PUTİNİN RƏZALƏT ORDUSU – Generalı Kadırov olanın...

7-10-2022, 09:50           
PUTİNİN RƏZALƏT ORDUSU –
Çeçenistan rəhbəri Ramzan Kadırova ad günü münasibətilə general-polkovnik rütbəsinin hədiyyə olunması Putinin özünün zaman-zaman öyündüyü rus ordusuna, rus hərb tarixinə, ənənələrinə və ümumilikdə rus dövlətçiliyinə qoyduğu qiymətin, “hörmətin” ən bariz nümunəsi oldu.

İndi Rusiyada çoxları 2004-cü ildə, 28 yaşında Maxaçkala Biznes və Hüquq İnstitutunu (Azərbaycan bu institutun diplomunu belə tanımır-C.M) bitirən, heç bir hərbi təhsili olmayan və hətta bir zaman rus ordusuna qarşı döyüşən Kadırova bu ali hərbi rütbənin verilməsini Putinin rus ordusunun, zabit məktəbinin, ordu ənənələrinin üzünə tüpürməsi hesab edir. Yəqin, indi Suvorov, Kutuzov, hətta milyonları “ət maşını”na göndərsə də, hərb elmində heç də sonuncu sərkərdə sayılmayan Jukov belə qəbirdə fır-fır fırlanır...

Bəli, bir yanda gündə yüzlərlə gənc rus əsgəri, həmçinin çeçen, dağıstanlı, tatar, buryat və s. Ukrayna torpaqlarında Putindən başqa heç kimə lazım olmayan çürük, saxta hədəflər uğrunda həlak olur, meyiti çöllərdə sahibsiz qalır. Digər yanda Putin rus hərb məktəbinə heç bir aidiyyatı olmayan və məlum reputasiyaya malik Kadırov kimi birisinə ad günü münasibətilə general-polkovnik rütbəsi verir...

Maraqlı olan həm də budur ki, bu qərara nə Rusiya Ordusu Baş Qərargahındakı təcrübəli, alın təri və biliyi ilə rütbə qazanmış generallar, nə də digər güc strukturları rəhbərləri etiraz edə, səsini çıxara bilmirlər. Çünki Ukrayna müharibəsi göstərdi ki, bu adlı-sanlı generalların özləri də mahiyyət etibarilə Kadırovdan irəlidə deyillər, hətta bəzi cəhətlərinə görə ondan geri qalırlar...

Bugünkü Rusiya cəmiyyəti öz əksini rus ordusunda tapmaqdadır. Hazırkı rus ordusu rus cəmiyyətinin güzgüsüdür və onu yaradan təkcə Putin deyil, həm də uzun illər, əsrlər boyu bu torpaqlarda hökm sürən şovinizm, digər xalqlara yuxarıdan aşağı baxmaq, ağlına və bacarığına uyğun olmayan yekəxanalıq, eləcə də başıpozuqluq və mənəviyyatsızlıqdır.

Rus ordusunun 90-cı illərdə Qarabağın işğalındakı, Xocalı qətliamındakı rolu, ermənilərə dəstəyi yadımızdan çıxmayıb və çıxa da bilməz. Bugünsə əvvəlcə Buça, İrpen və digər şəhərlərdə törədilən qətliamlar, hərbi cinayətlər, dinc əhaliyə qarşı zorakılıqlar bu ordunun peşəkar hissəsinin hansı mənəvi-əxlaqi keyfiyyətlərə malik olduğunu göstərdi.

