Çində Rusiyanın hərbi nüfuzunun məhv edildiyini düşünürlər

20-06-2023, 08:04           
Çində Rusiyanın hərbi nüfuzunun məhv edildiyini düşünürlər
Kremlin son 10 ildə 20 trilyon rubl (hazırki məzənnə ilə 239 mlrd dollar-red.) xərclədiyi və dünyada "ikinci ən güclü” ordu kimi tanınan Rusiya ordusu gözləniləndən xeyli zəif çıxdı.

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal"a görə, bu qiymətləndirməni Çin Xalq Azadlıq Ordusunun yüksək rütbəli polkovniki, bu yaxınlarda təqaüdə çıxmış Çjou Bo edib.

"Rusiyanın hərbi imici və nüfuzu çöküb”, deyə hazırda Pekindəki Tsinhua universitetində baş elmi işçi olan Çjou bildirib.

Çjounun sözlərinə görə, Rusiyanın hərbi planları reallıqdan uzaq olub. "Bu, onların gözləmədiyi müharibəyə çevrildi” deyən çinli hərbi mütəxəssis Rusiya üçün vəziyyətin "çətin” olduğunu əlavə edib:

"Prezident Putin müharibəni uduzmağı gözə ala bilməz. Bu insanların niyə öldüyünü başqa necə izah edə bilər? Bütün bunları əsaslandırmaq üçün ona nəsə lazımdır”.

Onun fikrincə, problemlərə baxmayaraq, cəbhədəki Rusiya qüvvələri üçün vəziyyət ümidsiz deyil. Çjou hesab edir ki, Putin hələ də daha çox insan gücünə və daxili dəstəyə malikdir, eyni zamanda Qərbin Kiyevi silahla təmin etmək istəyi sonsuz olmaya bilər.

"Müharibə uzanarsa, Qərbin dəstəyi necə davam edəcək?" deyə o soruşur.

Yüksək rütbəli Qərb rəsmiləri "The Wall Street Journal"a bildiriblər ki, Çin ordusu Si Szinpinin Tayvanı ilhaq etmək arzusunu və iki ölkənin hərbi doktrinalarının tarixi yaxınlığını nəzərə alaraq, Rusiyanın Ukraynadakı təcrübəsini yaxından öyrənir.

Rəsmilər deyirlər ki, Pekinin öyrəndiyi strateji dərslərdən biri Putinin çox az qüvvə ilə işğala başlamaqla özünü uğursuzluğa məhkum etməsidir: Rusiya prezidenti Ukraynanın dərhal təslim olacağını gözləyirdi, lakin şiddətli müqavimətlə üzləşdi.

"Bu o deməkdir ki, Çin Tayvana qarşı hərbi əməliyyata qərar verərsə, onu kütləvi şok zərbəsi ilə başlayacaq, daha böyük qüvvələr hazırlayacaq və bəlkə də nüvə təhlükələrindən istifadə edəcək", deyə WSJ mənbələri hesab edir.

Çjounun sözlərinə görə, Çin ordusu Rusiyanın Ukraynadakı uğursuzluqlarından dərs alıb. Taktiki səviyyədə bunlar ondan ibarətdir ki, Çin Xalq Azadlıq Ordusu kommunikasiyanın səviyyəsini və təhlükəsizliyini təkmilləşdirməli, daha dəqiq idarə olunan raketlərə və dronlara sahib olmalıdır. WSJ qeyd edir ki, bununla belə, Pekində artıq bu tipdə Rusiya Federasiyasının silahlarından xeyli artıq miqdarda silahlar var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.