“Problem nə torpaqda, nə suda, nə də kənd təsərrüfatında deyil, bu sektordakı idarəetmədədir”

15-03-2022, 18:27           
“Problem nə torpaqda, nə suda, nə də kənd təsərrüfatında deyil, bu sektordakı idarəetmədədir”
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir çox işlər görülüb. Belə ki, müxtəlif istehsal sahələri yaradılıb, zavod və fabriklər tikilərək istifadəyə verilib. Eyni zamanda kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün sahibkarlara müəyyən subsidiyaların verilməsi təmin olunub. Lakin bu gün neft sektoruna alternativ kimi inkişaf etdirilməsi vacib hesab edilən ən perspektivli sahə kənd təsərrüfatı olsa da, burada vəziyyət heç də ürəkaçan deyil.

Qeyd etmək lazımdır ki, hazırda kənd təsərrüfatına yararsız olan şoran torpaqların yararlı sahələrə çevrilməsi üçün lazımı addımlar atılmır. Bunun üçün böyük vəsait tələb olunmasa da, aidiyyatı strukturlar məsələyə biganə yanaşmaqda davam edirlər. Məsələn yararsız torpağı bol gübrə və peyin vasitəsi ilə istifadəyə yararlı vəziyyətə gətirmək mümükün olsa da, bu istiqamətdə demək olar ki, heç bir iş görülmür. Nəticədə isə yararlı torpaqların sayı azalır.

Mövzu ilə bağlı KONKRET.az–a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, torpaqlar iki kateqoriyaya bölünür: “Biri var kənd təsərrüfatına, biri də var əkinə yararlı torpaq sahələri. Kənd təsərrüfatına yararlı torpaq dedikdə burada örüş əraziləri də nəzərdə tutulur. Kənd təsərrüfatına yararlı torpaqlar təxminən 4,7 milyon hektardır. Bunun əkinə yararlı hissəsi isə 2 milyon hektar təşkil edir. Əslində bizim əkin aparmaq üçün kifayət qədər torpaq ərazimiz var. Bu ərazidən səmərəli istifadə etsək, biz özümüzün bütün kənd təsərrüfatı məhsullarına olan tələbatımızı tam ödəyə bilərik. Hətta bu məhsullardan bir az da ixrac etmək mümkündür. Amma məsələ burasındadır ki, biz əkinə yararlı torpaqlardan da səmərəli istifadə edə bilmirik. Bu torpaqlar son zamanlar deqradasiyaya məruz qalıb və suvarma qaydasında aparılmır.

Torpaqların münbitləşdirilməsi istiqamətində lazımı tədbirlər həyata keçirilmir. Yəni torpağa barbar kimi bir yanaşma var. Ona görə də ölkədə tədricən məhsuldarlığın aşağı düşdüyünü görürük. Bütün bu işlərin həyata keçirilməməsinin isə bir çox səbəbləri mövcuddur. Birincisi, Kənd Təsərrüfatı Nazirliyi hələ öz siyasətini müəyyən edə bilməyib. Bunun üçün dövlət proqramı hazırlanmalı və hökumətlə razılaşdırılmalıdır. Burada Meliorasiya və Su Təsərrüfatı ASC-nin hansı işləri görməli olduğu müəyyənləşməlidir. Daha sonra Maliyyə Nazirliyinin bu istiqamətdə nə qədər maliyyə resursu ayırmalı olduğu müəyyənləşməli, İqtisadiyyat Nazirliyinin hansı işləri görməli olduğu aydınlaşmalıdır. Bir çox nazirliklər var ki, onlar da bu dövlət proqramının hazırlanmasında və həyata keçirilməsində müəyyən işlər görməlidirlər. Amma bunların hazırladıqları dövlət proqramları söz yığınından başqa bir şey deyil”.

