Quraqlıq və qaz böhranı: Avropa sanksiyaların əziyyətini özü çəkir
28-08-2022, 00:02

Avropa anomal istidən və görünməmiş quraqlıqdan sözün əsl mənasında əzab çəkir.
Ekstremal hava enerji böhranını daha da artırır. Avropa İttifaqında elektrik enerjisinin qiymətləri isə kəskin bahalaşıb.
Avropadakı hazırkı quraqlıq son 500 ilin ən ciddi quraqlığına çevrilib, vəziyyətə bu qiymətləndirmə bu həftə Avropa Komissiyasında verilib.
Cebhe.info xəbər verir ki, "Bloomberg"-in məlumatına görə, Avropada elektrik enerjisinin əsas qiyməti dörddə birdən çox artıb.
Almaniyada bir meqavat-saatın dəyəri ilk dəfə olaraq 700 avronu keçib ki, bu da son 5 il ərzində mövsümi orta göstəricidən təxminən 14 dəfə çoxdur.
Bildirilir ki, qaz böhranı fonunda Almaniya tualet kağızı qıtlığı ilə üzləşə bilər. Məsələ burasındadır ki, bu gigiyena məhsulunun istehsalında mavi yanacaqdan istifadə olunur.
Almaniyanın sellüloz-kağız sənayesi assosiasiyasının vitse-prezidenti Martin Krangel artıq həmyerlilərinə bildirib ki, payız-qış aylarında hamı üçün kifayət qədər tualet kağızı olacağına zəmanət yoxdur.
Qeyd edək ki, Polşa da ən böyük gübrə istehsalçıları təbii qazın qiymətinin yüksək olması səbəbindən işlərini dayandırıb.
İspaniyada isə su anbarları dayazlaşıb. Bu da öz növbəsində hidroenergetika sənayesinə ciddi zərbə vurub.
Quraqlıq səbəbindən İspaniyada su elektrik enerjisi istehsalı son 30 ilin minimum səviyyəsinə düşüb. Quadalquivir çayı hövzəsində artıq suvarma məhdudiyyətləri tətbiq edilib və haradasa su təchizatı ilə bağlı problemlər başlayıb.
İspaniyada isti və quraqlığa ancaq arxeoloqlar seviniblər, belə ki, Valdekanas su anbarının dibində 7000 il yaşı olan "Pireney Stounhenge" aşkar ediblər. İndi onu araşdırmaq üçün işlər gedir.
Quraqlıq İspaniyada turizmə xeyir gətirib, “quraqlıq turizmi” adlanan turizm populyarlıq qazanmaqdadır. İnsanlar su anbarlarının dibinə, vaxtilə su basmış kəndlərə, körpülərə, kilsələrə baxmağa gəlirlər.
Vurğulayaq ki, ekspertlər enerji böhranında Aİ-nin özünün günahkar olduğunu iddia edirlər.
"Bütün bunlar, ilk növbədə, düzgün düşünülməmiş “yaşıl keçid”in birbaşa nəticəsidir", - deyə onlar bildiriblər.
Britaniyalılar da sanksiyaların əziyyətlərinə qatlaşmalı olublar. Onlar supermarket rəflərinin boşalması ilə 60 ilin ən böyük yaşayış xərcləri böhranı ilə üzləşiblər. Böyük Britaniyada da elektrik ödənişləri artmaqdadır.
Bunun fonunda restoratorlar bizneslərini ixtisar edirlər və London meri qışda milyonlarla britaniyalının istilik və yemək ala bilməyəcəyini deyib.
Görünən odur ki, ABŞ və Aİ ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticələri qarşıdan gələn soyuq qış aylarına "sürprizlər"hazırlayıb.
Sevinc Tapdıqqızı