İlahi seçim: fanilikdən baqiliyə gedən yol... Mal sahibi, mülk sahibi, hanı onun ilk sahibi?...

9-06-2023, 08:24           
İlahi seçim: fanilikdən baqiliyə gedən yol...
“Naxçıvan Bank” ASC-nin yeni səhmdarları açıqlanıb. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
Xatırladım ki, bundan əvvəl səhmlər Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub.
Sirr deyil ki, bu dünyada kimsə mal-mülkün həqiqi və daimi sahibi ola bilməyib. Axı heç insan özü daimi və həqiqi varlıq deyil. İnsan bu dünya iki şeyin əsl sahibidir və ölümdən sonrakı mərhələyə o iki şeyi aparır. Biri etdiyi yaxşılıqlar, digəri etdiyi pisliklər.
Talıbovlar bu günə kimi yiyələndikləri sərvəti hələ du dünyada itirə-itirə gedirlər. Bəlkə də yeddi nəsil bundan sonralara çatacaq qədər varidatları var. Amma özləri nə aparacaq? Deyilənlərə, yazılanlara görə, ən çox sahib olduqları və aparacaqları pislik və günahları
dır...
Bu gün Talıbovlarla bağlı fakt çıxdı deyə onların adlarını yazıram. Azərbaycanda dövlətin qüdrətini özününki bilib, xalqın sərvətini talayan, özlərinə səltənət quran onlarla, yüzlərlə adam var ki, beləcə haqqa girib, haram yolla var-dövlət sahibi olublar. Onların bir çoxu barədə məlumatlıyıq, bəzilərinin elə bu dünyada cəzalarını aldığını görmüşük, bəzilərinin isə nələr çəkdiyini heç bilməmişik...
Min illərdir ki, insan var və bu qədər cəzalar, ilahi hikmətə söykənən görklər olur, amma insan oğlu yenə də günahdan əl çəkmir. Maraqlı bir deyim var: İnsan bir yaxşılıq edəndə elə bilir ki, Allah onu görür və bunu qiymətini verəcək. Lakin günah edəndə düşünür ki, yəqin, Allah görməz. Beləcə insan əsrlər boyu günah edir və acı sonu dadır...
Dünyaya hökm etmiş Sultan Süleyman ölümünə az qalmış vəsiyyət edir ki,cənazısi əlləri tabutdan çölə çıxarılmış vəziyyətdə aparılsın və hamı onun əllərini görə bilsin: "Qoy hər kəs mənim əllərimi görsün. Görsünlər ki, hətta bütün cahanın padşahı – Sultan Süleyman Qanuni belə bu dünyadan əliboş gedir".
...Bir həqiqət var, insan fani varlıqdır. Özünü dərk edəndən sonra bilir ki, nə zamansa öləcək, amma bu həqiqəti özünə yaxın buraxmaq istəmir. Bu mütləq həqiqəti kim daha çox qəbul edirsə, o, insanlıqdan uzaq düşməyərək yaşayır. Bəlkə də bu seçiminə görə, ölümdən sonrakı mərhələdə bunun səfasını sürə bilir. Çox yəqin ki, əksini edənlərin, günahkarların cəzası yüngül olmayacaq.
Odur ki, ey insanoğlu, seçim sənindir. Gözünün önündə nümunələr də var, ehtimallar da. Seçim etmək sənin əlindədir. Bu, ilahi seçimdir və fanilikdən baqiliyə gedən yolunu özün müəyyənləşdirirsən...
Mal da yalan, mülk də yalan,
Al, bir az da sən oyalan...
Zaur Əhməd
P.S.
Bu, bir nəsihət deyil, elə özüm üçün də bir xatırlatmadır.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.