15 illik “məmur səddi"ni aşa bilməyən sənəd - AXI NİYƏ?!

23-06-2023, 12:48           
15 illik “məmur səddi"ni aşa bilməyən sənəd - AXI NİYƏ?!
“Azərbaycanda qeyri-enerji sektorunda məhsuldarlığı artırmaq üçün maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, özəl sektor üçün bacarıqlı insan resurslarına çıxışın artırılması və iqtisadiyyatda rəqabət üçün mühitin yaxşılaşdırılması kimi 3 islahat həyata keçirilməlidir”.

Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə böyük iqtisadçısı Arvind Nair bildirib. O əlavə edib ki, ölkədə iqtisadi artıma nail olunması üçün sürətli islahatların keçirilməsi vacibdir:

“Biz bu yaxınlarda Azərbaycan üzrə çox geniş iqtisadi təhlilimizi yekunlaşdırmışdıq. Onun adı “Azərbaycan üzrə iqtisadi memorandum” idi və bu hesabatda belə bir fakt vurğulanırdı ki, Azərbaycan zəruri islahatları aparsa, 2050-ci ilə qədər adambaşına gəliri indikindən 40 % artıq ola bilər. Bunu üçün isə müəyyən tədbirlərin görülməsi vacibdir. Ən vacibi özəl sektoru Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirməkdir. Özəl sektorun isə bu rola sahib olması üçün iqtisadiyyatda məhsuldarlığın artırılması vacibdir".

Qeyd edək ki, Dünya Bankının adıçəkilən 3 tövsiyəsi içərisində yer alan- rəqabət mühitinin yaxşılaşdırılması, digər problemlərin həlllində ən önəmli amildir. Yəni bu gün rəqabət mühitinin olmaması bir çox sahələrin, sahibkarlıq fəaliyyətinin inkişafında əsas maneədir. Rəqabət olmayan yerdə insan kapitalı neynəyəcək?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”-ə bildirib ki, insan onun yaşadığı şəraitə uyğunlaşır:

“Psixoloqlar, bioloqlar deyirlər ki, insan beyni çətinliklərə uyğunlaşır. Buna görə də ola bilər ki, insan savadlı, güclü ola bilər, ancaq xaricdə oxuyub gəlsə də, yerli şərait, rəqabət yoxdursa, o, heç nə edə bilmir. Bizdə hazırda çox sayda xaricdə oxuyub gələb savadlı gənclər var ki, gəldikdən sonra özlərini özəl sektorda tapa bilmirlər. Görürlər ki, özəl sektorda sağlam rəqabət yoxdur. Ona görə də gedib dövlət orqanlarında işləyirlər.

Burada bəziləri istisna olmaqla rüşvətxor olurlar. Azərbaycan xalqı dünyanın ən işgüzar, əməksevər xalqlarından biridir. Hətta bunu qonşularımız da deyirlər. Məsələn, Gürcüstanın eks- prezidenti Saakaşvili də müsahibəsində demişdi ki, Gürcüstan azərbaycanlıları ən zəhmətkeş insanlardır.

Bizim insanlar işləyib, pul qazanmağı yaxşı bacarır. Bunun özü də insan kapitalıdır. Ancaq şərait yoxdur deyə, məsələn, Niderland, İsraillə müqayisə etsək, onların ümumi daxili məhsul ilə müqayisədə bizdə ÜDM dəfələrlə çoxdur. Hətta bizdə neft də var, onlarda yoxdur. Sadəcə bizdə sağlam rəqabət mühiti yoxdur”.

Ekspert deyir ki, əslində Dünya Bankı və digər beynəlxalq təşkilatlar Azərbaycanda son 20 ildə çox sayda qrant layihələri keçiriblər:

“Onların heç olmasa birinin də xeyrini görmüşük? Fərqi yoxdur ki, onu dövlətə, yaxud QHT-lərə verir. Bu, pul yeməkdən başqa heç nə deyil. Çünki onlar da heç düzgün planlaşdırmır, istiqamətləndirmirlər. Məndə belə bir təəssürat yaranır ki, onlar bizdə iqtisadi inkişafın olmasını istəmirlər. Eyni zamanda, niyə kənardakılar bizim ölkənin inkişafını bizdən çox istəsinlər? Yəni biz istəməliyik.

Bu ilin əvvəlində həm parlament rəhbərliyi, həm də İqtisadi İnkişaf Nazirliyi bildirmişdi ki, yaz sessiyasında Rəqabət Məcəlləsi qəbul olunacaq. Artıq yaz sessiyası bitdi və Məcəllədən xəbər yoxdur. 15 ildən çoxdur ki, qəbul etmirlər. Çünki konkret məmurların, bəzi dövlət orqanlarına yaxın şirkətlərin marağında deyil. Ona görə də Azərbaycanda sağlam rəqabət mühiti yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.