Naxçıvan çekistlərinin də istirahət hüququ pozulur

28-08-2022, 11:28           
Naxçıvan çekistlərinin də istirahət hüququ pozulur
Xatırlayırsınızsa, dünən paylaşdığım bir statusda Naxçıvan TV-də məzuniyyət müddəti və ödəniş problemi barədə bəhs etmişdim. “Qara pişiy”in dediklərinə istinadən bildirmişdim ki, NTV-də Azərbaycan Respublikasının yox, Sahil Tahirlinin qanunları keçərlidir. Bu qanunlara əsasən, NTV işçiləri kağız üzərində 30 gün əmək məzuniyyətinə çıxsalar da, əslində 15 gün istirahət edə bilirlər. Məzuniyyət müddətinin digər yarısında isə işə qayıtmalı və Sahil Tahirliyə müftə qulluq (özüm “hamballıq” demirəm ki, birdən Naxçıvanlı həmkarlarımın acığına gələr) etməlidirlər.
“Qara pişiy”in bu gün MR-dən gətirdiyi məlumata görə, Naxçıvan Dərəbəylik Respublikasında ən humanist quldar sən demə elə Sahil Tahirli imiş. Zira o, öz işçilərinin cəmi 15 gününə təcavüz edirmiş. Naxçıvan Dərəbəyliyinin DTX-nin özbaşınalığına isə heç Roma Quldarlıq quruluşunda belə, rast gəlinməyib.
Məsələ burasındadır ki, Azərbaycanın müvafiq qanunlarına görə, DTX və digər hüquq mühafizə orqanlarının əməkdaşları iş fəaliyyətlərinin ağırlığı nəzərə alınaraq ildə bir dəfə 45 gün ödənizli əmək məzuniyyətinə buraxılırlar. Naxçıvanda DTX əməkdaşlarına isə 15 gün məzuniyyət hüququ verilir. Yəni Muxtar Respublika çekistlərinin istirahət hüququnun 2/3-si əllərindən alınır.

Bəs, bu özbaşınalığı edən kimdir?
“Qara pişik” and-aman edir ki, Naxçıvan MR DTX-nın sədri Nurlan Pənahov həzrətlərinin bu işdən qəti xəbəri yoxdur (İnanan daşa dönsün. Belə görürəm ki, mənim “Qara pişiy”imi də Dərəbəylik çekistləri ələ keçirib. Gərək bundan sonra onun da miyovuldadıqlarını başqa qaynaqlardan dəqiqləşdirəm). Guya, Naxçıvan çekistlərinin istirahət haqqını yeyən Dərəbəyliyin “Gestaposu” Cəlil Rüstəmov imiş. Məhz Cəlil müəllimin əmri ilə Naxçıvan çekistləri cəmi 15 gün məzuniyyətə buraxılırlar.
Haşiyəyə çıxaraq etiraf edirəm ki, “Qara pişiyin” milovultusunu dinlədikcə, mənim Naxçıvan Dərəbəylik Respublikasına heyrətim birə-beş artır. Bəlkə də dünyada yeganə dərəbəylikdir ki, bu diyarda adla mahiyyət bir-birinə tərs mütənasibdir. Təsəvvür edin ki, Naxçıvanın ən böyük akademiki, qələmi qızıl yumurtalayan İsa Həbibbəyli bütün hal və hərəkətlərinə görə Mirzə Cəlilin yaratdığı ədəbi qəhrəmanları xatırladır. Amma bu adam ömrünün böyük hissəsini Mirzə Cəlilin əsərlərini araşdırmağa həsr edib. Mirzə Cəlil araşdırmalarından qənaət etdiyi qısa zaman kəsimini isə cənab “Xan”a və Azərbaycan Respublikasının Baş nazirlərinə mədhiyyələr yazmaqla keçirir. Mirzə Cəlilin adını daşıyan “Gestapo Cəlil” də sanki fırt edib böyük yazıçının qələminin burnundan düşüb. Cənab “Xan” isə bir özgə fenomendir. Vasif “xan”ı vəsf etməyə nə mənim yazıçılıq qabiliyyətim, nə də ki, ümumiyyətlə qələmin qüdrəti çatar. Bunun üçün gərək dünyanın bütün meşələrinin ağaclarını kəsib kağız düzəldəsən. Cəhənnəm ki, dünyanın ağıllı millətləri kompüteri və interneti kəşf edib. Yoxsa meşələr qırıla-qırıla bütün canlı aləm ağ ciyərlərini itirər, dünya nəfəssiz qalardı.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru