Türkiyə PUA-ları hərbi paradiqmaları dəyişir...

30-05-2022, 10:14           
Türkiyə PUA-ları hərbi paradiqmaları dəyişir...
Türkiyənin PUA bazarında ABŞ və İsrailə ən ciddi rəqibdir

Kütləvi PUA tətbiqi ilə silahlı mübarizə konsepsiyasının müəllifləri

Dörd gün əvvəl Bakıda işinə başlayan TEKNOFEST bu gün başa çatdı. İlk dəfə festivalın Türkiyədən kənarda keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyildi. Bu seçim iki qardaş ölkənin münasibətlərinin real indikatoru da hesab oluna bilər. Bir çox yeniliklərlə yadda qalan festivalın maraq doğuran əsas elementləri “Bayraktar TB2” və “Akıncı” PUA-ları oldu. Azərbaycan vətəndaşlarının festivala axın etməsinin əsas səbəblərindən biri də, Vətən Müharibəsində dünyanı heyrətləndirən türk silahlarını və istehsalçılarını yaxından görmək, hər zaman Azərbaycana dəstək olan türk qardaşlarımıza, türk Ordusuna təşəkkürünü bildirməkdən ibarət idi. Xalqımız erməni silahlılarının torpaqlarımızda qovulmasında mühüm rol oynayan “Bayraktar” PUA-larını işğalçıların daim kabusu olaraq qalacaq, erməni vandallar bu PUA-ları uzun illər unutmayacaq. Odur ki, bu dəfə “Bayraktar TB2” və onun böyük qardaşı “Akıncı” PUA-ları haqqında oxuculara məlumat veriləcək.

Bayraktar TB2

Türkiyənin özəl “Baykar Makina” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” PUA-sı 2015-ci ildәn etibarәn Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn istismar edilәn kәşfiyyat, müşahidә vә silahlı vasitədir. O, gecә vә gündüz elektron optik kameralar, lazer tuşlayıcı vә lazer göstәrici, lazer mәsafәölçәn, idarəolunan raketlər vә s. kimi faydalı yüklәri daşımaq qabiliyyәtinə malikdir.

İraqda, Suriyada, Liviyada, Azərbaycanda və Ukraynada uğurlu tətbiqindən sonra Türkiyənin zərbə tipli “Bayraktar TB2” pilotsuz uçan aparatlarına tələbat durmadan artır. “Bayraktar TB2” PUA-sı Vətən Müharibəsi çərçivəsində keçirilən döyüş əməliyyatlarında Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən geniş və intensiv istifadə edilib.

Türkiyə PUA-ları hərbi paradiqmaları dəyişir

Türkiyə silahlı PUA-larının İraq, Suriya, Liviya, Azərbaycan və Ukrayn ərazisində keçirilən hərbi əməliyyatlarda tətbiqinin nəticələri hərbi doktrinaların dəyişdirilməsini zəruri etdi. Hazırda ZRK-lara qarşı yeni və effektiv silahlı mübarizə metodlarının müəllifləri sırasına Türkiyə, İsrail və Azərbaycan daxildir. Liviya, Suriya və Azərbaycanın Qarabağ məsələsində aktiv əməkdaşlıqlarına baxmayaraq, bəzi geosiyasi maraqlarda ortaq məxrəcə gələ bilməyən Türkiyə və Rusiyanın silahlarının mübarizəsi birmənalı olaraq Ankaranın qələbəsi ilə başa çatdı. Hazırda türk PUA-ları bütün silah istehsalçılarını təəcübləndirməkdə davam edir.

Bayraktarın silah dəsti

“Bayraktar TB2” üçün əsas silah, hədəfə lazerlə tuşalanan 70 mm-lik CİRİT raketləri (ROKETSAN tərəfindən hazırlanıb), MAM-L və MAM-həmçinin 8 km atış məsafəsinə malik L-UMTAS tank əleyhinə idarəlunan raketlərinin hava versiyasından ibarətdir.

