Çin “möcüsəsinin” Azərbaycan dərsləri

19-06-2023, 10:13           
Çin “möcüsəsinin” Azərbaycan dərsləri
Çində 1970-ci illərin sonu, 80-ci illərin əvvəlində anladılar ki, kasıb, aqrar ölkə olsalar nə Honq Konqu, nə də Tayvanı özlərinə birləşdirib inteqrasiya etdirə bilməyəcəklər. Çünki, bu iki bölgədə etnik çinlilər yaşayırlar, onların Pekindən fərqi etnik-dini deyil də, iqtisadi və rifah halı idi. Çin “möcüzəsinin” əsasını, təməlini yaradanlar bu məsələni önə çəkib düşünməyə başladılar.
Təsəvvür edin ki, 1980-ci ildə Çinin ÜDM-i 195 mlrd. dollar, adambaşına düşən ÜDM isə cəmi 194 dollar (!!!) idi, həmin ildə Honq-Konqun ÜDM-i 36,1 mlrd. dollar, adambaşına düşən ÜDM isə 5700 dollar idi və həmin bölgənin Çinə qaytarılmasına cəmi 20 il qalmışdı (Britaniya ilə 1899-cu ildə bağlanmış 100 illik müqaviləyə görə).
2000-ci ildə Çinin ÜDM-i 1 trilyon 211 mlrd. dollar, adambaşına düşən ÜDM isə 959 dollar oldu, həmin il Hon Konqun ÜDM-i 171 mlrd. Dollar, adambaşına düşən ÜDM isə 25 min 756 dollar oldu. Çin 20 ildə (1980-2000) 5 dəfədən çox böyüsə də, tempin hələ də aşağı olduğunu anladılar və sürətli islahatları, iqtisadi azadlıqları, investisiya mühitinin cəlbediciliyini artırdılar. Daha 20 il keçdi, 2020-də Çinin ÜDM-i 14 trilyon 70 mlrd. dolara, adambaşına düşən ÜDM isə 10 min 408 dollara çatdı, həmin il Hon Konqun ÜDM-i 441 mlrd. dollara, adambaşına düşən pay isə 46 min 107 dollara çatdı. Yəni, 1980-ci ili götürsək, 40 ilə Çin ÜDM-i 72 dəfə, adambaşına düşən pay isə 53 dəfə artdı, Honk Konqda da artım olsa da, Çinin artım tempi fantastik həddə oldu ki, bu da iki iqtisadiyyat arasında fərqi azaltmağa və inteqrasiyanın daha ağrısız olmasına səbəb yaratdı.
İndi Çinin hədəfində Tayvandır, amma onlar Rusiya İmperiyası kimi köntöy, qaba davranmırlar, onlar iqtisadi olaraq Tayvana yaxınlaşanda inteqrasiya düyməsinə basacaqlar, 2022-ci ildə Çinin ÜDM-i artıq 18 trilyon dollara, adambaşına düşən pay isə 12505 dollara çatıb, amma Tayvanın göstəriciləri daha yüksəkdir – 2022-ci ildə Tayvanın ÜDM-i 775 mlrd. dollara bərəbər olub, adambaşına düşən ÜDM isə 69 min 151 dollardır. Yəni, Çin yaxın 10 ildə artım tempi ortalamasını saxlaya bilsə 2030-da adambaşına düşən ÜDM-i 20-25 min dollar arası olacaq, ölkənin ÜDM-i isə ABŞ ÜDM-i keçərək dünyada 1-ci yerdə qərarlaşacaq və məhz o zaman Tayvanı dinc yolla öz yuristiksiyasına qatacaq.
Rusiya Ukraynaya soxulanda, “rus dünyasını” ora süngülər üzərində gətirmək istəyəndə iqtisadi göstəricilərinə görə Ukraynadan fərqlənmirdi, hətta əksinə, regionların inkişafına, orta aylıq maaş, təqaüd göstəricilərinə Ukrayna daha öndə idi.
İndi gələk öz məsələmizə: Azərbaycanın ÜDM artım sürəti enerji sektoruna görə son 30 ildə ciddi və nəzərəçarpacaq artım göstərdi – 1993-cü ildə ölkəmizin ÜDM-i cəmi 1,5 mlrd. dollar idi, 2003-də 7,27 mlrd. dollar, 2022-də isə 80 mlrd. dollara yaxın oldu. Adambaşına düşən ÜDM 1993-də 209 dollar idisə, 2022-də 7819 dolara qalxdı. Bu qədər hər şey normal görünür, amma nüanslar var: 1993-Gürcüstanın ÜDM-i 2,7 mlrd. dollar idi (bəli, bizdən çox olub), adambaşına düşən ÜDM isə 549 dollar idi – 2022-də Gürcüstanın ÜDM-i 24,6 mlrd. dollar, adambaşına düşən pay isə 6671 dollar olub (burada larinin möhkəmlənməsi, dollar qarşısında bahalaşması da ciddi müsbət rol oynadı). Ermənistana gələndə 1993-cü ildə bu ölkənin ÜDM-i 1,2 mlrd. dollar, adambaşına düşən pay isə 347 dollar idi, 2022-də ÜDM-ləri 20,3 mlrd. dollar, adambaşına düşən pay isə 6569 dollar oldu.
Hələ ki, az da olsa qabaqdayıq, amma cəmi 15 il öncə Ermənistanda adambaşına düşən ÜDM 3900 dollar idisə, Azərbaycanda 5574 dollar idi – yəni, bizim ÜDM artımı, adambaşına düşən payın artım sürəti zəifləyib, bu ciddi məsələ, düşünülməli siqnaldır. Bizim resursları və iqtisadi potensialı nəzərə alsaq, indi bizdə adambaşına düşən ÜDM Ermənistan və Gürcüstandan azı 2-3 dəfə artıq olmalı idi və biz buna çalışmalıyıq - əgər Cənubi Qafqazın iqtisadi və siyasi mərkəzi olmaq, gələcəkdə “yumşaq güclə” Cənubi Qafqazın iqtisadi-siyasi hegamonuna çevrilmək istəyiriksə təcili institutsional islahatlara başlamalı, iqtisadiyyatımızın fəlsəfəsini, struktirunu, “oyun qaydalarını” dəyişməliyik. 2030-da Azərbaycanda adambaşına düşən üdm 12-13 min dollar olsa, bu bölgənin iqtisadi cazibə mərkəzi və Cənubi Qafqazda iqtisadi oyun qaydalarını diktə edən biz olacağıq və bu həm də Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya prosesinə də güclü dəstək olacaq...
Natiq Cəfərli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.