"Bu məsələ ənənəvi mediadan peşəkar yanaşma tələb edir" - Qulu Məhərrəmli

15-03-2022, 11:55           
"Bu məsələ ənənəvi mediadan peşəkar yanaşma tələb edir" - Qulu Məhərrəmli
Baş Prokurorluq və Müdafiə Nazirliyi media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Qeyd olunub ki, son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır. Vurğulanıb ki, bu tərz uydurma xəbərlər ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Baş Prokurorluq diqqətə çatdırıb ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək: “Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.

Qurumlar sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırıb. Dia.az xəbər verir ki, müvafiq qurumların xəbərdarlığı ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist, media eksperti, professor Qulu Məhərrəmli bunun çox ciddi və birbaşa dövlətin, ölkənin təhlükəsizliyi ilə bağlı olduğunu deyib. Professorun sözlərinə görə, bu məsələyə yanaşmada ikinci fikir yoxdur:

“Sosial mediada bəzən əyləncə, maraq və fərqlənmə xatirinə yalan, gerçəyi əks etdirməyən məlumatlar, yaxud keçmiş dövrə aid foto və videolar paylaşılır. Vətəndaşlarımız belə məqamlarda çox diqqətli olmalıdır.

Peşəkar media orqanları isə sosial şəbəkələrdəki dəqiq olmayan məlumatlara, foto və videolara istinad etməməlidir.

Sosial şəbəkə mötəbər mənbə deyil və orada yayılan xəbərlər çox vaxt həqiqəti əks etdirmir. Əksər hallarda manipulyativ, sensasiya xatirinə yerləşdirilmiş materiallar olur. Bu məsələ ənənəvi mediadan peşəkar yanaşma tələb edir.

Baş Prokurorluğun və Müdafiə Nazirliyinin müraciətinin söz, mətbuat azadlığı, jurnalistin sərbəst fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Burada söhbət birbaşa milli təhlükəsizlikdən gedir.

Bütün media qurumları, hər bir vətəndaşımız bunu nəzərə almalı, maksimum diqqətli və həssas olmalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.