Sosial Bakıda dördəmlərə niyə pul yığılır? - “Ödənişsiz əməliyyat təklif olundu, lakin...” - FOTOLAR
9-09-2022, 17:11

Xəbər verdiyimiz kimi, avqustun 11-də paytaxtda beşəm dünyaya gəlib.
27 yaşlı qadının dünyaya gətirdiyi körpələrdən birinin qız, dördünün oğlan olduğu bildirilib. Daha sonra uşaqlardan biri vəfat edib.
Bu gün isə sosial şəbəkədə uşaqların atasının övladlarının xəstəxana xərclərini ödəmək üçün insanlardan kömək istəməsi ilə bağlı məlumatlar yayılıb. Ata xəstəxana xərclərinin təxminən 10000 manat olduğunu qeyd edib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinindən (TƏBİB) Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, ailəyə qeysəriyyə əməliyyatının ödənişsiz reallaşdırılması təklif olunsa da, ailə bundan imtina edib:
"Avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində qadın hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gətirib. Hamilə barədə məlumat daxil olduqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ailəyə icbari tibbi sığorta üzrə müqaviləsi olan özəl tibb müəssisəsində qeysəriyyə əməliyyatının ödənişsiz reallaşdırılması təklif olunub, lakin ailə başqa klinikada bu əməliyyatı etdirmək istədiklərini bildirib".
Bildirilib ki, yenidoğulmuşlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında TƏBİB-in tabeliyindəki K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər. 4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan Surfaktant (Curosurf) preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr ödənişsiz - icbari tibbi sığorta çərçivəsində həyata keçirilib. Süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabil olub. Həkimlərin səyinə baxmayaraq, uşaqlardan biri dünyasını dəyişib.
Digər körpələrin vəziyyəti isə stabilləşdirilib və həyati təhlükəsi olmayıb. Buna baxmayaraq, ailənin istəyi ilə digər dörd uşaq Bakıda yerləşən özəl klinikalardan birinə köçürülüb. Ailəyə dəstək məqsədi ilə dəyəri yüksək Surfaktant (Curosurf) və İVİQ (Panziqa) preparatları da özəl tibb müəssisəsinə icbari tibbi sığorta çərçivəsində ödənişsiz təqdim olunub. Qeyd edirik ki, beşəmlərə TƏBİB-in tabeliyindəki tibb müəssisəsində bütün tibbi xidmətlər ödənişsiz olaraq göstərilib.

Günay Şahmar
Cebhe.info