhv etmirəmsə S.Rüstəm tərcümə etmişdi, ya da yaddaşımda belə qalıb.)
O vaxt bunu bizə Sovet xalqlarının dostluğunun təbliğatı olaraq təqdim etmişdilər. O öləndən təxminən altmış il sonra Çar Rusiyasında Sovet hakimiyyəti adlı qondarma qurum yaradıldı. Və o da özünü 73 il saxlaya bildi. Nəhayət, 1991-ci ilin dekabrında qərar verildi, avqustun 24-ü Ukrayna Taras Qriqoriyeviçin istədiyi kimi azad oldu.
Lakin 31 il sonra imperiya xislətli Rusiya yenidən “Dneprin şən sahillərini” qana boyadı. Artıq 17-ci gündür ki, Rusiya “o gözəl Ukrayna”ya hücum edib və qədim dövləti ev-ev, bina-bina bambalarla mərmilərlə dağıdır. İnsanları yaşayış yerlərindən qovur, məktəbləri, uşaq bağçalarını, hətta doğum evini bombalayır.
Mən bunları niyə xatırlatdım. Çünki “xalqlar dostluğu” barədə təbliğat bizə o vaxt mərkəz saydığımız Rusiyadan gəlirdi. İndi həmin keçmiş “mərkəz” xalqların düşməninə çevrilib. Ətrafındakı bütün keçmiş SSRİ-in süqutundan sonra yaranmış dövlətində münaqişə ocaqları (və ya potensial ocaqlar) yaradıb “istisinə isinir”. Dünya da bir gün laqeydliyi kənara atıb ona “dur” demək üçün planlar qurdu, fəaliyyətə keçdi. Nəticə isə günümüzdəki Ukrayna ilə müharibəni yaratdı. Ki bu barədə hər birimiz müəyyən qədər məlumatlıyıq.
Mənim isə diqqətimi bu gün sosial şəbəkələrdə gündəm olan Rusiya bloggerləri çəkdi.
Bir Ukrayna vətəndaşı üç rusiyalı blogger xanımın videosunu paylaşıb. Rusiyalı bloggerlər sosial şəbəkə mənbələrinə girişin məhdudlaşdırılmasından şoka düşüblər.
Bloggerlərdən biri bunu təkcə işinin itirilməsi deyil, onun “həyatından, ruhundan məhrum olması” adlandıraraq şikayətlənir. Mənəvi zərbə aldığını deyərək hönkür-hönkür ağlayır. Digəri deyir ki, bu onun evi idi, “8 ilə qurduğum ev yanır, mən heç nə edə bilmirəm”. Üçüncüsü isterika ilə döyünür: “Mən nə yeyəcəyəm? Nə “Lipton”, nə “Doritos”, nə də “McDonald's” var! Bu dəhşətdir”.
Təbii ki, biz xanımların isterik vəziyyətdə işlətdikləri ifadələri oxucuya layiq şəkildə təqdim etməyə çalışırıq. Və hesab edirəm ki, bu xanımların sosial şəbəkələrə çıxışın məhdudlaşdırılmasından stressə düşərək keçirdikləri hisslər və işlətdikləri ifadələr bütövlükdə rus xalqının hadisəyə baxışıdır.
Birinci xanım mənəvi zərbə aldığını deyir, amma onu demir ki, onun ölkəsi indi ukraynalı uşaqların başına bütün hərbi vasitələrdən raket zərbəsi endirir. O sosial şəbəkə həsrətindən yanıb qovrulanda, Ukrayna xalqı onun ölkəsinin od saçan silahları altında alataş olub. Adi qidaya, suya, dərmana, hətta təmiz havaya belə möhtacdır.
İkinci xanım, “səkkizillik evim yanır”,- deyə vəziyyətin onun üçün çox dramatik olduğunu poetikləşdirməklə ifadə etməyə çalışıb. Həmin gün Rusiya ordusu qədim binaları, insanların yaşayış evlərini dağıdırdi. Qədim tarixi binalar təyyarədən atılan raketlərlə bir anda alovlara qərq edilir. Orada romantika deyil, vəhşət yaşanır.
Üçüncü xanımın dərdi isə daha “ağırdır”: “Mən nə yeyəcəyəm? Nə “Lipton”, nə “Doritos”, nə də “McDonald's” var”,- deyir. Amma onun ölkəsinin işğalçı hücumu sayəsində Ukrayna xalqı indi quru çörəyə möhtacdır. Özlərini və övlarlarını rus bombasından qorumaq üçün zirzəmilərdə yaşayırlar. Uşaqlar bir damcı suya, normal yuxuya həsrətdirlər. Hər an onları haqlayacaq ölüm qorxusu altında əzilirlər.
Bu eyni kökdən olan qardaş xalqın oxşar həyat tərzlərinin fərqli şəraitdə yaşadığı zaman kəsiyidir. Zaman keçəcək, o xalqlar yenə qonşu olaraq yaşayacaqlar. Amma artıq onları qardaş olduqlarına Taras Şevçenko da inandıra bilməz. İndi Dneprin şən sahillərinə bombalar düşür, mərmilər partlayır. İnsanlar al-qırmızı qana boyanırlar. Artıq Şevşenko onunla təxminən eyni dövrdə yaşamış İvan Turgenyevlə qardaş ola bilməz. Çünki bir qardaş bu qədər zalım olmaz, ya da bu qədər zalım olan qardaş olmaz. Bu xalqların yenidən qardaşlaşmasına yüzillər lazım olacaq, o vaxta qədər yeni imperiya həvəsi yaranmasa...
Qadir Musaoğlu
P.S. Etik səbəblərdə videolardan yalnız birini təqdim edə biləcəyik.
If you still harbor any sentimental feelings towards “ordinary Russians” because of the sanctions , here’s a “blogger” crying about the fact that she won’t be able to access her monetized Instagram.
— Слава Україні???????? (@ignis_fatum) March 11, 2022
Not Ukrainian civilians being buried in mass graves. pic.twitter.com/MBZ74OJ6SM