Vahid Məhərrəmov əlavə edib ki, torpağın keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulmursa, o zaman bitkiçiliyi inkişaf etdirmək mümkün deyil: “Suvarma sisteminin yaxşılaşdırılması, suya olan tələbatın ödənilməsi nəzərdə tutulmursa, o zaman bitkiçiliyin inkişafından danışmaq olmaz. Ekologiya ilə bağlı tədbirlər həyata kçirilməyəcəksə, kənd təsərrüfatı sahəsini inkişaf etdirmək çətin olacaq. Məsələyə kompleks yanaşma olmalıdır. Amma kənd təsərrüfatına qeyri-peşəkarlar cəlb edilib. Bu şəxslərin arasında bir nəfər də olsun sahəni bilən mütəxəssis görmürəm. Kənd Təsərrüfatı Nazirliyi və onun nəzdində yaradılan Aqrar Tədqiqatlar Mərkəzində bir nəfər də olsun bu sahədən xəbəri olan adam yoxdur.

Sözdə hər şey yaxşıdır desələr də, heç bir əməli nəticə görünmür. Nəticədə isə idxaldan asılılıq artır. Nəticə əldə etmək üçün ilk növbədə torpağın keyfiyyəti yaxşılaşdırılmalı, suvarma suyuna olan tələbatın ödənilməsi ilə bağlı addımlar atılmalı, istehsal vasitələrinin bir qisminin ökə daxilində istehsalı təmin edilməli, Azərbaycana gətirilən mineral gübrələrin keyfiyyətinə xüsusi önəm verilməlidir. Əgər keyfiyyəti aşağı olan gübrədən istifadə etsək, o zaman torpağın deqradasiyaya uğramasına şərait yaratmış olarıq. Əgər sahəyə qeyri-peşəkarlar cəlb olunursa, sözügedən sektorda vəziyyət bu cür olacaq. Kənd təsərrüfatı sahəsində demək olar ki, sistemsizlik hökm sürür”.

Vahid Məhərrəmli: "Bahalaşma kənd təsərrüfatına ciddi problemlər yaradacaq"

Ekspertin sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin olunan Zaur Mikayılov insan kimi yaxşı ola bilər. Amma yaxşı insan hələ yaxşı peşəkardır demək deyil. Zaur Mikayılov bu sahədən bixəbər adamdır: “Bundan əvvəlki sədr o sahənin peşəkarı idi. Amma problemləri həll edə bilmədi. Çünki bu sahəyə ayrılan pulların çox hissəsi mənimsənilir. Bu gün iqlim dəyişikliyi baş verir. Dağlara əvvəlki qədər qar yağmır. Yağan qarın qısa bir müddətdə əriyib tükəndiyini müşahidə edirik. Əvvəllər dağlarda qar yağardı və buz bağlayardı. Onun suyu isə təxminən avqust ayına kimi bizə kifayət edərdi. İndi isə iyul ayının əvvəllərində suyun tükəndiyini görürük. İndi qarın əvəzinə intensiv yağışlar yağır. Ona görə də, bu yağış sularını rezervuarlara və su anbarlarına yığmaq lazımdır. Amma iki ilə yaxındır Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin olunan Zaur Mikayılov və onun komandası hər dəfə quraqlıq olduğunu bəhanə gətirir. Azərbaycanda tarixən quraqlıq olub. Amma suvarma suyuna olan tələbatı təşkil etmək lazımdır.

Azərbaycanın su resursu tələbatdan 7-8 dəfə çoxdur. Tələbat 3,5-4 milyard kub metrdir. Amma su ehtiyatları 21-30 milyard kub metrə yaxındır. Belə olan halda niyə o sudan səmərəli istifadə olunmur? Çünki bizdə su itkiyə gedir. Yəni problem nə torpaqda, nə suda, nə də kənd təsərrüfatında deyil. Problem bu sektordakı idarəetmədədir. Aqrar Tədqiqatlar Mərkəzinə rəhbər gətirilən şəxsin bu sahədən heç bir anlayışı yoxdur. Boş-boş işlərlə məşğul olmaq əvəzinə bazarın axtarışında olmalı və tədqiqat işləri aparmalıdırlar. Amma bu kimi işlərin həyata keçirilməsi istiqamətində tapşırığı qeyri-peşəkar nazir və onun müavinləri verir. Nazirlikdə yüksək vəzifələrdə aqronomlar, baytarlar, zootexnikər, Kənd Təsərrüfat İnstitutunu bitirən iqtisadçılar işləməlidir. Amma biz bunun əksini görürük. Ona görə də torpaqların deqradasiya prosesi sürətlə gedir, əkinə yararlı torpaqlarda və örüş sahələrində problemlər çoxalır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.