Sevinc Osmanqızı Tofiq Yaqublu ilə niyə toqquşur?

15-06-2022, 09:35           
Sevinc Osmanqızı Tofiq Yaqublu ilə niyə toqquşur?
Radikal müxalifət artıq neçənci dəfədir ki, özünü ifşa edir. Hər zaman şəxsi ambisiyaları, maddi maraqları xalqın, öz həmkarlarının maraqlarından üstün tutan AXCP sədri Əli Kərimli və onun keçmiş və indiki silahdaşlarının qulağına yeni qrant səsi dəyib. Belə olmasaydı, məlum müxalif cəbhədə növbəti dəfə qrant davasına start verilməzdi. Həmişəki kimi intriqaların əsas "qəhrəmanları" isə Tofiq Yaqublu, Sevinc Osmanqızı və Əli Kərimlidir.

Daha doğrusu, indi bir il öncə qrant üstündə Əli Kərimliylə qırğına çıxan Sevinc Osmanqızı ilə Tofiq Yaqublu aldıqları çirkli pulları bölə bilmirlər deyə baş-başa gəliblər.

Öncə qısa bir xatırlatma edək ki, Sevinc Osmanqızı Əli Kərimli ilə hansı səbəbdən “qırğın”a çıxmışdı və niyə az qala AXCP-nin mətbuat katibi funksiyasını yerinə yetirən bu “jurnalist” cəbhəçilərdən üz döndərdi. Sirr deyildi ki, bir neçə ildir ABŞ-da oturub “Osmanqızı tv” altında təxribatçı fəaliyyətini davam etdirən Sevinc Osmanqızı Azərbaycanda daha çox radikal çağırışları, icazəsiz küçə aksiyaları və “siyasi məhbus” şouları ilə tanınan Əli Kərimliyə meydan verirdi. Hətta az-çox siyasi prosesləri izləyənlər də yaxşı bilirlər ki, Əli Kərimli “Osmanqızı tv”də daha çox görünürdü, nəinki öz profilində və digər hansısa internet verilişləri ola. Hər həftə Kərimli ilə canlı yayımda müsahibələr edən Osmanqızı az qala Sabunçuda olan xırda məişət problemlərini, işıq dirəyinin küləkdən niyə aşmasını da şişirdib qlobal problem kimi təqdim edirdi. Elə AXCP sədri də bundan razı görünürdü. Anlaşılandır. Çünki alan razı, verən razı... Əsas odur çıxıb qaralamağa mövzu olsun. Son illər internet kanallar və sosial şəbəkələr üzərindən canlı verilişlərin sayı artdığından Osmanqızı-Kərimliyi cütlüyü xaricdəki havadarlarını inandırmışdılar ki, bu cür həftəlik canlı müsahibələr guya cəmiyyətimizdə effekt verir, qrantlar yağmalıdır. Hətta təxminən bir il öncə Osmanqızının bir səs yazısı da yayıldı ki, o burada özlərinin “qrant maşınlarının” necə işlədiyini və idarə olunduğunu aşkar şəkildə ifşa etmişdi. Jurnalist Çingiz Sultansoyla danışan Osmanqızı ona məsləhət görürdü ki, o YouTube-da özünə kanal açsın.

Səs yazısında deyilir:

“Verilişlər olduqca onları həmin kanala yerləşdirin. Yavaş-yavaş kanal auditoriya toplayacaq. Həm də müəyyən vaxt keçəndən sonra o sizə gəlir gətirəcək. Beş-altı veriliş edəndən sonra isə biz həmin səhifəni göndərəcəyik ki, qrant üçün müraciət edək. Mən özüm də sizə kömək edəcəm”.

Adam aşkar şəkildə deyir ki, qrant almağın yolları budur, belədir! Təbii ki, Əli Kərimlinin də bu “qrant maşını”nda olması, hətta sükan arxasına keçməsi heç bir şübhə doğurmur. Zatən uzun illərdir ki, onun xaricdən ayrılan pulların “yağlı yerin”dən yediyi ifşa olunurdu. Beləcə bir səhər Əli Kərimlinin trolları ayılıb gördülər ki, bu iki doğma şəxs daha yola getmirlər. Cəbhəçilərin "lideri" Sevinc Osmanqızını sosial şəbəkələrdə təhqir hədəfinə belə çevirdi, “Osmanqızı tv" isə necə deyərlər resursları olmayan Əli Kərimlinin üzünə qapısını bağladı.
İndi isə Sevinc Osmanqızı başqa rolda çıxış edir, Tofiq Yaqublu ilə düşmənçiliyə başlayıb. Məsələ ondadır ki, Tofiq Yaqublu radikalların digər “qrant kanalı” olan Qənimət Zahidin verilişində hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev haqqında olmazın sözlərini deyib. Yəni qısa şəkildə desək onu ciddi müxalifət kimi qəbul etmədiyini dilə gətirib, partiya sədrinə azadlıq arzulamaq əvəzinə yarım saat həmkarının arzuolunmaz şəkildə qeybətini aparıb. Osmanqızı isə öz Facebook profilində yeni düşmənini utandırmaq üçün VİP sədrinin "Tofiq Yaqublu həbsdə olanda Əli Əliyevin dedikləri" başlıqlı videsunu paylaşıb. Görüntülərdə Əli Əliyev Yaqublunun azadlığını necə arzulamasını dilə gətirib...

Dərhal Yaqublu hikkəsini büruzə verərək qrant yoldaşı Osmanqızına sərt cavab verib və yazıb ki, Sevinc artıq manipulyasiyaya əl atır, insanları çaşdırır. O hətta həmkarını qeyri-dürüst addım atmaqda da suçlayıb, ona qarşı qaralama kampaniyasına start verdiyini iddia edib:

“Bizim hadisə və proseslərə Sevinc xanımın diktə və tələbi ilə yanaşma fikrimiz, nə də öhdəliyimiz yoxdur”.

Bir sözlə, bir vaxtlar eyni qabdan su içən adamlar indi bir-birindən iyrənməyə başlayıblar. Təbii ki, əvvəllər onları bir maraq birləşdirirdi ki, bu da dayanmadan gələn qrant pulları idi. İndi ya qrantın “krantı” bağlanıb, ya, ayrılan pulları bölə bilmirlər, ya da ki, meydanda pul üçün sözün həqiqi mənasında mən “əsl müxalifətəm, digərlərini ifşa edirəm, baxın, onlar yalançı müxalifətdir” oyunları gedir.

Dünənə kimi xalqa “həmrəylikdən”, “düzgünlükdən”, “əqidə”dən, “cəmiyyətə xidmətdən” dəm vuranlar bir anın içində maddi maraqların quluna çevrilib bir-biri ilə düşmən oldular.

Bir sözlə bu adamlar qarşılarına qoyduqları məqsəd və maraqlarını, vəzifələri reallaşdıra bilmədikcə daha təhlükəli olmağa başlayırlar... Növbəti dəfə radikal müxalifətin maskası cırılaraq onların əsl siması cəmiyyətə olduğu kimi göründü.

Tural Tağıyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.