Sanksiyalardan artan ixracata

“Bayraktar” PUA-larının Qarabağda istifadəsindən sonra mühərriklər də daxil olmaqla bir sıra alt sistem təchizatçıları Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə təzyiq göstərməyə çalışdılar. “Baykar Makina” isə ən qısa müddətdə həm yerli komponentlərin əldə edə bildi, həm də ixrac imkanlarını artırdı.
Bu cür riskləri minimuma endirmək üçün Ankara, daha vicdanlı tərəfdaş kimi Ukraynanı seçməsi də təsadüfi deyil, Çünki hazırda Ukraynada davam edən hərbi əməliyyatlarda “Bayraktar” PUA-ları daha effektiv rol oynayır.

“Bayraktar” PUA-sının Qarabağda məhv etdiyi hədəflərin siyahısı

Qarabağda Türkiyənin “Bayraktar TB2” PUA-ları mühüm rol oynaması kimsəyə sirr deyil. D-44, D-30, D-20 və D-1 tipli cəmi 118 artilleriya toplarının, naməlum sayda piyada, 85 ədəd T-72 tankının, 17 ədəd 2S1 özüyeriyən “Qvozdika” haubitsasının, 3 ədəd BM-30 “Smerç” və 56 ədəd BM-21 “Qrad” reaktiv yaylım sistemlərinin, 1 ədəd TOS-1 odasaçanının, 12 ədəd BMP-1, 5 ədəd BMP-2 zirehli döyüş maşınının, çoxlu sayda zirehli personal daşıyıcıları da daxil olmaqla 178 ədəd hərbi yük maşınlarının və ciplərin, 16 ədəd “Osa”, 3 ədəd “Strela-10” və 5 ədəd S-300 hava hücumundan müdafiə sisteminin müxtəlif elementlərinin “Bayraktar TB2”-lərlə məhv edilməsi faktdır. Ümumilikdə TB2-lərin Ermənistana vurduğu ümumi zərərin miqdarı 1 milyard dollardan çoxdur.

İxracı və sifarişçiləri

“Bayraktar” PUA-ları hazırda 13 ölkəyə - Türkiyə, Azərbaycan, Qətər, Ukrayna, Liviya, Türkmənistan, Mərakeş, Qırgızistan, Nigeriya, Efiyopya, Pakistan, Tacikistan və Polşaya ixrac edilib. 14 ölkə - Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qazaxstan, Bosniya-Herseqovina, Macarıstan, Latviya, Litva, Albaniya, El Salvador, Serbiya, Slovakya, Ekvador və Uruguay isə “Bayraktar TB2” PUA-lrını əldə etmək üçün Türkiyəyə müraciət edib. Diqqət etsəniz bu PUA əldə edən və etmək istəyən ölkələrin siyahısı çox genişdir. Onların arasında həm Afrika, həm Avropa, həm NATO ölkələrinə, həm Rusiya silahlarının ənənəvi istehsalçılarına, həm də vaxtilə Qarabağda tətbiqinə görə Türkiyəyə sanksiyalar tətbiq edən şirkətlərin qeydiyatda olduğu ölkələrə rast gəlinir.

“Bayraktar” PUA-larının döyüşlərdə uğurlu tətbiqi ətrafında yaradılan piar kampaniyası hazırda bir çox ölkələrin vasitələrə böyük marağını təmin edib. “Bayraktar” PUA-sının ixrac perspektivləri hazırda ən yüksək səviyyəsini əldə edib. Maraqlıdır ki, artıq rəqibləri də Türkiyədən PUA əldə etməyin yollarını axtarırlar. Əsrdən çox aviasiya istehsal tarixinə malik Ukraynanın məhz bu PUA-ları əldə etməsi, onların Rusiya ZRK-ları qarşısında ciddi üstünlüyə malik olması ilə birbaşa əlaqədardır.

Kompleksin dəyəri

“Bayraktar” PUA-ları 6 versiyada istehsal edilib. Hazırda TB” kompleks şəklində ixrac edilir. Kompleks 2 ədəd PUA-dan və yerüstü idarəetmə stansiyadan ibarətdir. PUA-ların biri 6 milyon, yerüstü idarəetmə stansiyası isə ehtiyat hissələrlə birlikdə 11 milyon dollar dəyərindədir. “Bayraktar TB2” pilotsuz vasitələrinin mühərriklərinin bir cütü 640-660 min dollara başa gəlir.

