İrəvan 10 noyabr razılaşmasından çıxmağa bəhanə tapıb ...

9-06-2023, 10:37           
İrəvan 10 noyabr razılaşmasından çıxmağa bəhanə tapıb ...
Rusiya və Ermənistan arasında münasibətlərin getdikcə daha gərgin xarakter alması müşahidə edilir. Belə görünür ki, Ermənistan Rusiya ilə əvvəl əldə edilmiş bəzi razılıqlardan geri çəkilməyi düşünür. Bura 2020-ci il 10 noyabr bəyanatı da daxildir.

Elə bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, İrəvan özü həyata keçirəcək: “Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfində olacaq”. Bunların fonunda “Qraparak” qəzeti yazır ki, Ermənistan-Rusiya münasibətlərində gərginlik finişə yaxınlaşıb. Materialda bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ardıcıl olaraq anti-Rusiya təbliğatı aparır. “Rusiya Ermənistanı dəhliz verməyə məcbur edir” və “Ermənistan Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almayıb” fikirləri Armen Qriqoryana məxsusdur. Bu günlərdə isə televiziya efirində Armen Qriqoryan açıq mətnlə bəyan etdi ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin müddəalarından, başqa sözlə, Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən imtina edir. “Suverenlik və qarşılıqlılıq kommunikasiyaların açılmasında mühüm prinsiplərdir, bu məsələdə önəmli olan siyasi razılaşmaların əldə olunmasıdır”, - Qriqoryan deyib. Rəsmi İrəvanın mövqeyi belədir ki, “blokada”nın aradan qaldırılması belə olmalıdır: bütün sərhəd nəzarəti Ermənistan tərəfində olacaq; bütün sərhəd xidmətlərini yalnız Ermənistan yerinə yetirəcək.

Yada salaq ki, 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir”. Həmçinin qeyd edilir ki, nəqliyyat rabitəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir". İyunun 6-da isə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışında Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açılıb, ikitərəfli danışıqların hazırkı mərhələsinə dair ölkəmizin mövqeyi səsləndirilib. Nazir Ceyhun Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb. Belə görünür ki, Bakı sülh üçün yol, İrəvan isə 10 noyabr razılaşmasından çıxmağa bəhanə axtarır. Ekspertlərimiz necə düşünür, rəsmi İrəvanın davranışlarının nəyə hesablanıb?

TEREF.AZ-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, radikal yanaşmadan daha çox əziyyət çəkən məhz Ermənistan olacaq: “Ermənistan bilməlidir ki, razılaşmanın pozulması müharibənin yenidən başlaması anlamına gəlir. Ermənistan rəhbərliyi 44 günlük müharibənin ağrı-acısını unutmamalıdır. Eyni zamanda Ermənistan Prezident İlham Əıiyevin bu xəbərdarlığını unutmamalıdır: ”Zəngəzur dəhlizi mütləq açılacaq". Ermənistan bunu ya könüllü edəcək ya da buna məcbur ediləcək. Odur ki, nə qədər gec deyil Ermənistan razılaşmaya əməl etməlidir". C.Məmmədov şübhə etmir ki, Azərbaycanla Naxçıvan arasında kommunikasiya xətləri ən qısa zamanda işə düşməlidir: “Bu dəhlizin açılmasını Rusiya, Çin və digər dövlətlər də istəyir. Ermənistan buna uzun müddət müqavimət göstərə bilməyəcək. Bu prosesin qabağın ala bilməyəcək”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılovun müşahidələrinə görə, əslində Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını tam olaraq həzm edə bilmir: “Həmçinin, Kremlin maraqlarından biri də separatçıların daim o ərazilərdə mövcud olmasıdır. Çünki rus elitasında Azərbaycanın Xankəndidə yurisdiksiyasını bərpa etməsi Rusiyanın ənənəvi imperiya maraqlarına təhdid kimi qəbul edilir. Belə yanlış yanaşmaya görə Rusiya bu gün dünya səviyyəsində təklənmiş bir vəziyyətdədir. Bu isə onu söyləməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında sülhlə bağlı artıq yekun nəticə əldə ediləndə separatçılardan hər an təxribat törətmək üçün istifadə edilə bilər. Amma Azərbaycan ordusu separatçıların istənilən təxribatını yerində cavablandırmağa hazırdır. Maraqlısı isə odur ki, hər zaman Rusiya qərb mərkəzli görüşlərə etiraz edir və bu etirazlardan qısa müddət sonra Ermənistan bu tip təxribatlar törədir. Həmçinin Fransanın da Avropa İttifaqı Prezidenti Şarl Mişelin rəhbərliyi altında keçirilən görüşlərə qısqanclığını nəzərə aldıqda bu hadisələrin indiki dövrdə baş verməyinin təsadüfi olmadığı bir daha ortaya çıxmış olur”. Bu mənada T.İsmayılov şübhə etmir ki, sərhəddə baş verən hadisələr Ermənistan hakimiyyətinin işidir: “Əslində Ermənistan tamamilə qərbyönümlü obraz yaratmağa çalışsa da, onun Rusiya siyasi hakimiyyətindən və hərbi elitasından asılı olduğu açıq-aydın ortadadır. Qəsdən Vaşinqtondan sonra Brüsseldə keçiriləcək görüşlər öncəsi bu tip təxribatlar Qərbdəki görüş formatının gözdən salınması prosesinə hesablanıb. Mən hesab edirəm ki, artıq Avropa İttifaqı Şurası hər görüşdən əvvəl Ermənistanın bu tip ərköyünlük etməsinə, bu tip təxribatlar törətməsinə daha sərt reaksiya verməlidir”. Ekspert qeyd etdi ki, sülh müqaviləsinin imzalanması prosesinin uzanması Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı təxribatlarına səbəb ola bilər: “Əslində Qazaxın işğal altında olan kəndlərinin və Naxçıvanın Kərki kəndinin qaytarılmaması bu provakasiyanın hələ də davam etdiyini göstərir. Sülh nə qədər gecikəcəksə, bu, Ermənistanın vəziyyətini daha da gərginləşdirəcək”.

Politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Ermənistan ilk növbədə 10 noyabr Birgə Bəyannaməsinin bəndlərini yerinə yetirmir: “Həmçinin Rusiyada iki ildən artıqdır ki, 9-cu bəndlə, həmçinin Laçın dəhlizi ilə bağlı öhdəlikləri yerinə yetirmədi, konkret olaraq prosesə öz maraqları prizmasından yanaşdı. Laçın yolunda Ermənistanla Azərbaycan sərhədində Nəzarət Buraxılış Məntəqəsi qurulduqdan sonra, Ermənistan tərəfi də Zəngəzur dəhlizində NBM qurulacağını və nəzarətin Rusiya tərəfindən deyil, özləri tərəfindən həyata keçiriləcəyini vurğulayır. Belə bir prosesdə Rusiya və Ermənistan arasında siyasi gərginlik artır. Rusiya Laçın və Zəngəzur dəhlizinə nəzarət etsəydi, bu, hər iki ölkə üçün problem olardı. Azərbaycan bu problemi həll etdi və özü Laçın yolunda giriş-çıxışa nəzarət edir. Ermənistanın 9-cu bənddən çıxması artıq onun daxili işidir və Rusiyanı Zəngəzur dəhlizinə buraxmırsa, regional təhlükəsizlik üçün vacib prosesdir. Çox güman ki, təlimat Qərbdən verilib və bu, Rusiyanın Ermənistandan çıxarılmasının tərkib hissəsidir”. M.Əsədullazadə hesab edir ki, Rusiya və Ermənistan arasında yaşanan bu böhran Ermənistanın lehinə olacaq: “Azərbaycan da prinsipcə, Zəngəzur dəhlizində Rusiyanın olmasında maraqlı deyil. Baxmayaraq ki, Rusiya 10 noyabr Birgə Bəyannaməsinin imzalanmasında vasitəçidir. Amma Rusiyanın vasitəçiliyi gərginliyi saxlamağa və sülhün əldə edilməməsinə yönəlib. Ermənistanda anti-Rusiya isteriyası davam edəcək. Armen Qriqoryan məhz bu istiqamətdə iş aparır. Qarşıdakı dönəmdə Rusiya- Ermənistan arasındakı gərginlik daha kəskin mərhələyə keçəcək. Qriqoryan Azərbaycanın daxili işlərinə də qarışır. Qarabağ münaqişəsi bitib və müəyyən problemlər Azərbaycanın daxili işidir. Bəli, Ermənistan çalışır ki, Qarabağdakı erməni əhalisi ilə beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar platforması yaradılsın. Bu isə sülhə xidmət etmir. Fikirmcə, Ermənistan ABŞ-ın vasitəçiliyi və Azərbaycanın prinsipial mövqeyi nəticəsində geri çəkiləcək. İrəvan sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar prosesini pozmağa çalışsa da, buna nail olmayacaq. Regionda real güc Azərbaycandır və Türkiyə ilə koordinasiyalı fəaliyyət yeni bir nizam yaradıb. Nikol Paşinyan da bu reallıqla barışacaq. Ermənistanın çıxış yolu yoxdur və sülh qaçılmazdır”.

Ermənistan faktiki olaraq “odla su arasında” qalıb. Həm Azərbaycanın növbəti zərbələrindən xilas olmaq üçün yollar arayır, həm də zamanı uzadıb, daha “uyğun” şərtlər əsasında masaya qoyulacaq sülh müqaviləsini imzalamağa cəhd göstərir. Amma artıq ənənəvi oyunlar keçərli deyil...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.