QƏRB ERMƏNİSTANI AZƏRBAYCANIN “QUCAĞINA ATIR” – Rəsmi Bakının İranla imzaladığı anlaşma memorandumunun pərdəarxası Rəsmi Bakının İranla imzaladığı anlaşma memorandumunun pərdəarxası

15-03-2022, 17:40           
QƏRB ERMƏNİSTANI AZƏRBAYCANIN “QUCAĞINA ATIR” – Rəsmi Bakının İranla imzaladığı anlaşma memorandumunun pərdəarxası
Məlum olduğu kimi, bu günlərdə rəsmi Bakı və Tehran arasında Ermənistan-İran sərhədindən təxminən beş kilometr cənubdan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında nəqliyyat və kommunikasiya dəhlizinin açılmasına dair anlaşma memorandumu imzalandı.

Bu marşrut əslində Ermənistan və Azərbaycanın 2020-ci ilin noyabrında razılaşdığı, lakin açılması ilə bağlı irəliləyiş əldə olunmayan anlaşmanı demək olar ki, təkrarlayır. Bu səbəbdən, Azərbaycan rəsmiləri bu marşrutun bütün region üçün “sensasiyaya çevrilmək” potensialının olduğunu açıqlayırlar. Bu o deməkdir ki, bir tərəfdən Azərbaycanla Türkiyə Naxçıvan eksklavı vasitəsilə üzərində çox çalışdıqları quru əlaqəsini əldə edirlər, digər tərəfdən İrəvan və onun arxasında dirijorluq edən Moskvanın Qarabağ və Laçın dəhlizi ilə bağlı Bakıya təsir rıçaqları minimuma enir. Hətta belə demək olarsa, İranın regionda əlini daha gücləndirir.

Anlaşma Memorandumuna əsasən, hər iki tərəf bir ay ərzində bu dəhlizdən keçən avtomobil və dəmir yollarının açılmasına dair rəsmi saziş hazırlamağı, növbəti il ​​və ya daha çox müddətdə körpülər və yol qovşaqlarında lazımi işləri mümkün qədər tez başa çatdırmağı öhdəsinə götürdü. Aydın məsələdir ki, yeni dəhlizin məqsədi təkcə Naxçıvanı Azərbaycanın materik hissəsinə bağlamaq deyil, bu yol daha geniş mənada Şərqlə Qərbi, Avropa və Asiyanı birləşdirən regional nəqliyyat və logistik strukturun bir hissəsinə çevriləcək. Başqa sözlə, İran regional dəhliz qovşaqlarında əsas halqa olmaq uğrunda strateji mübarizəsində - Şərq-Qərb dəhlizində əsas məqsədinə nail olmağa doğru gedir.

Sözsüz ki, bu vəziyyət bütün regional nəqliyyat arxitekturasını tamamilə dəyişəcək. Bəs, uzun müddətdir İranı təcrid etməyə çalışan Qərb buna necə yanaşacaq?

Əslində, Rusiyanın neft-qaz ixracatına qadağa qoyan ABŞ-ın başını çəkdiyi Qərb ölkələri Tehranla nüvə anlaşmaları sazişində razılaşmaya gələrək, İranı sanksiya məngənəsindən qurtarmağı planlayır. Son günlərdə Kremlin İranla əldə olunacaq nüvə sazişində Moskvanı təmin etməyəcək şərtlər salınmasına etirazı da şimal qonşumuzun bu məsələdən "xoşhal olmadığını" üzə çıxarır. Təbiidir ki, Moskva Tehranın regional müstəvidə ondan daha üst səviyyəyə qalxmasına qısqanclıqla yanaşır. Məsələn, Moskva Tehranın geri çəkilməsinə nail olmaq üçün Şimali İranın - Güney Azərbaycanın etnik azərbaycanlıları arasında problem yaratmağa çalışacaqmı, yoxsa bu məsələdə 2020-ci ildəki 44 günlük müharibədə qazandığını düşündüyü "kötək tutan əlini" itirməsi ilə barışacaqmı?

