RUSİYANIN ÇÖKÜŞÜNÜN ETİRAFI... - Ordusu “büdrəyən” Putin ağır günlərin hələ qarşıda olduğunun mesajını verdi

28-06-2022, 00:02           
RUSİYANIN ÇÖKÜŞÜNÜN ETİRAFI... -
Məlum olduğu kimi, ötən gün Rusiya 100 milyon dollar xarici borcunu ödəməkdən imtina etməklə defolt elan edib. Bununla bağlı məlumatda deyilir ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəsə də, kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər. Rusiyaya verilən 30 günlük müddət isə bazar günü gecə başa çatdığından, borc defolt olub.

Bununla da Rusiyanın xaricdəki 100 milyardlarla dollarlıq aktivlərinə sanksiya tətbiq olunduğu ilk gündən başlayaraq irəli sürülən proqnozlar özünü doğruldub.

Belə ki, əksər ekspertlər Rusiya üçün defoltun qaçılmaz olduğunu bildirmişdilər. Doğrudur, Moskva bir müddət buna müqavimət göstərdi və əlində qalan valyutanın bir qismini xarici borc öhdəliklərinə yönəldərək, defoltdan qaçmağa çalışdı. Lakin maliyyə imkanlarının məhdud, xarici borclarını həmin imkanlar hesabına ödəməyin isə perspektivsiz olduğunu anladıqdan sonra Kreml geri çəkilməyə məcbur oldu.

Bununla da 1918-ci ildə Lenin Çar Rusiyasının xarici borclarını ödəməmək qərarı verəndən sonra ilk dəfə Rusiya xarici borcuna görə defolt elan etdi. Xatırladaq ki, 1998-ci ildə isə Yeltsin Rusiyası rubl borcları ilə bağlı bu elanı vermək məcburiyyətində qalmışdı.

Əksər nüfuzlu analitiklərə görə bu, Rusiya iqtisadiyyatının strateji məğlubiyyəti və onun çöküşünün sürətlənməsi deməkdir. Bu, xarici investorların olduqca uzun müddətə Rusiyadan üz dönərməsi və Moskva ilə əməkdaşlığın həm də texniki baxımdan müşkülə çevrilməsi anlamı daşıyır. Rusiya müxtəlif yollarla bunun qarşısını almağa çalışdı. Ancaq Qərb, xüsusilə də ABŞ Maliyyə Nazirliyi bütün cəhdlərin qarşısını kəsdi və bir daha dünya maliyyə bazarında əsas söz sahibinin kim olduğunu göstərdi...

Heç kimə sirr deyil ki, Rusiyanın düşdüyü bu durumun başlıca səbəbi Ukraynaya qarşı başlatdığı, böyük faciələrə, dünya düzəninin pozulmasına gətirib çıxaran uğursuz və hələ də nə ilə bitəcəyi bilinməyən işğalçılıq müharibəsidir. Rəsmi statistikaya görə Ukraynanın bu müharibə dövründə gündəlik xərcləri 300 milyon dollar olduğu halda, Rusiyanın xərcləri 900 milyon dollardan artıqdır.

Bir çoxları Rusiyanın gündəlik neft və qaz satışından 1 milyard avro qazandığını önə çəkərək, Kremlin müharibəni az qala sonsuza qədər davam etdirmək imkanına malik olduğunu bildirirlər.

Lakin əksər ekspertlər qeyd edirlər ki, birincisi, Rusiya neftinə və qazına tətbiq olunmağa başlayan sanksiyalar yaxın zamanda bu ölkənin enerji sahəsindən gündəlik gəlirini xeyli miqdarda azaldacaq. Bu, Rusiyaya valyuta gətirən digər sahələrə də aiddir.

Digər yandan neft-qaz gəlirləri təkcə müharibə xərclərinə yönəldilə bilməz.Çünki Rusiyanın böyük sosial-iqtisadi problemləri, daxili xərcləri var və bu problemlər müharibə səbəbindən daha da artır.

Sanksiyaların yaratdığı effekt onsuz da sosial durumu ürəkaçan olmayan Rusiya əhalisinin vəziyyətini daha da ağırlaşdırır, iqtisadiyyatın bir çox sahələrinə zərbə vurur, işsizlik, inflyasiya yaradır və sair.

Bütün bunları kompensasiya etmək üçünsə böyük vəsaitlərə ehtiyac var. Hələ ki, əlində müəyyən valyuta ehtiyatları qalan Kremlin bu pulları xarici borcun ödənilməsinə yönəltməkdən imtina etməsi də bundan irəli gəlir. Çünki Kreml çətin günlərin hələ qabaqda olduğunu anlayır. Bu səbəbdən də Moskva bütün dünyada zatən korlanmış, bərbad günə düşmüş siyasi və maliyyə reputasiyasını bir kənara ataraq, defolta gedir.

Buna paralel olaraq isə döyüş meydanında istədiyi nəticələri ala bilməyən Putin hakimiyyəti düşdüyü acınacaqlı vəziyyətin heyfini yenə Ukraynaya qarşı raket zərbələri ilə almağa çalışır. Ötən gün Kiyevə endirilən raket zərbələri, yaşayış binalarının vurulması, dinc sakinlərin hədəf alınması da bu çarəsizliyin göstəricisidir.

Onu da qeyd edək ki, Rusiyanın Ukrayna paytaxtına son raket hücumu zamanı Kiyevə atılan 14 raketdən 10-u Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.


Digər dörd raketdən isə biri yaşayış binasına, biri də uşaq bağçasına düşüb. Bu, öz növbəsində getdikcə Ukrayna Ordusunun imkanlarının artmasından və Rusiyanın raket zərbələrinin effektinin azalmasından xəbər verir.

Qərbdə əksər ekspertlər həmin raket zərbələrini Kremlin dünyanın ən böyük və güclü dövlətlərinin təşkil etdikləri G7 Sammitinə cavabı hesab edirlər. Belə ki, bu sammit çərçivəsində Ukraynaya yeni yardım paketi müzakirə olunur. Xatırladaq ki, sonuncu dəfə bu cür kütləvi raket zərbəsi BMT Baş katibinin 29 apreldə Kiyevə etdiyi səfər zamanı baş vermişdi.

Bir sözlə, 100 ildən sonra Rusiyanın defolt etməsi təkcə praktik deyil, həm də simvolik xarakter daşıyır. Hazırda yaşadığımız bu günlər Rusiya tarixinə qara hərflərlə yazılacaq və yəqin ki, nə vaxtsa Rusiya cəmiyyəti hər cür inkişaf perspektivləri, imkanları olan bu böyük dövləti belə acınacaqlı və miskin duruma salanları lənətləyəcək...

C.Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.