Bayraktar TB2S

Bayraktar TB2S ilk dəfə 2020-ci ilin oktyabr ayında Selçuk Bayraktarın sosial media hesabında paylaşdığı yazı ilə ictimaiyyətə təqdim edildi. Paylaşılan fotoda Bayraktar TB2-dən fərqli olaraq, yeni Bayraktar TB2S-in gövdəsində çıxıntının və burnunda peyk əlaqəsi üçün antenanın olduğu görüldü. Əlavə edilmiş peyk rabitəsi (SATCOM) xüsusiyyəti sayəsində TÜRKSAT peyki TB2-dən fərqli olaraq 150-300 km idarəetmə diapazonu əvəzinə qeyri-məhdud idarəetmə diapazonu üstünlüyünü təmin edir. SATCOM inteqrasiya olunmuş TB2S ilk uçuşunu 4 dekabr 2020-ci ildə həyata keçirib.

PUA tətbiqinin yeni konsepsiyası

Azərbaycan Vətən Müharibəsində müxtəlif konfiqurasiyalı PUA-ları bir-biri ilə qarşılıqlı əlaqədə tətbiq etməsi, Ermənistan ZRK-larına ən ciddi problemləri yaradırdı. Pilotsuz “An-2” təyyarələri düşmən ZRK-larının əhatə dairəsinə daxil olmaqla onları aktiv rejimə keçməyə vadar edir, ikinci qrup PUA-lar hədəfləri aşkarlayır, üçüncü qrup isə hədəfləri məhv edirdi. Üçüncü qrupda həm zərbə və ya kamikadze dronlarından, həm də pilotlu aviasiya vasitələrindən ibarət olurdu. Azərbaycanın pilotlu aviasiyasına Qarabağ ərazisindəki PUA-lardan hədəf göstərilməsi və qırıcının buraxdığı raketlərin sonradan PUA vasitəsilə hədəfə tuşlanması da yalnız Türkiyə və Azərbaycan NNQ-sinə məxsus yeniliklərdir. Real döyüş əməliyyatında pilotsuz vasitənin pilotlu vasitəyə hədəf göstərməsini hərb tarixində ilk dəfə Türkiyə, ardınca isə Azərbaycan Silahlı Qüvvələri həyata keçirib.

“Bayraktar TB2”PUA-sının taktiki-texniki xüsusiyyətləri

Uzunluğu: 6.5 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 25 saata qədər;
Fəaliyyət radiusu: 150 km.

Akıncı

Türkiyə müdafiə sənayesi 2015-ci ildən sonra PKK/YPG-yə qarşı əməliyyatlarda geniş istifadə edilən taktiki zərbə PUA-larından sonra Türkiyə Silahlı Qüvvələri üçün yeni kəşfiyyat və zərbə funksiyalarına malik “Bayraktar Akıncı” aparatlarını hazırladı.

“Akıncı”nın maksimum uçuş kütləsi 4500 kq olan “Akıncı” 12200 metr hündürlükdə uça bilir. Qanad açılımı 20 metr, havada üçüş müddəti 24 saatdır. PAU-nın maksimum sürəti 360 km / saat, kreyser sürəti isə 240 km / saatdır.
Uçuş xüsusiyyətləri və ölçüləri baxımından “Akıncı” sələfi “Bayraktar TB2”-dən xeyli üstündür. “Akıncı” ölçülərinə görə ABŞ-ın kəşfiyyat və zərbə tipli MQ-9 “Reaper” ilə müqayisə oluna bilər. Maksimum uçuş kütləsinə görə “Akıncı” PUA-sı ABŞ məhsulunu üstələyir. Gələn yazıların birində “Akıncı” ilə ABŞ analoqlarını müqayisə etməyi nəzərdə tuturam.

