Üç rayonda baş verənlər: icra hakimiyyətlərinin ləğvi yenə gündəmdə - NƏ BAŞ VERİR?

23-06-2023, 12:45           
Üç rayonda baş verənlər: icra hakimiyyətlərinin ləğvi yenə gündəmdə -
Son günlər ölkənin üç müxtəlif rayonunda baş verən olaylar diqqəti yenidən icra başçılarına yönəldib. Qaradağda qazinin öz maşınına icra hakimiyyəti binasının qarşısında od vurması, Naftalanda qazinin özünü yenə də icra hakimiyyəti ilə aralarında olan narazılıq səbəbindən yandırması, nəhayət, Gədəbəydəki məlum olaylar yerli idarəetmədəki problemlərdən qaynaqlanır.

Uzun illərdir ki, icra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, bəzi icra başçılarının özbaşınalığı hətta bir çoxunun həbsi ilə nəticələndi. Görünən odur ki, bu struktur dövrün tələblərinə uyğun gəlmir. Bütün bunların fonunda icra hakimiyyəti strukturunun tədricən ləğv olunacağı barədə fikirlər dolaşır. İddialara görə, bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə icra hakimiyyətləri və icra başçıları olmayacaq.

Yada salaq ki, hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, yeni idarəetmə modeli çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir. Dövlət başçısının son açıqlaması da bu barədə qəti qərarların yaxınlaşdığını göstərir.

Bu ilin mart ayında Prezident İlham Əliyev ölkədə yerli idarəetmə sistemində (icra hakimiyyətləri stukturunda) dəyişikliklər olacağı haqda anons edib. Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu barədə danışıb. “Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur”.

Ekspertlərə görə də artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir. Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda səlahiyyətli nümayəndəlik idarəetmə üsulunun tətbiq edildiyi rayonlarda müsbət işlərin şahidiyik. Bu idarəetmə üsulu özünü doğruldur. Ona görə də bütün Azərbaycan ərazisində bu, həyata keçirilməlidir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov dedi ki, son bir neçə ildə yerli icra hakimiyyəti başçılarının vəzifədən kənarlaşdırılması, bəzilərinin hətta həbs olunması artıq bu idarəçilik üsulunun köhnəldiyinə və onun müasir tələblərə cavab verən yeni idarəçilik üsulları ilə əvəzlənməsinin vaxtının çatdığını göstərir: "Cəmiyyətdə bir müddət fəaliyyət göstərdikdən sonra vəzifəsindən kənarlaşdırılmış və ya həbs edilmiş yerli icra hakimiyyəti başçılarının təyinatı ilə bağlı tənqidi fikirlər səslənir. Ancaq bu zaman kadrların seçilməsi qədər mürəkkəb bir məsələnin həllində istənilən səviyyədə və istənilən ölkədə xətaların baş verməsinin təbiiliyi unudulur. Məsələ üzdə göründüyündən çox-çox dərin və mürəkkəbdir. Mən dövlət idarəçilik məktəbində yetərincə təcrübəsi olan biri kimi, kadr seçiminin nə qədər çətin və mürəkkəb bir iş olduğunu çox yaxşı bilirəm. Bir vəzifəyə təyinat üçün seçdiyi insanın iç dünyasını görmək hələ heç kimə müyəssər olmayıb. Sən tanıdığın birini və ya inandığın birinin təqdim etdiyi kadrı vəzifəyə təyin edirsən. Lakin təyin etdiyin insanın biliyinin, bacarığının, peşəkarlığının hansı səviyyədə olmasından asılı olmayaraq, onun düşüncələrində nələrin dolaşdığını müəyyən edə bilmirsən. Təyinat almış belələrinin “iç üzü” bir qədər fəaliyyətdən sonra ortaya çıxır. Bəzən sənə yüksək vəzifəyə təyin etdiyin adamın bəd əməllərindən məlumatlar daxil olduqda belə onu vəzifədən dərhal uzaqlaşdırmaq haqqında qərar qəbul etmək istəmirsən. Çünki inandığın birini və ya etibar etdiyin birinin təqdim etdiyi namizədi bu vəzifəyə təyin etmisən.

Vəzifəyə təyinat almış birinin əməlləri sağlam deyilsə, tutduğu yol yanlışdırsa, bu, gec-tez ortaya çıxır. Bax onda artıq qərar qəbul edirsən. Bu səbəbdən də hər kəs anlamalıdır ki, özünü doğrultmayan kadrlara görə kimisə ittiham etmək nə qədər asandırsa, kadrları seçib vəzifəyə təyin etmək bir o qədər çətindir. Dediklərimizin davamı olaraq - hansı ölkədə, hansı hökumətdə kadr təyinatında yanlışlığa yol verilmir? Bu problem inkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində tarix boyu olub, var və olacaq. Bu gün hakimiyyəti belə kadrların təyinatına görə ittiham edənlərin yadına isə Xalq Cəbhəsi hakimiyyətinin bir illik dövründə kadrların təyinatı sahəsində yol verilmiş böyük yanlışları salmaq istəyirəm. Bu tarix çox da uzaqda deyil. Adi sürücünü Bakı şəhər rayonlarından birinə icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etmiş kəslərin indiki hakimiyyətin kadr siyasətini tənqid etməyə mənəvi haqqı yoxdur.

Zamanla bütün problemlərin, o cümlədən yerli idarəçilikdə mövcud olan və artıq yetişmiş problemlərin həlli baş tutacaqdır".

Sabiq nazir icra başçılarını “top atəşi”nə tutdu: “Ölkənin rayonlarında mövcud idarəçilikdə son illər ərzində müşahidə olunan ən ciddi nöqsanlardan biri və birincisi yerli icra hakimiyyəti başçılarının vətəndaşların qaldırdıqları problemlərin həllinə ya tam biganə olmaları, ya da onların həllinə formal yanaşmalarıdır. Yerdə hər hansı bir rəhbər vətəndaşların problemlərinin həllinə ürəkdən yanaşarsa, bu insanlarda ona və hakimiyyətə qarşı böyük bir sevgi yaradacaq. Lakin təəssüf ki, bir çox yerli icra hakimiyyəti başçıları yerlərdə özlərini o yerin ağası, sahibi kimi aparır və insanların problemlərinin həllini arxa plana keçirirlər. İş o yerə çatır ki, icra başçısı vətəndaşların gözü qarşısında rüşvət və korrupsiya əməllərinə qurşanır, özləri üçün hər formada dəbdəbəli həyat tərzi qururlar. Belələri bu cür əməllərlə tək özlərini deyil, bütövlükdə hakimiyyəti nüfuzdan salırlar.

Bu gün dünya dəyişsə də köhnə, paslanmış mentalla yaşayıb, tutduğu vəzifədə “qaz vurub, qazan doldurmaq istəyən” icra hakimiyyəti başçıları başa düşmək istəmirlər ki, onların hər bir hərəkəti cəmiyyət tərəfindən aydın bir şəkildə izlənir. Təəssüf ki, çoxları bunun belə olduğunu başa düşsələr də, bəd əməllərindən əl çəkmək istəmirlər. Bu artıq tamah da deyil, xəstəlikdir. Ölkə Prezidenti son bir neçə ildə belə “xəstə” icra başçılarının barəsində ən sərt tədbirləri gördü. Lakin görünən budur ki, sərt tədbirlərlə yanaşı, yerlərdə yeni idarəçilik üsullarının tətbiqinin vaxtı çatıb.

Regionlarda idarəçiliyin nümayəndəlik forması daha çevik və daha səmərəli bir üsul hesab olunmalıdır. Artıq bu sahədə yaxşı təcrübə var. Bu gün ölkədə ümumilikdə 92 icra hakimiyyəti (14 respublika tabeliyində olan şəhər, 66 kənd və 12 Bakı şəhər rayonlarının icra hakimiyyətləri) fəaliyyət göstərir. Bu, 10 milyon əhalisi, 82,6 milyon kvadrat kilometr ərazisi olan bir ölkə üçün çox böyük bir yerli idarəçilik aparatıdır. Belə çoxluğun özünün də idarə olunmasında problemlər yaranır. O səbəbdən idarəçiliyin yeni formasının tətbiqi bu qədər nəhəng və bürokratik idarəçilik sistemini sadələşdirməli və bununla da ölkənin hər bir bölgəsində baş verən bütün proseslərə ölkə rəhbərinin bilavasitə nəzarəti bərqərar olunmalıdır. Bu gün yerlərdə baş qaldıran hər hansı ən kiçik problemin operativ həlli belə idarəçiliyin tətbiqi ilə mümkün olacaq. Nəticə etibarilə yerlərdə vətəndaşlarımız da bir çox bürokratik əngəllərin aradan qalxmasının şahidi ola biləcəklər".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.