Azərbaycan Rusiyanın adamını Ukraynaya verəcək? - AKTUAL

19-06-2023, 18:36           
Ukrayna Ruben Vardanyanın ardından Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı da sanksiya tətbiq edib.

Baş nazir “Sülhməramlı” Mərkəzin (Миротворец) sanksiya bazasına daxil edilib.

Paşinyanın “Ukraynaya qarşı humanitar təcavüz aktlarında iştirakı” və “Rusiya təcavüzünə açıq bəraət qazandırması”nın bu qərara səbəb olduğu açıqlanıb.

Bir müddət öncə Ruben Vardanyanı “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxslər siyahısına əlavə edərək beynəlxalq axtarışa verib.

Ümumiyyətlə, Ukraynanın bu addımlarından sonra nələr baş verəcək?

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistanın sərgilədiyi münasibət və hərəkətlər artıq Ukraynanı uzun müddətdir qıcıqlandırırdı:

“Ukrayna rəsmiləri konfranslarda və tədbirlərdə bununla bağlı öz narahıtlıqlarını bildirirlər. Son zamanlarda isə rəsmi Kiyev həm cinayətkar və avantürist Ruben Vardanyan, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sanksiya tətbiq edib.

Ümumiyyətlə, Ermənistan dövlət kimi yarandığı və ondan qabaqkı zamanlarda həmişə böyük dövlətlərin və xalqların daxilinə sığınaraq xəyanət yolu tutmuşdular. Onlar yaşadıqları ərazidə cürbəcür imtiyazlar qazansalar da, sonda həmişə onlara dəstək və sığınacaq verən dövlətlərə və xalqlara xəyanət edib.

Rusiya-Ukrayna müharibəsində isə Ermənistan rəsmi Moskvaya açıq dəstək verib. Sanksiyaya düşmüş rus şirkətlərini Ermənistanda qeydiyyatdan keçiriblər, öz ərazilərindən üçüncü ölkələrə satışlar keçirib, bunu gizlətməyə çalışıblar.

Amma bunların hamısı aşkar şəkildə ortaya çıxıb və Ukrayna kəşfiyyatı da bütün bunlardan məlumatlı olduğunu bildirib. Buna görə də Vardanyan və Paşinyana qarşı tətbiq olunan sanksiya siyahısının uzadılacağına da əminəm”.

Millət vəkili düşünür ki, bu hərəkətlə Ermənistanın terrorçu xisləti və xəyanət xarakteri bütün dünyaya aydın olacaq:

“Biz ABŞ, Böyük Britaniya və digər dövlətlərdən, NATO-dan, böyük beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiya tətbiq olunmasını gözləyirik.

Bunun baş verməməsi səthi yanaşma və terrorçuya dəstək anlayışına gəlməyə səbəb olacaq. Ona görə də böyük dövlətlər və təşkilatlar Ermənistan hakimiyyətinə, hərbi və digər şəxslərinə sanksiyalar tətbiq etməlidirlər.

Bununla da bütün dünya görməlidir ki, Ermənistan hansı fəaliyyətlər və əməllər törədir. Amma biz bunu Azərbaycanla bağlı münasibətdə görmədik. 30 ilə yaxın torpaqlarımızı işğal etdilər, terror törətdilər və cürbəcür vasitələrlə işğalı əbədi saxlamaq istədilər. Lakin Azərbaycanın gücü, Ali Baş Komandanın qətiyyəti və şanlı Ordumuzun qəhrəmanlığı ermənilərin xəyallarını puç etdi. Bu gün Azərbaycan xalqı dünyanın ən qürurlu xalqı kimi yaşayır.

Ermənistan isə öz əməlləri ilə insanlığa, bəşəriyyətə qarşı hörmətsizliyi ilə dünyada məşhurlaşır. Düşünürük ki, bu sanksiyaların tətbiq olunması bir çox mətləblərin üstünü açacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.