Sonra bu ordu Kiyev ətrafından və xüsusilə də Xarkov istiqamətindən quyruğunu büzərək qaçmağa başladı. İndi isə Kreml Ukraynaya peşəkarlar qırılıb tükəndiyindən, onların əvəzinə “həvəskarları” göndərir ki, onlar da keyfiyyət sarıdan daha da geri qalırlar. Ehtiyatda olan və səfərbərliyə çağırılan hərbçilər və çağırışçılar rus cəmiyyətinin, rus kişisinin, rus gəncinin, rus hərbçisinin hansı bərbad mənəvi durumda olduğunu göstərir – bir hissəsi dabanına tüpürüb dörd bir tərəfə qaçır, qaça bilməyən hissəsi də başıpozuq alkoqoliklər dəstəsi, yaxud həbsxanadakı cinayətkarlar formasında orduya cəlb olunur.
Ətraflı

Əslində, şübhə yoxdur ki, bu gün Rusiyadan qaçan və xaricdə özlərinin müharibə əleyhinə olduqlarını deyərək, sığınacaq axtaran rusların demək olar, hər biri müharibənin ilk günlərində Kiyev alınsaydı və Ukrayna məğlub olsaydı, bunu bayram edənlər sırasında olacaq, “rus dünyası”nı vəsf edəcək və bu gün Kiyev küçələrində kef edəcəkdilər.

Bugünsə onlar “sülh göyərçinləri” və Putin diktaturasının “qurbanları” simasındadırlar. Ancaq öz vətənlərində Ukraynadakı hərbi cinayətlərə, işğala səsini çıxarmayan, səfərbərliyə cəlb olunan günə qədər ora-burasına “Z” yapışdıran bu “rus dünyası” törəmələri öz mahiyyətləri etibarilə hazırda Ukraynada döyüşən işğalçı rus əsgərindən heç nə ilə fərqlənmir...

Qərb savaşdan öncə sanki bilərəkdən imkan verdi ki, Putin özünü dahi lider, sərkərdə, rus ordusunu isə böyük, yenilməz güc hesab etsin. Bütün bunlar “fıs çıxandan” sonra isə Putin “qismən” səfərbərliyə getdi və hamını nüvə silahı ilə hədələməyə başladı. Ancaq heç kim də ondan soruşmur ki, rus ordusu onun dediyi kimi güclüdürsə, səfərbərliyə nə ehtiyac vardı? Yox, səfərbərlik elan edirsə və onun uğurlu olacağına, ordunun güclənəcəyinə, “qəhrəman ruslar”ın həvəslə döyüşə atılacağına inanırsa, o zaman Ukraynanı və Qərbi nüvə silahı ilə niyə hədələyir?

Bu səfərbərlik tragikomediyası bir daha göstərdi ki, ruslar Ukraynaya qalib gəlmək, onu işğal etmək istəyirlər, ancaq döyüşə getmək istəmirlər. Bunların böyük əksəriyyəti “divan qəhrəmanları”dır. Onlar “böyük rus imperiyası” istəsələr də, bunun üçün döyüşmək, ölmək, yaralanmaq fikrində deyillər... Bu gün heç bir rus zabiti dostoyevskilərin, lermontovların, tolstoyların əsərlərindəki “zabit şərəfi” ilə öyünə, özünü ölkə xaricində, hətta daxilində belə şərəflə “rus zabiti” kimi təqdim edə bilməz...

Kadırovun rus ordusu üçün bu ağır və acınacaqlı günlərdə olduqca yüksək, ali hərbi rütbəyə layiq görülməsi bir gerçəkliyi də üzə çıxardı – kiməsə sərkərdəlik bacarığına, hərbi biliklərinə, nailiyyətlərinə, şücaətinə görə deyil, məhz şəxsi münasibətlərə, Kreml sahibinə sədaqətinə görə, özü də ad günü münasibətilə(!) general-polkovnik rütbəsinin verilməsi həm də hazırkı rus ordusunun gerçəkdən layiq olduğu bir qiymətdir, mənzərədir.

Putin hakimiyyətdə qalsa, növbəti ad günündə Kadırova “ordu generalı”, “marşal” rütbəsi də verə bilər və heç kim buna etiraz edə bilməz. Hətta bu qərarı alqışlayarlar da. Çünki belə ordunun Kadırov kimi də generalı, hətta marşalı olmalı idi və yəqin ki, onsuz da biabır olmuş, gözdən düşmüş bu ordunun rəzalət dolu günləri hələ qabaqdadır...
C.Məmmədov
“AzPolitika.info”




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.