Əliyevdən ilk dəfə: “Türkiyə ilə razılaşmaqda çətinliyimiz var”

27-11-2022, 08:25           
Əliyevdən ilk dəfə: “Türkiyə ilə razılaşmaqda çətinliyimiz var”
Söhbət Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindən gedir

Bakıda “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” devizi altında keçirilən konfransın açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm açıqlamalar verib. Avropada təbii qaza artan tələbatın ödənilməsi planlarından danışan Prezident Əliyev deyib:

“Biz mövcud yataqlarda, eləcə də gələn il istifadəyə veriləcək yeni yataqlarda qaz hasilatını artırmağı planlaşdıran xarici neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. O cümlədən, nəhəng “Abşeron” qaz-kondensat yatağında hasilatın birinci mərhələsi 1,5 milyard kubmetr təşkil edəcək”.

Əliyev eyni zamanda qeyd edib ki, Azərbaycan tamamilə yeni olmasına baxmayaraq, mövcud boru kəməri sistemini genişləndirməlidir:

“İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq”.

Azərbaycan lideri uzun illərdən sonra ilk dəfə etiraf edib ki, məsələ həm Avropa, həm də türk istehsalçılarının maraqlarına uyğun olsa da, Türkiyə ilə razılaşmaqda çətinlik çəkib:

“İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcək”.

2022-ci ilin iyulunda Azərbaycan Avropa Komissiyası ilə tədarükün ikiqat artırılmasına dair anlaşma memorandumu imzalayıb. Prezident Əliyevin sözlərinə görə, ölkənin belə bir potensialı var:

“Birincisi, bunlar yaxın illərdə istifadəyə verməyi planlaşdırdığımız yeni qaz yataqlarıdır… İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq”.

Press Klub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.