Tofiq Mirzəyevin 91 yaşında mükafatlandırmasına söz ardı..- "Bu danışdığım nağıl deyil, reallıqdır. Bizim reallıq."

16-06-2022, 11:51           
Tofiq Mirzəyevin 91 yaşında mükafatlandırmasına söz ardı..-
İndi deyəcəm, yenə olacam pis adam.
Deməli, bildiyiniz kimi, dünən, aktyor, rejissor, ssenarist Tofiq Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Eyni zamanda Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılan Tofiq Mirzəyev "Şöhrət” ordeni ilə də təltif edilib. Və qeyd edim ki,
Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Həmin filmlər sırasında yer alan “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və digərləri tamaşaçılar tərəfindən daima maraqla baxılır. Aktyor eyni zamanda “Mosfilm” və “Dovjenko” studiyalarında da filmlərə çəkilib. İxtisasca rejissor və musiqiçi olan T.Mirzəyev 15-dən artıq televiziya filmi çəkib, aktyor kimi isə 35 filmdə rol alıb. Bu belə. İndi gəlirəm əsas məsləyə.
Tofiq Mirzəyevə təbii ki, bu adlar olduqca gec verilib. Bunun da günahkarı Mədəniyyət Nazirliyidir, söhbət indiki, ya köhnə heyətdən, nazirdən getmir. Tofiq Mirzəyevin ən böyük fəaliyyət dövrü 1970-1980 ci illərə təsadüf edir. O, bu adı 1980 lərdə, yaxud 1990 larda ala bilərdi. Baxmayaraq ki, 1990 cı ildən Bakıdan İzrailə köçüb. Tofiq Mirzəyevin hal-hazırda 90 yaşı var, bu il 91 olacaq. Allah qoysa. Zənnimcə, onun şəxsinə qarşı diqqət xeyli yox, dəhşətli dərəcədə gecikib.
Bu da belə. Üçüncü məsələ isə, ötən il, Tofiq müəllimin 90 yaşı olandan sonra, dərhal hərəkətə keçdim, heç kimin əlaqəsi olmadığı halda, Tofiq Mirzəyevin qohumu bir həkim xanımla əlaqə yaratdım. Çox istəyirdim ki, heç olmasa, məhdut şərtlərlə, iki operator və iki kamera götürüb (bəd ayaqda bir kamera da olardı) onun yaşadığı ölkəyə gedib, düşündüyüm iki çəkilişləri reallaşdırım. İlk öncə Tofiq müəllimin özünün razılığı lazım idi. Həmin həkim xanım mənim adımdan, belə bir təşəbbüs haqqında onunla telefonda danışdı. Tofiq Mirzəyev o xanıma deyir ki: "Çox yaxşı. Əgər belə bir adam mənimlə maraqlanıb, çəkiliş etmək istəyirsə, mən hazıram. İstənilən zaman gələ bilər. Düzdü, yaşa görə bir balaca təzyiqim var. Əgər onlar gəldikləri zaman təzyiq olarsa, həmin gün yox, digər günə çəkilişi edərik..." Təsəvvür edin, bu dərəcədə incə, xırda məqamlar da danışılmışdı. Tofiq Mirzəyevlə danışıqlardan sonra mənim bircə qanadlarım çatmırdı uçam. O qədər xoşbəxt idim ki, bu işin alınmasına... Amma və lakin, sən saydığını say, gör fələk nə sayır. Bir çox yerlərə müraciət etdim ki, bizim yolpulumuzu sadcə qarşılasınlar, 2-3 nəfər də götürüm gedim ora. O, ərəfədə məsləhətlər aldığım dostlarım da buna şahiddir. Bir Allahın qulu tapılmadı ki, 1000-2000 manatından keçsin ki, biz bu tarixi çəkilişi edək. Haqqımda yüksək fikirlərdə danışmayacam, ancaq həmin ərəfədə əlində çanta Bakı küçələrini Tofiq Mirzəyev üçün gəzən təkcə mən idim. Maddiyyat düşünmədən, cibimdə qəpik-quruş ola-ola, ordan vurub burdan çıxırdım. Kənardan keçən adamlar bilsəydilər mən nəyə görə belə qaçaqaçdayam, əminəm halıma güləcəkdilər və deyəcəkdilər ki, bu adamın başı çatmır. Bəli, mən ümidlərin azaldığını görüb, bir baş müraciət etdim Dağ Yəhudiləri Cəmiyyətinə. Bu son şans idi. Çünki, Tofiq Mirzəyev yəhudi olduğu üçün bəlkə onlardan mənə maddi dəstək olardı. O görüşü də uzadacaqdılar amma dirəndim və sədr Milix Yevdayevlə görüşə nail oldum. Çox maraqlı, yaddaqalan görüşümüz baş tutsa da, çox təəssüf ki, Yəhudi cəmiyyəti də mənə kömək edə bilməyəcək durumda oldu. Dedilər büdcəmizə ayrılan pullar filan-filan işlər üçün xərclənib, üzürlü hesab edin... Çox sarsıldım. Onlara bildirdim ki, "Bu mənim son şansımdır. Allah ömür versin Tofiq müəllimin 90 yaşı var, hər an nəsə olar deyə də narahatam. Mən onu indi, bu zaman çəkməliyəm. Sonra peşimançılıq yaşamaq istəmirəm..." Təəssüf ki, olmadı, alınmadı. Pul tapılmadı. Mən gedib sosiska şirkətinin qapısını döyə bilməzdim. Onlar üçün Tofiq Mirzəyev maraqlı deyil, ümumiyyətlə bu adda aktyor olduğundan xəbərsiz olacaqdılar. Suyum süzülə-süzülə Dağ Yəhudiləri Cəmiyyətini tərk etdim. Düşündüm ki, əgər yevreylərdə də pul yoxdursa, mənim başqa yerdən bu məbləği tapmağım mümkünsüzdür.
Siz ordan çıxdıqdan sonra məni kənardan müşahidə etsəydiniz oturub hönkür-hönkür ağlayardınız. Bəli, mənim sifətimdə dünyanın bütün ifadələri var idi...
90 yaşlı yaşayan bir aktyora, yaşayan bir əfsanəyə sahib çıxa bilmiriksə, biz onda hansı sənətdən danışırıq?
Halbuki adlarını sadaladığımız filmlərin çəkiliş meydançasından sağ qalan, yeganə canlı şahiddir Tofiq Mirzəyev. Bəlkə də mənim bu arzum reallaşacaq. Ancaq mən ötən ildən sonra buna demək olar ki, inanmıram ...
Bu danışdığım nağıl deyil, reallıqdır. Bizim reallıq
Vasif Ayan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.