Akıncının silah dəsti

“Akıncı” PUA-sının silah arsenalında Mk-81, Mk-82, Mk-83 sərbəst enmə bombalara, o cümlədən atəş məsafəsi 28 km olan JDAM tipli dəqiq idarə olunan versiyaları, MAM-L, MAM-C və MAM-T idarəolunan raketləri mövcuddur. “Akıncı” həmçinin “hava-hava” tipli idarə olunan raketlərlə təchiz edilib ki, bu da ondan hava hədəflərinə də zərbə endirməyə imkan verir. “Akıncı” PUA-ları Türkiyədə ABŞ-ın AMRAAM və AIM-9 “Sidewinder” markalı “hava-hava” raketlərini əvəz etmək üçün yaradılan “Gökdoğan” və “Bozdoğan” raketlərini də daşıya bilir.
“Akincı”-nın SOM qanadlı raketlərini daşıması, PUA-ya 250 km məsafədə yerləşən yerüstü hədəfləri müstəqil aşkarlamasına və nöqtə atışları həyata keçirməsinə imkan yaradır. SOM raketinin uzunluğu 4 metr, kütləsi isə 620 kq-dır. 230 kq döyüş başlığına malik raketin hədəfə tuşlanması ətalətli GPS sisteminə əsaslanır.

İxracatı

“Akıncı” PUA-ların Türkiyə Silahlı Qüvvələrinə təslim edildikdən sonra daha 3 ölkəyə ixrac edildiyi məlumdur. Yeni istifadəçilərin adları açıqlanmasa da, bu 3 ölkə arasında Ukrayna, Azərbaycan, Pakistan və Qətərin olması ehtimalı böyükdür.

PUA-lar üçün yerli mühərriklər

“Akıncı” iki ədəd AI-450T mühərrikinə malikdir. AI-450 mühərriki yüngül helikopter və uçuş kütləsi 1500-4000 kq olan təyyarələr üçün nəzərdə tutulub. Ondan təyyarələrin həm ikimühərrikli, həm də təkmühərrikli güc qurğularının, eləcə də köməkçi enerji blokunun bir hissəsi kimi istifadə oluna bilər.
Yaxınlarda “Akıncı” PUA-sına “Tusas Engine Industries” (TEI) ilə “Türk Havacılık ve Uzay Sanayi AŞ” (TUSAŞ / TAI) tərəfindən hazırlanan yerli PD-222 türk turbodizel mühərriklərinin quraşdırılması planlaşdırılır. Bu mühərriklərin bütün versiyaları Bakıda keçirilən TEKNOFEST festivalında təqdim edilib. Ukrayna tərəfi ilə Tütkiyə arasında əməkdaşlıq çərçivəsində Ankaraya kompozit materialların çatdırılması da nəzərdə tutur.

Kütləvi PUA tətbiqi ilə silahlı mübarizə konsepsiyası

Türkiyə və Azərbaycan dünya hərb elminə “PUA Müharibəsi” anlayışının müəlifi kimi “kütləvi PUA tətbiqi ilə silahlı mübarizə konsepsiyasını” təqdim edən iki qardaş ölkədir.

“Akıncı” PUA-sının taktiki-texniki xüsusiyyətləri

Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi 4500 kq;
Hündürlüyü 4.1 metr.

Təyinatı və imkanları

Türkiyənin Bakıda təqdim etdiyi HALE tipli “Akincı” PUA-sı yüksək hündürlükdə uzun müddət kəşfiyyat fəaliyyəti göstərmək və TB2-dən daha ağır və uzaqmənzilli silah sistemləri ilə hədəfə dəqiq zərbələr endirmək üçün hazırlanıb. Bu tip PUA-lar yalnız dünyanın 3 ölkəsi tərəfindən istehsal edilir.

“Baykar Makina” tərəfindən hazırlanan və daha üstün texniki xüsusiyyətlərə malik “Akıncı” zərbə PUA-ları “Bayraktar” mini-radarlarından xeyli uzaqda yerüstü və hərəkət edən hədəfləri aşkarlaya bilən tam həcmli AFAR radarı ilə təchiz edilib.
Yeni PUA Süni Zəkaya əsaslanan texnologiyanın köməyi ilə uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını, həmçinin avtomatik qalxma və enməni həyata keçirir. “Akıncı” AFAR radarından başqa, Elektron Dəstək modulundan, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR (infraqırmızı/elektron optik) kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir.

Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadəsi AFAR radarı tərəfindən dəstəklənir.