Azərbaycan üçün zəruri olan əsas nüans odur ki, bu dəhliz Azərbaycan və İran arasında Bakının çoxvektorlu xarici siyasətini yeritməyə davam etdirməsinə imkan verəcəkmi? Sözsüz ki, Bakı Avropanın enerji resursları ilə təminatında önəmli rol alacaq. Qərb özü Rusiyanın əvəzində İranla işləməkdən və belə demək olarsa Moskvanı Tehranla əvəzləməkdən imtina etmək istəmir. Ən azından indi belə görünür. İran da Rusiyaya nisbətən regional rolunun artmasından razıdır. Həmçinin, Rusiyanın əsas söz sahibi olmaq üçün çox çalışdığı Zəngəzur dəhlizindən isə özünün təsirə malik olduğu yeni Türkiyə-Naxçıvan-İran-Azərbaycan dəhlizi ona daha çox sərfəlidir. Burada Tehran faktiki olaraq Moskvanı oyundankənar vəziyyətə salır və təşəbbüsü ələ keçirir. Üstəlik, pərdə arxasından Ağ Evin, ön planda isə Pekinin dəstəyi ilə. Odur ki, oyun çox böyükdür və Rusiya tərəfindən qələmə verilməyə çalışılan Moskva-Pekin əməkdaşlığı göründüyü kimi də isti deyil. Ən azından Tehran-Pekin əməkdaşlığı qədər. Belə görünür ki, Rusiya Ukraynanın tələyə salınması üçün "siçan tələsində pendir" rolu oynadığını anlamadı və ştrixləri cızılmaqda olan yeni "böyük oyun"da Çinin qarşısına növbəti "şikar" kimi atılacağının fərqində deyil. Bəlkə də fərqindədir, amma çıxış yolu yoxdur. Çin də Moskvanın ona qarşı səmimi olmadığını bildiyindən Moskvanın arbitri olduğu Ermənistandan keçməsi planlaşdırılan Zəngəzur dəhlizinə "xeyir-dua" vermədi.

Burada Ermənistanın yenə də regional layihədə bir daha "offsayt" vəziyyətinə düşdüyünü gördük. Uzun müddət Zəngəzur dəhlizi layihəsi ilə Azərbaycanı şantaj edən, bu güzərgahın gah yol gah da dəhliz olması üzərində qalmaqal qoparan, rəsmi Bakıya müxtəlif şərtlərlə meydan oxuyan rəsmi İrəvan inadkarlığı üzündən yenə qapı arxasında qaldı. Bu yəqin ki, "3+3" formatının da mahiyyətinin dəyişməsinə gətirəcək. Üstəlik, rəsmi İrəvanın son vaxtlar post-müharibə vəziyyətinin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasında israrı onu göstərir ki, Ermənistan konstruktiv mövqeyə doğru gəlməkdən uzaqdır. Açıqca görünür ki, İrəvanın bu mövqeyində Nikol Paşinyanın son Paris səfəri öz sözünü deyib. Regional əməkdaşlıqdan Parisin direktivləri istiqamətində imtina edən İrəvanı bölgəsəl layihələrdən kənarda qalmaq və yeni məğlubiyyətlər seriyası gözləyir.

Son günlərdə nümayişkaranə şəkildə Ukraynaya müdaxilə məsələsində Rusiyanı dəstəklədiyni göstərən erməniləri daha pis sürprizlər gözləyir. Çünki Moskva belə desək, indi "başının hayına qalıb" və mövqelərini itirmək üzrədir. Erməni qəbiləsini dövlət kimi ortalığa gətirən Moskvanın sürüşüb gedən ətəyindən yapışmaq onları xilas etməyəcək. Üstəlik, Rusiyanın mövqelərini itirməkdə olduğunu görərək Parisin "ağuşuna qaçmaq istəyən", yeni isti sığınacaq axtaran İrəvanın məhz Azərbaycanın qucağına sığınmaq istəyəcəyi zaman uzaqda deyil.

Qafqaz.media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.