Ermənistan Rusiyanın işğal siyasətini dəstəkləyir... - Qərb isə ermənilərin Ukraynadakı cinayətlərinə göz yumur

6-05-2022, 08:53           
Ermənistan Rusiyanın işğal siyasətini dəstəkləyir... -
Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışarkən əksər hallarda ABŞ və digər Qərb ölkələrinin rəsmi Kiyevə verdiyi iqtisadi-siyasi dəstək, silah yardımı qabardılır. Təbii ki, bu məsələ önəmlidir, lakin indiki məqamda Kremlin işğalçı siyasətini dəstəkləyən, bu ölkəyə hərbi, informasiya və humanitar köməkliklər göstərən ölkələr haqda məlumatlar da daha çox qabardılmalıdır. Belə ölkələrdən biri də Ermənistandır.

Rəsmi İrəvan özünü Qərbə müsbət göstərmək üçün Ukraynaya dəstək verirmiş kimi bir eyforiya yaradır. Həqiqət isə ondan ibarətdir ki, bu ölkə müharibənin ilk günündən Rusiyaya hər mənada dəstək verir.

Ermənistanın Ukrayna-Rusiya müharibəsi fonunda rəsmi Moskvaya dəstək verməsi ilk belə hal deyil. Tarixə nəzər saldıqda rus-erməni işğalına dair onlarla fakta rast gəlmək olar. Misal üçün, çar Rusiyasının 19-cu əsrdə Cənubi Qafqazı işğal etməsində ən böyük pay məhz ermənilərə məxsusdur. Başda Gəncə xanlığı olmaqla, əksər xanlıqların müqavimətinin uzun çəkməməsinin əsas səbəbi ermənilərin xəyanət edərək ruslara dəstək verməsidir.

1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunlarının Azərbaycana şimaldan hücum etməsi və az müqavimət ilə bir neçə saat ərzində Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsində də erməni xəyanəti böyük rol oynayıb. Məsələ ondadır ki, həmin vaxt AXC-nin 60 mindən çox qoşunu mövcud idi, lakin həmin qoşunlar Qarabağda çıxan erməni üsyanını yatırmaq üçün bu əraziyə cəlb edilmişdi. Ruslar AXC-ni işğal etmədən öncə yenə erməni “kartını oynayaraq” böyük müqavimət görmədən Azərbaycanı işğal edə bildir.

Ermənilərin ruslara işğalçı planlarını həyata keçirmək üçün verdiyi dəstək qədər Kreml də hər zaman erməniləri dəstəkləyib. Misal üçün, Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının ən əsas səbəbi Kremlin müharibədən bir qədər öncə Azərbaycanda, xüsusilə də Qarabağda yerli əhalidən silahları toplaması və rusların 366-cı alayının erməni işğalçılarına dəstək verməsi idi.

44 günlük müharibə zamanında da rəsmi Moskva Ermənistana dəstək verib, 500 tona yaxın silahı təmənnasız olaraq Ermənistana göndərib. Təsadüfi deyil ki, aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələyə aydınlıq gətirdi. Ölkə başçısı dedi ki, “44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb”. Prezidentin qeyd etdiyi bu məqam faktiki olaraq “Azərbaycan Rusiyanın razılığı ilə Ermənistana müharibə açıb”,- arqumentini çürüdür. Peyk görüntülərindən də məlumdur ki, Rusiyadan Ermənistana 500 tona yaxın silah yardımı hava yolu ilə edilib. Bu reallıqlar altında hansısa “danışılmış müharibədən” söhbət gedə bilməz.

Nəticə etibarilə XX əsrin əvvəllərində bolşeviklərin iştirak etdiyi qırğınlardan tutmuş Birinci və İkinci Qarabağ müharibələrinə qədər Rusiya ilə Ermənistan bərabər olublar.

İşğalçılığı dövlət siyasətinin əsas priortetinə çevirən rəsmi İrəvan Ukrayna-Rusiya müharibəsinin gedişində Kremli dəstəkləyir.

Birincisi, Ermənistan Rusiyaya açıqca hərbi dəstək verir. Misal üçün, Ermənistan martın 23-də 4 ədəd “Su-30” tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib. Paşinyan daha sonra xəbəri inkar edib dezinformasiya adlandırsa da, yayılan peyk görüntüləri onun söylədiklərinin əksini göstərir. Məsələn, martın 18-də çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 “Su-30” tipli döyüş təyyarəsinin olduğu aydın şəkildə görünür. Martın 25-də çəkilən növbəti görüntüdə isə Rusiyaya göndərilən “Su-30” təyyarələri olduğu yerdə “MiQ-29” qırıcıları görünüb. Yəni xəbərlər heç də Paşinyanın dediyi kimi dezinformasiya deyil. Bu isə rəsmi İrəvanın Rusiya-Ukrayna müharibəsində kimi tərəfində durduğunun isbatıdır.

Bu gün Rusiya ordusu təkribində vuruşan yüzlərlə erməni əsilli rus vətəndaşları ilə yanaşı erməni könüllülər də var. Bu şəxslər tanklarının üzərinə fəxrlə “Armenia” yazır, Rusiya bayraqları ilə yanaşı Ermənistanın bayrağını da dalğalandırırlar.

İkincisi, az qala dünyanın hər yerində, həmçinin Bakıda Ukraynaya dəstək mitinqləri keçirildiyi halda Ermənistanda Rusiya lehinə mitinqlər təşkil edildi. Bundan başqa, rəsmi İrəvan müharibə başlayandan dəfələrlə Ukraynadakı separatçılara humanitar yardımlar da göndərib. Bu da öz növbəsində Ermənistanın Rusiyaya humanitar dəstəyini sübut edir.

Üçüncüsü, Ermənistanın Rusiya-Ukrayna müharibəsində bəlkə də ən böyük köməkliyi informasiya dəstəyidir. Rusiyanın Ukraynada başlatdığı müharibədə erməni dezinformasiya maşını və onun sözdə media kapitanları da canla-başla iştirak edirlər. Başda Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyan olmaqla Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov və başqaları Rusiyanın işğalçı siyasətini açıqca dəstəkləyirlər. Təbliğat işində ən aktiv şəkildə iştirak edən bu şəxslər təsadüfi deyil ki, Qərbin də hədəfinə tuş gəlib, başda Simonyan olmaqla, adını çəkdiyim şəxslərin bir çoxunun Qərb ölkələrinə səfərinə qadağa qoyulub.

Turan RZAYEV //reytinq.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.