CM-nə daxil edilmiş yeni 314-4-cü maddəsi hansı ziddiyyətləri ortaya qoyur? - Cəza siyasətinin humanistləşdirilməsi, yoxsa sərtləşdirilməsi...

19-06-2023, 08:42           
CM-nə daxil edilmiş yeni 314-4-cü maddəsi hansı ziddiyyətləri ortaya qoyur? - Cəza siyasətinin humanistləşdirilməsi, yoxsa sərtləşdirilməsi...
CM-nə daxil edilmiş yeni 314-4-cü maddəsi hansı ziddiyyətləri ortaya qoyur?
Milli Məclisdə Cinayət Məcəlləsinə edilmiş son dəyişiklik, yəni 314-4-cü maddənin qəbul edilməsi ölkə Prezidentinin təşəbbüsü ilə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə edilmiş mühüm dəyişikliklərlə daban-dabana ziddir.

Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə tikinti obyektləri ifadəsinə aydınlıq gətirilməsinə ehtiyyac vardır. “Şəhərsalma və tikinti Məcəlləsi”nin 3.0.10-cu maddəsinə görə “tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular” hesab olunur.

Həmin Məcəllənin 3.0.12-ci maddəsinə görə qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə) nəzərdə tutulub.

Hesab edirəm ki, Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinə daxil edilmiş yeni 314-4-cü maddəsinə Şəhərsalma və tikinti Məcəlləsinin 3.0.10 və 3.0.12-cimaddələri, eləcə də Cinayət 177-ci maddəsi, xüsusilə də 177.2.3-2 maddəsi baxımından şərh verməlidir. Əks halda, bu yeni maddə çoxsaylı sui-istifadə halları üçün geniş “şərait” yarada bilər.

Tikinti fəaliyyəti prosesində yaradılmış bina və ya qurğu dedikdə burada hər hansı bir tikili cinayət qanununun yeni maddəsinə tuş gələ bilər.

Belə bir yanaşma isə cinayətlərin dekriminallaşması, cəza siyasətinin humanistləşdirilməsi sahəsində dövlət başçısının əvvəlki siyasəti ilə uzlaşmır. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirilməli və Cinayət Məcəlləsinə edilmiş yeni 314-4-cü maddəsinə yenidən baxılmalıdır. Çünki mövcud reallıq və Cinayət Məcəlləsinin digər maddələri bunu tələb edir. Belə ki, 314-4-cü maddədə nəzərdə tutulan əməllər əslində oğurluq cinayət əməlini, yəni yəni özgənin əmlakını gizli olaraq talamanı özündə ehtiva edir. Bu əməl də Cinayət Məcəlləsinin 177-ci maddəsində, araşdırdığımız məsələ xüsusunda isə 177.2.3-2-ci maddəsində təsbit edilmişdir. Bu mənada Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə 314-4 maddəsi arasında həm ziddiyyət, həm də təkrarçılıq vardır. Çünki mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulma əslində oğurluq deməkdir. Yəni bu mənada əslində 314-4 maddəsinin qəbul edilməsinə heç ehtiyyac da yox idi.

Bundan başqa, burada ziddiyyət doğuran digər məqam həm də ondan ibarətdir ki, mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmuş şəxs əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan aşağı ziyan vurubsa, cinayət qanununa görə məsuliyyət yaranmır. Belə ki, cinayət məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Bu maddələrə nəzərən demək olar ki, mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmuş şəxs tutaq ki, su və ya qaz və ya elektrik xətlərinin sahibinə 80 manatlıq ziyan vurub, yəni 80 manatlıq elektrik enerjisi oğurlayıb. Belə olan halda, biz nəyə görə o şəxsi cinayət məsuliyyətinə cəlb etməliyik? Əks yanaşma, Cinayət Qanunun fəlsəfəsinə ziddir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Cinayət Məcəlləsinə daxil edilmiş yeni 314-4-cü maddəsi 177.2.3-2-ci maddəsi baxımından həm təkrarçılıqdır, həm də 177.2.3-2-ci maddəsinin özü ilə ziddiyyət təşkil edir. Yəni kommunikasiya xətlərinə yenicə qanunsuz qoşulmuş və bu zaman 100 manatdan aşağı miqdarda ziyan vurmuş və ya oğurluq etmiş şəxsi cinayət məsuliyyətinə cəlb etmək Cinayət Qanununun digər maddələri ilə ziddiyyət təşkil edir. Bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Yaxşı olardı ki, bu məsələyə maraqlı dövlət qurumları münasibətlərini bildirsinlər.

Rahim Axundov
müstəqil ekspert //gununsesi.info//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.