Yeni metodlar

Həqiqətən də TSQ-nin PUA tətbiqinə dair son nailiyyətləri müasir müharibə anlayışına özünəməxsus yeniliklər əlavə etdi. İndiyə qədər bu sahədə monopoliya yalnız ABŞ və İsrail şirkətlərinə aid idisə, artıq Türkiyə də bu sahədə vacib oyunçuya çevrilib. Məhdud miqyasda tətbiq edilən nöqtə atışlı zərbə PUA-larının və “sürü” dronlarının tətbiqi əməliyyatları, TSQ tərəfindən həm daha geniş miqyaslı, həm uzunmüddətli, həm də eşalonlaşdırılan əsl PUA müharibəsi ilə əvəz edildi. PUA-ların keçirdiyi əməliyyatlarda müxtəlif ölçülü və təyinatlı PUA-ların ardıcıl və məntiqli tətbiqinə xüsusi diqqət yetirildi.

Nəticə

Türkiyənin PUA-ların silahlı mübarizədə yeni tətbiq metodları, demək olar ki, bu sahə ilə maraqlanan bütün ictimaiyyətin diqqətini özünə cəlb etdi. Yaxın gələcəkdə PUA tətbiqinə dair hərbi təyinatlı ədəbiyyatda bu metodların öyrənilməsinə dair “PUA Müharibələri” başlıqlı məqalələrə də rast gəlinəcək.
Türkiyə sənayesinin parlayan son ulduzu olan “Baykar Makina” dünyanın PUA texnologiya sahəsində real liderdir. Bir neçə NATO ölkələri ilə bərabər Yaponiyanın Türkiyə PUA-larına üstünlük verməsi də bunu sübut edir. “Akıncı” PUA-larının silahlanmaya qəbulu və ixracı bağlı xəbərlər isə Türkiyənin bu sahədə dayanmaq niyyətində olmadığını, PUA bazarında ABŞ və İsrialə ciddi bir rəqib olduğunu nümayiş etdirir.

ZRK-lar əməliyyatlar zamanı passiv rejimdə müdafiə olunduğu üçün, onlar hücum edən aviasiya vasitələrinə daim məğlub olurlar. Məhdud zonada müvəqqəti üstünlük onların müasir versialarının say üstünlüyü və dəqiq eşalonlaşdırılması ilə mümkün ola bilər. Lakin Türkiyənin fərqli siniflərdən olan PUA-larının qarşılıqlı əlaqədə yeni tətbiq metodları artıq “məhdud zonada müvəqqəti üstünlük” versiyasını da sıfırlayıb. Türkiyə və İsrail PUA-ları Rusiya ZRK-ların real döyüş imkanlarını ortaya çıxarıb. Rusiyanın istehsal etdiyi hava hücumundan müdafiə kompleksinin son müharibələrdə bu qədər aşağılayıcı şəkildə məhv edilməsi, Moskvanın müdafiə sanayesi sektoruna növbəti ağır zərbədir. Baş verən son müharibələri analiz edərək sonda belə bir nəticəyə gələ bilərik ki, Rusiyanın müasir HHM sistemləri belə Türkiyə PUA-larının hücumlarının qarşısını almaq imkanına malik deyil.

Əməliyyatlar teatrındakı hava hücumundan müdafiə sistemləri müasir tələblərə cavab vermirsə, PUA isə artıq “hava-hava” tipli və qanadlı raketlərlə hücum potensialı əldə edirsə, o zaman “PUA yoxsa ZRK?” sualı ətrafında müzakirə üçün mövzunun miqyası minumuma qədər daralır. Dolayısı ilə desək, bu gün Türkiyə PUA-ları artıq inkişaf tempinə görə həm analoqlarının, həm də pilotsuz vasitələrə qarşı tətbiq edilən HHM sistemlərinin inkişaf tempini dəfələrlə üstələyir. Odur ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də mövcud potensialını vacib istiqamətlər üzrə genişləndirməli, Türkiyə ilə imzalanan sənədlərin icrası istiqamətində əməli addımlar atmalıdır.
İstənilən halda Türkiyə müdafiə sənayesi 21-ci əsrdə dünyanın silah bazarında oyun qaydalarını müəyyənləşdirən və öz ədalətli şərtlərini diktə edən bir ölkəyə çevriləcək. Bizim də özəl və dövlət sənaye şirkətlərimiz bu prosesdən kənarda qalmamalıdır.

Ədalət Verdiyev, hərbi ekspert
moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.