İran “Tramp yolu”na niyə razılaşdı – Əraqçının bir açıqlaması ilə ortaya çıxan acı gerçəklik

Bu gün, 12:48           
İran “Tramp yolu”na niyə razılaşdı – Əraqçının bir açıqlaması ilə ortaya çıxan acı gerçəklik
Əraqçı: Ermənistan “Tramp marşrutu” ilə bağlı İranı qırmızı xətlərin qorunduğuna inandıra bilib

Musavat.com xəbər verir ki, İranın Xarici İşlər naziri Abbas Əraqçı açıqlamasında bildirib ki, Ermənistan ABŞ-ın təşəbbüsü ilə formalaşdırılan və “Tramp marşrutu” adlandırılan yolun Tehranın bütün “qırmızı xətlərinə” əməl olunduğuna dair İranı inandıra bilib. Onun sözlərinə görə, rəsmi İrəvan bu məsələdə Tehranla xüsusi təmaslar quraraq, marşrutun İranın maraqlarına təhlükə törətmədiyini izah edib.

Bu açıqlama müşahidəçilər tərəfindən İran siyasətindəki ikili standartların açıq göstəricisi kimi qiymətləndirilir. Belə ki, Zəngəzur dəhlizi məsələsi gündəmə gələndə Tehran rəsmiləri və onlara bağlı bütün platformalar sərt bəyanatlarla çıxış edərək “qoşun yeridərik”, “Bakıya bomba yağdırarıq” kimi hədələr səsləndirirlər. Söhbət Ermənistandan keçən və Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirəcək 43,5 kilometrlik yoldan gedir. Vaşinqtonda 8 avqustda imzalanmış anlaşma ilə bu yol faktiki olaraq ABŞ-ın nəzarətində olacaq. Görünən odur ki, İran rəsmiləri ilk başda hay-küy salsalar da, daha sonra yumşaq mövqe tutdular və indi də bunu öz “qırmızı xətlərinə” toxunmayan addım kimi təqdim edirlər. Yolun adı İranın simvollarından biri olan Qasım Süleymanini öldürən Trampın ismini daşıyacaq, Ermənistan–İran sərhədinin tamamına ABŞ əsgərləri nəzarət edəcək, amma bütün bunlar Tehranın qırmızı xətlərinə toxunmayacaq?

Ermənistan İranın sərhədində birbaşa Amerika hərbi varlığını yerləşdirir. Lakin Tehran dönüb İrəvana güldən ağır söz demir, bu reallığı qəbul edir və rəsmi açıqlamalarında heç bir narahatlıq ifadə etmir.

Aydın görünür ki, İranın bu mövqeyi onun Azərbaycana münasibətdə sərgilədiyi siyasətlə kəskin ziddiyyət təşkil edir. Bakı Zəngəzur dəhlizi ilə bağlı bəyanat verdikdə və ya mövqeyini ortaya qoyduqda, Tehran kəskin reaksiya göstərir, radikal bəyanatlar səsləndirir. Amma Ermənistan eyni məntiqlə daha böyük geosiyasi təhlükə yaradan “Tramp marşrutu”na qapı açarkən İranın tolerantlıq damarı tutur və bunu öz maraqlarına uyğun kimi təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru